Əvvəla onu qeyd etmək istərdim ki, Azərbaycanda bir çox məşhur soyadlar anadan olub. 1825-ci ildən Dərələyəz – Şahsuvarlı obasına Şahsuvar bəy təyin edilir. “1827-ci ildə Mehdiqulu xan Rusiya tərəfə keçəndə Şahsuvar bəyin obasını da Qarabağa gətirib, Qaraçovlu mahalının Hacısamanlı nahiyəsinin Minkənd ərazisində yerləşdirdi. Beləliklə, Şahsuvar bəy həyat yoldaşı Pəri xanımla burada yaşamağa başladılar”.
Belə bir soyadın iki gənci Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarı ilə Vətənin və millətin gələcəyi naminə Avropaya ali təhsil almağa göndərilib. Şahsuvarov Mürsəl Adilxan oğlu və Şahsuvarov Surxay Əzim oğlu. Eyni ildə, eyni gündə (bir ay fərqilə), eyni obada dünyaya göz açan Şahsuvarovlar sonra da eyni acı taleyin qurbanı olublar.
Mürsəl Adilxan oğlu Şahsuvarov 1900-cü il iyun ayının 19-da Zəngəzur qəzasının Minkənd kəndində anadan olub.
Surxay Əzim oğlu Şahsuvarov 1900-cü il iyul ayının 19-da Zəngəzur qəzasının Minkənd kəndində anadan olub. Eyni gündə və eyni ildə Almaniyaya ali təhsil almağ üçün yola düşüblər. Və hər ikisi Vətənə qayıtdıqdan sonra “Xalq düşməni” kimi həbs edilərək uzaq Sibrə göndərilib.
Bu gün onlardan biri Şahsuvarov Mürsəl Adilxan oğlu haqqında oxucuma söz açmaq istərdim (Növbəti saylarımızdan birində də Surxay Əzim oğlu Şahsuvarov haqqında məlumat verəcəyik).
Mürsəl Şahsuvarovun kimliyi haqqında bəhs etməzdən əvvəl bir faktı qeyd etmək yerinə düşər. Cümhuriyyət tələbələri haqqında yazdığım məqalələrimdən birində qeyd etmişdim ki, Sovet Rusiyası Azərbaycanı işğal etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Avropaya ali təhsil almaq üçün göndərdiyi tələbələrin təqaüdünü və təhsil haqqını kəsən Şura hökuməti onları çox pis vəziyyətdə qoyur. Bir neçə dəfə Nəriman Nərimanov bu işə qarışaraq təqaüdləri və təhsil haqqlarının verilməsini təmin etsə də Nəriman Nərimanovun ölümündən sonra tələbələr yenə də çıxılmaz vəziyyətə düşürlər.
Arxiv sənədlərindən belə məlum olur ki, 1924-1925-ci illərdə Azərbaycan K(b) P Mərkəzi Komitəsi Rəyasət Heyəti “Xarici ölkələrin ali məktəblərində təhsil alan Azərbaycan tələbələri haqqında” məsələ müzakirə edib. Belə müzakirələrdən biri də 1925-ci ildə Azərbaycan K(b) P MK katibi Sergey Mironoviç Kirovun rəhbərliyi ilə keçirilib. M.Kirov xaricdə kənd təsərrüfatı və maşınqayırma ixtisasları üzrə təhsil alanlara təqaüd verməyi məsləhət görüb. Bu məsləhətdən sonra Azərbaycan K (b) P MK-nın katiblərindən biri olan Ruhulla Axundovun və Azərbaycan SSR Xalq Maarif naziri Mustafa Quliyevin hazırladığı 40 nəfər tələbənin siyahısına xoşbəxtlikdənmi ya “təsadüfənmi” tibb üzrə təhsil alan Mürsəl Şahsuvarovun da adı düşür.
Mürsəl Adilxan (bəzi mənbələrdə Ədilxan da yazılır) oğlu Şahsuvarov 1900-cü ildə qızmar bir yay günündə Zəngəzur rayonunun Minkənd kəndində anadan olub.
İlk olaraq dini təhsilə yiyələnən Mürsəl sonra Gəncədə oxuyub. Gəncədə təhsilini başa vurduqdan sonra 1913-cü ildə üz tutur Tiflisə. Burada I Aleksandırın adını daşıyan gimnaziyaya daxil olan Mürsəl 1918-ci ilin fevralında gimnaziya təhsilini başa vuraraq Vətənə qayıdır.
Tiflis təhsili də Mürsəlin ürəyincə olmur. Onun arzusu daha mükəmməl tibb təhsili almaq idi. Ona görə də 1919-cu il noyabrın 23-də Azərbaycan Respublikası Xalq Maarif nazirliyinə ərizə ilə müraciət edir: “Sizdən xahiş edirəm ki, məni Almaniyaya Tibb İnstitutuna daxil olmaq üçün hökumət hesabına ezam edəsiniz”.
Parlament Mürsəlin arzusunu reallaşdırmaq üçün onu Almaniyaya tibb təhsili almağa göndərir. Mürsəl Almaniyada Münhen Universitetinin tibb fakültəsini əla qiymətlərlə başa vurduğu üçün onu alman həmkarları Hamburq şəhərində ixtisasına uyğun işlə təmin edirlər. Gənc həkim tibbin daha dərinliklərinə baş vurmaq üçün gecə-gündüz çalışır. Tropik Xəstəliklər İnstitutunda elmi təcrübələr aparan Mürsəl burada dissertasiya müdafiə edərək tibb elmləri doktoru kimi şərəfli ada layiq olur.
Mürsəl bu illərdə ailə həyatı da qurur. Yaşadığı Hamburqda qəlbinə məlhəm bildiyi Marqarita adlı bir alman qızı ilə evlənir. Burada Mürsəlin ailə və iş həyatı nə qədər xoş keçsə də Vətən həsrəti, əzizlərindən uzaq düşməsi onu bir an belə rahat buraxmır. Odur ki, Vətən sevgisi hər şeyə qalib gəlir. Otuzuncu illərin əvvəllərində Mürsəl xanımı və Hüqo ilə (Hüqo Mürsəlin baldızı oğlu idi) min bir arzu-istəklə üz tutur Vətənə. Vətəndə o zaman Mürsəl kimi kadrlara hava-su kimi ehtiyac olmasına baxmayaraq, hökumət onu “Cümhuriyyət tələbəsi” və Cümhuriyyətin liderlərindən olan, Maarif və Dini etiqad naziri Nurməmməd Şahsuvarovun qardaşı olduğu üçün qəbul edə bilmir (Nurməmməd Şahsuvarov haqqında növbəti saylarımızdan birində geniş məlumat verəcəyəm) .
Təqiblər, təziqlər başlanır. Nəhayət 1937-ci ilin yay axşamı – gecənin bir vədəsi Mürsəl Şahsuvarovun evinə İblis xislətlilər soxulur. Evdə yoxlama apararaq (bu zaman həkimin bir çox sənədləri ilə yanaşı Münhen Universitetini bitirməsi haqqında olan diplomunu da oğurlayırlar), onu həbs edərək on il müddətinə gedər-gəlməzə Sibirə sürgün edirlər (Həbsdən bir neçə gün əvvəl hadisələrin gedişatını görən Mürsəl, Hüqo ilə Marqaritanı Almaniyaya yola salaraq bu İblis xislətlilərin əlindən qurtara bilir).
Əzablı, dəhşətli sürgün “həyatını” başa vuran Mürsəl həkim yenə də Vətənə qayıdır. Amma bu dəfə dirikən “ölü”, nə sağlamlığı qalmışdı, nə də arzuları. Sovet hökuməti Mürsəlin bütün arzularını, istəklərini, sevgisini məhv etmişdi. Yenidən Mürsəl həkimin qara günləri başlayır. Bu dəfə diplomu tapılmayan “xalq düşməni”nə heç yerdə iş də tapılmır.
Mürsəl məktubla Almaniyaya tələbə dostu professor Hans Fodelə məktubla müraciət edərək, ali məktəb diplomunun surətini çıxardaraq Bakıya göndərməsini xahiş edir. Köhnə dost Mürsəlin bu istəyini yerinə yetirməklə yanaşı məktubunun içinə Marqaritanın məktubunu da qoyaraq Mürsələ göndərir.
Amma yenə də “soydaşları” köhnə “xalq düşməni”ni işə götürməyə tərəddüd edirlər. Bu zaman Şəfiqə Əfəndizadənin (Şəfiqə xanım dövrünün tanınmış jurnalisti, publisisti, pedaqoqu olub. Onun haqqında “Kaspi” qəzeti 15 sentyabr 2015-ci il tarixində xüsusi nömrə buraxıb) oğlu tanınmış həkim Fuad Əfəndiyev cəsarətli çıxır. Mürsəli rəhbərlik etdiyi Bakı şəhər 4 saylı Klinik xəstəxanaya işə götürür (Sonralar bu xəstəxana Fuad Əfəndiyevin adını daşısa da xalq arasında “kəndçi balnitsası” kimi adlandırılırdı).
Mürsəl həkim diplomunun sürətini Almaniyadan gətirilməsinə nail olsa da ömür-gün yoldaşının yenidən Bakıya gətirilməsinə nail ola bilmir. Çünki hökumət belə istəyirdi. Nə özü gedə bilir, nə də ailəsini bura gətirə bilir. Hər şeydən əli üzülən, əlacı kəsilən Mürsəl həkim Vətəndə “yaşamağa” məhkum edilir və 1971-ci ildə dünyasını dəyişir. Əslində Mürsəl həkim otuzuncu illərdə min bir arzu ilə Vətənə gəldiyi gündən dirikən ölü idi. Bax, bu idi Şura hökumətinin Azərbaycana, onun minlərlə istedadlı, savadlı gənclərinə bəxş etdiyi “xoşbəxtlik”.
Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist