AMEA-nın Tarix İnstitutunda “Heydər Əliyev-100: Müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda konfrans keçirilib.
Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.
Konfransı giriş sözü ilə açan Tarix İnstitutunun icraçı direktoru tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. “Heydər Əliyev İli” çərçivəsində respublikamızda və ölkə xaricində müxtəlif tədbirlər keçirilir. İ.Niftəliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı, tərəqqisi, doğma xalqının xoşbəxtliyi və firavanlığı uğrunda mübarizəsinə həsr edilmiş həyat yoluna nəzər salaraq qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Sonra tarix elmləri doktoru Ədalət Şükürov “Heydər Əliyev-100: Müasir Azərbaycan dövlətinin banisi və memarı” adlı məruzə ilə çıxış edərək bildirib ki, XX əsr Azərbaycan tarixinin yetirdiyi ən parlaq və nadir şəxsiyyətlərindən biri olan Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və rolu vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin Heydər Əliyev ili elan edilməsi barədə 29 sentyabr 2022-ci il tarixli sərəncamında qeyd edildiyi kimi Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Daha sonra tarix üzrə fəlsəfə doktoru Leyla Hüseynova “Heydər Əliyev və Azərbaycançılıq ideyası” adlı məruzə ilə çıxış edib. Məruzəçi ideologiyanın dövlət quruculuğunda rolunu qeyd edərək, Ümummilli Lider Heydər Əliyevin vahid xalq düsturunu təhlil edib. Xalqımızın Atatürkü adlanan Heydər Əliyevin azərbaycançılıq ideologiyasını Atatürkün milliyyətçilik ideologiyası ilə müqayisə edən L.Hüseynova xalqın tolerant duruşunda ideologiyanın əsas prinsiplərinin rolunu vurğuladı.
Tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Axundova “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycan xalqının milli mədəniyyətinin inkişafı, mənəvi dəyərlərinin, milli-mədəni irsinin qorunması, milli ruhunun, özünüdərkinin möhkəmləndirilməsi üçün bütün imkanlardan istifadə edir, dövlət strukturlarından öz fəaliyyətlərində milli-mənəvi dəyərləri üstün tutmalarını tələb edirdi. Azərbaycan xalqının bədii-estetik, ideya səviyyəsinin yüksəldilməsində, milli-mədəni ehtiyaclarının ödənilməsində mədəni-maarif işinin ən mühüm amillərdən biri olduğunu aydın dərk edən Heydər Əliyev bu sahənin daim diqqət mərkəzində saxlayırdı.
Tədbirdə tarix üzrə fəlsəfə doktoru, dosent Tamilla Kərimova-Kocayeva “Heydər Əliyev və müasir Azərbaycan elminin inkişaf istiqamətləri” adlı məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Heydər Əliyevin rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi, elmdə də sürətli irəliləyiş baş verdi. Azərbaycan elmi, onun əsas mərkəzi olan Elmlər Akademiyası Heydər Əliyevin daim diqqət mərkəzində idi. Ümummilli Lider Heydər Əliyevin böyük diqqət yetirdiyi Azərbaycan elminin inkişaf konsepsiyası 2003-cü ildən Prezident İlham Əliyevin dövlət siyasətinin tərkib hissəsi kimi uğurla inkişaf etdirildi. Prezident İlham Əliyev Azərbaycanın güclü, inkişaf etmiş müasir ölkəyə çevrilməsinə yönəlmiş siyasəti çərşivəsində elmin inkişafını da dövlətin əsas prioritetlərindən birinə çevirdi.
Sonda tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı “Heydər Əliyev və qadın siyasəti” adlı məruzə ilə çıxış edərək qeyd edib ki, Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Azərbaycan qadınına ən yüksək qiyməti Heydər Əliyev verib. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib sayırdı.