Azərbaycanın dövlət müstəqilliyindən sonrakı mərhələsinin bütün dinamikası etnokulturoloji sistemin mədəniyyət təsəvvürünə və milli-mənəvi dəyər baxımından normativlərinin prinsip səviyyəsində əsas götürülməsinə dayanır.
Tarixə yoldaşlıq edən etnik yaddaş xronotop səviyyəsində olanların dərkini və ötürülməsini başlıca vəzifə olaraq qarşıya qoyur. Ulu Öndər Heydər Əliyev çıxışlarında, xüsusilə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi ilə bağlı keçirilən mərasimdə diqqəti bu məsələlərə yönəldərək vurğulayırdı ki, "Bunlar bizim vətəndaşlara, azərbaycanlılara, bu gün yaşayanlara və gələcək nəsillərə göstərir ki, biz kimik, haradan gəlmişik, haradayıq, hara gedirik". Bu konseptual fikir keçmişə, xalqın zəngin mədəniyyət təsəvvürlərinə, milli təfəkkür intelleksiyasının geneologiyasının möhtəşəmliyinə diqqəti yönləndirir.
Siyasi hakimiyyətdə baş verən tarixi dəyişiklik bütün sahələrdə olduğu kimi, mənəvi-humanitar axarın da canlandırılması, elmi və mədəni təşkilati fəaliyyətin yeni sferaya daxil olması üçün geniş imkanlar yaratdı. Xüsusi qayğı və diqqətlə əhatələnən milli mədəniyyətin bütün sahələri (musiqi, heykəltəraşlıq, memarlıq, xalçaçılıq, xalq musiqisi, etnoqrafiya, folklor və s.) məzmunu və formalaşdırdığı təsəvvürlə həm də gediləcək yolun perspektivlərini funksional səviyyəyə qaldırdı. Müdrik və uzaqgörən Heydər Əliyevin humanitar siyasəti görüləcək işlərin konseptini strateji hədəf olaraq etnik şüurda hazırlamaqla nümunəyə çevirdi.
Sözügedən zaman kəsiyindən başlayan proses milli ruhun oyanışına, güclənməsinə, vətəndaş mövqeyinin nümayişinə, azərbaycançılıq ideyasının yaranmasına əsas oldu. Siyasi himayədarlığın sayəsində reallaşan bu hərəkətlilik arxaik qatın, etnik şüurdakı əski, ibtidai təsəvvürdən gələnlərin diqqətdə saxlanmasına və geniş auditoriyaya təqdiminə şərait yaratdı. Bütünlükdə bunlar uzunmüddətli mücadilənin nəticəsi kimi strateji hədəf anlamında səfərbərliyi ədəbi-mədəni mühitin qarşısına qoydu.
Özünütanıtma, özünüdərk və özünəqayıdış müstəvisində reallaşan proses min illərin o üzündən gələnləri, zəngin folklor mədəniyyətini, etnoqrafik yaddaşın məişət timsalında ortaya qoyduğu əhatəliliyi, tarixi-mədəni dəyər kontekstində normativləşmənin miqyasını örnəyə çevirdi. Mənəvi yaddaşın tarixin daha dərin qatlarına dayanan İçərişəhər, Ordubad, Gəncə, Şuşa, Naxçıvan, Qəbələ memarlıq kompleksləri, Xalçaçılıq Muzeyi səviyyəsində cəmləşdirilən mədəniyyət abidələri, Qobustan qayaları, "Kitabi-Dədə Qorqud" və s. mədəniyyət şedevrləri olaraq araşdırmaların fundamental probleminə çevrildi. "İrs", "Yallı, "Atəşgah", "Muğam teatrı", Aşıqlar birliyi, "Aşıq Pəri məclisi" və s. rəsmi qurumların rəhbərliyi (həm də himayədarlığı) ilə həyata keçirilən gərəkli işlər prosesin sonrakı axarı üçün bir növ açar rolunu oynadı.
"Bulaq" və "Ozan" verilişləri, xalqın zəngin mədəniyyəti baxımından kütləvi tədbirlərin keçirilməsi, çoxcildli folklor nəşrləri, folklor festivalları, saz bayramları, qəzet və jurnallardakı folklor səhifələri bütün məzmunu ilə öz qaynağını dövlətin humanitar siyasətindən, müəyyənləşdirdiyi millilik konsepsiyasından alırdı. Ulu Öndərin Azərbaycanda rəhbərliyinin birinci və ikinci dönəmi biri digərini tamamlayan ideoloji xətt olaraq örnəyə çevrildi. İrimiqyaslı fəaliyyət strategiyası bütün tərəfləri ilə ədəbiyyatın, mədəniyyətin himayədarı olmanın nümunəsini diqqət önünə gətirir. Ümummilli liderin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif, H.Cavid, C.Məmmədquluzadə, M.Ə.Sabir, C.Cabbarlı, S.Vurğun, M.Şəhriyar, B.Vahabzadə və s. kimi sənətkarların yubiley tədbirlərində söylədiyi fikirlər və çıxışlar konseptual xarakteri ilə görüləcək işlərin strategiyasında nələrin hədəfləndiyini nümayiş etdirirdi.
Rəngarəng folklor nəşrlərinin hazırlanması və geniş ictimaiyyətə təqdimi, təşkilati tədbirlər planının işlənməsi, saz-söz axşamlarının keçirilməsi, ustad aşıqların yubileyinin reallaşması anlamında verilən sərəncamlar, qurultay səviyyəsində müzakirələr, "Koroğluya qayıdaq" baxımından tədbir və çağırışlar bütün məzmunu ilə dövlətin humanitar siyasətinin tərkib hissəsi idi. Dahi rəhbərin xeyir-duası və göstərişləri ilə reallaşan tədbirlər planı mədəniyyətin bütün sahələrini əhatə edirdi. Dahi şəxsiyyətin Novruz bayramı münasibətilə söylədiyi tarixi çıxış bütün paradiqması ilə tarixi qatı, ilkin təsəvvürdən günümüzə qədər gələnləri əhatələmək gücü və imkanı ilə əvəzsizlik sərgiləyir: "Novruz bayramı bizim bütün bayramlarımızdan əzizdir. Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır. Novruz bayramı heç bir tarixi hadisə, yaxud heç bir şəxsiyyətin adı ilə, onun fəaliyyəti ilə bağlı deyildir. Bu bayram təbiətin qanunları ilə, kainatın qanunları ilə əlaqədar olan bir bayramdır. Gündüz ilə gecənin bərabərləşməsi günü, bayramın ilk günü Novruz bayramıdır. Bunlara görə Novruz bayramı bir çox başqa bayramlardan fərqlənir və bu bizim, məhz Azərbaycan xalqının bayramıdır. Qədim zamanlardan bəri və bu gün də bu bayramı ən çox sevən, ən uca tutan Azərbaycan xalqıdır". Əski təsəvvürləri, xalqın yaşam tərzini, istək və arzularını, həyat ideallarını, fəlsəfi düşüncəsini bütün incəlikləri ilə əks etdirən Novruz bayramı haqqında deyilmiş bu dahiyanə mülahizələr geniş kontekstdə digər mərasim və adət-ənənələri də əhatələmək istəyi ilə spesifikləşir.
Müxtəlif zaman kəsiklərində siyasi ideolojilərin bu mərasimə qarşı münasibəti, özününküləşdirmə istəyi, eləcə də yadlaşdırma və unutdurma tendensiyası heç bir nəticə verməmişdir. Azərbaycan xalqı qədim zamanlardan Novruz bayramını əziz bayram kimi qarşılamışdır.
Ulu Öndərin bütün fəaliyyəti milli-mənəvi dəyərlərin uca tutulmasına və onun gənclərə aşılanmasına hesablanmışdır. "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi ilə bağlı keçirilən tədbirdəki tarixi çıxışında bütün məsələlər keçmiş və gələcək baxımından gediləcək yolun mahiyyətini nümunə olaraq əsasa çevirir: "Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz "Kitabi-Dədə Qorqud" eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər bir kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Bu bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər də sevəcəkdir". Bütün bunların nəticəsi olaraq respublikanın ali məktəblərində, elm, mədəniyyət ocaqlarında "Dədə Qorqud" mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti görüləcək işlərin perspektivlərini müəyyənləşdirdi. "Novruz ensiklopediyası", "Kitabi-Dədə Qorqud" ensiklopediyası", "Ozan-aşıq ensiklopediyası" və s. ulu öndərin məqsədyönlü siyasətinin nəticəsində meydana gəlmişdir. Milli-mənəvi mədəniyyətimizin möhtəşəm qaynağı olan bu zənginlik zaman və məkan tanımadan xalqla birlikdə addımlamış, gəldiyi yola işıq tutmaqla həm də qürur və mənlik qaynağına çevrilmişdir. Keçmişə böyük ehtiram və sayğı, sonsuz məhəbbət Ümummilli Liderin həyat və yaşam fəlsəfəsi olaraq hərəkət və davranışlarında, müxtəlif səviyyəli görüşlərindəki çıxışlarında özünü aydınlıqla göstərir. "Zəngin tarixi əks etdirən çox əsərlər var, kitablar var, maddi əşyalar var. Ancaq bunların hamısının içərisində bizim milli mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi əks etdirən əsərlər hamısından qiymətlidir və bu gün üçün, gələcək üçün hamısından da gərəklidir. Bu baxımdan, "Kitabi-Dədə Qorqud" dastanının, Azərbaycan tarixində görkəmli yer tutmuş böyük şəxsiyyətlərin, böyük əsərlərin və xüsusən mədəniyyətimizə, ədəbiyyatımıza aid olan əsərlərin əvəzsiz qiyməti vardır və onların hər birinin yubileyini keçirərək biz bir daha, bir daha öz milliliyimizi, zəngin mədəniyyətə malik olduğumuzu, qədim, zəngin tarixə malik olduğumuzu nümayiş etdiririk, təsdiq edirik, xalqımıza bir daha çatdırırıq və bütün dünyaya bəyan edirik". Əldə olan bütün yazılı abidələr, eləcə də zəngin folklor mədəniyyəti xalqımızın tarixi kimliyinin ən möhtəşəm qaynağı, qürurverici nümunəsi olmaqla keçmiş, bu gün və gələcək haqqında təsəvvür formalaşdırır. Bir mənəviyyat, əxlaq, özgürlük etiketi olmaqla siyasi-ideoloji axarın dönməzliyinə də istiqamət verir.
Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin sonrakı dönəmdə "Dədə Qorqud", "Koroğlu" abidələrinin açılışındakı çıxışları bunun bariz nümunəsidir. "Əsas diqqət gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinə yönlənməlidir", - deyən Prezident xüsusi olaraq bildirirdi: "Gənc nəslin tərbiyə edilməsində "Koroğlu" dastanı çox mühüm vasitədir. Çünki gənc nəslimiz vətənpərvərlik ruhunda böyüməli, tərbiyə almalıdır. Müstəqil Azərbaycanın vətəndaşları öz Vətənini, xalqını sevməlidirlər. Koroğlu xalq içərisindən çıxmış, xalq üçün yaşamış gözəl insan, böyük sərkərdə idi. Koroğlu, eyni zamanda istedadlı insan idi - həm şair, həm aşıq idi. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqının ən gözəl xüsusiyyətləri onda var idi və bizim gənclərimiz keçmişimizdə olan müsbət obrazları da bilməlidirlər, yaxından, dərindən tanımalıdırlar". Bütün bunlar milli dəyərlər, azərbaycançılıq, etnik məfkurənin zənginliyi və nəsillərə ötürücülüyü baxımından prinsip səviyyəsində aparıcılığı müəyyənləşdirir.
Xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə, Azərbaycan oğullarının düşmənə qarşı göstərdiyi qəhrəmanlıq nümunələri, rəşadətli döyüş səhnələri tərbiyənin, milli-mənəvi mədəniyyət timsalında aşılananların uğurlu nəticəsi olaraq faktlaşır. Yaxın zamanın mürəkkəb situasiyaları, tarixi torpaqların işğalı baxımından yaşanan acılar və dözümlülük nümayişi, düşmənə layiqli cəzanın verilməsi və çağdaş mərhələdə əldə olunan uğurlar bütün tərəfləri ilə "Azərbaycan dünyaya günəş kimi doğacaq" təsəvvürünə və xalqın zənginliyinə, milli-mədəniyyət missiyasının uğurla həyata keçirilməsinə bağlanır.
Ədəbiyyatın yazılı qolu müstəvisində böyük tədbirlər planı ümummilli liderin daim diqqət mərkəzində olmuşdur. Yubiley tədbirləri, görüşlər, disputlar, qurultaylar səviyyəsində çıxış və mülahizələri konseptual xarakteri ilə ədəbi-mədəni mühitə istiqamət vermişdir. C.Cabbarlı, S.Vurğun, S.Rəhimov, M.Dilbazi, M.Şəhriyar, İ.Şıxlı, B.Azəroğlu, O.Süleymanov, B.Vahabzadə, N.Xəzri, İ.Əfəndiyev, M.Araz və başqalarının haqqında söylədiyi tövsiyə xarakterli mülahizələr, "O olmasın, bu olsun", "Burla xatun", "Hamlet" və s. səhnə əsərləri ətrafında müzakirələr elmə, ədəbiyyata, mədəniyyətə həssaslığın və nümunə olmanın göstəricisidir. Çağdaş ədəbiyyatı və ədəbi prosesi çox həssaslıqla izləyən və ona himayədarlıq göstərən Ulu Öndər Heydər Əliyev bütün məsələlərə milli-mənəvi dəyərlər prizmasından baxmaqla qiymətləndirmələr aparırdı.
Ümummilli Liderin Cənubi Azərbaycan ədəbiyyatı və onun ayrı-ayrı nümayəndələri şəxsində dedikləri də siyasi-ideoloji məfkurənin mühüm konsepti olaraq qabardılırdı. M.Şəhriyar, B.Azəroğlu, H.Bülluri, M.Gülgün, S.Tahir, C.Heyət və başqaları ilə əlaqədar fikir və mülahizələri məqsədyönlü milli siyasətin dönməzliyini göz önünə gətirir. Məhəmmədhüseyn Şəhriyarı "lirikanın görkəmli ustadı" adlandıraraq yaradıcılığındakı dil zənginliyini, etnik dəyərlərin əksetdirmə ecazkarlığını bütün məzmun və mahiyyəti ilə konseptual şəkildə açıqlayır. B.Azəroğlunun şeirlərində özünü göstərən ictimai-siyasi proseslərə aydın münasibət bildirir. Çoxmilyonlu xalqın istək və arzularını əks etdirməyi məqsədə çevirməsini bir tərəf olaraq diqqətə çatdırır. "Azərbaycan xalqının ən sevimli şairlərindəndir" deyərək həm də özünün münasibətini bildirir.
Milli-mənəvi mədəniyyətin təbliği və təlqini sayəsində Ulu Öndərin müəyyənləşdirdiyi humanitar siyasət ölkədə incəsənətin, mədəniyyətin bütün sahələrini əhatə edir. Tarixi keçmişimizə, əsrlərdən bəri süzülüb gələn mənəvi mədəniyyət axarına himayədarlıq etməyin ən mükəmməl örnəyini yaradan ulu öndər Heydər Əliyev ozan-aşıq mədəniyyəti, muğam sənəti ilə əlaqədar söylədiyi parlaq və konseptual mülahizələrlə əvəzsizlik qazanır. Aşıq Alının 180 illlik yubileyi (1980), Aşıq Ələsgərin 150 illik (1972), 175 illik (1996) yubileylər qədirbilənlik nümunəsi, sözə, sənətə sayğıdır. Ulu Öndərin qeyri-adi təşkilatçılıq bacarığı, milli-mənəvi mədəniyyətin gələcəyə daşınması və ötürülməsi məsələsində gördüyü əvəzsiz işlər bütün mahiyyəti ilə bu gün üçün, gələcək üçün unikal örnəkdir.
Ətrabə Gül Bayram qızı,
Bakı Mühəndislik Universitetinin
Xarici dillər kafedrasının müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent.