Zamanın varlığını, ağırlığını Platondan Aristotelə, Leybnitsdən Kanta kimi ən dahi filosoflar araşdırıblar. Bizə xeyrimizə işləyən zamanın qürurunu yaşamaq, onu qiymətləndirmək qalır.
Həqiqətən də bu gün zaman fonunda xalqın birlik və dirilik nəğməsi yer kürəsini dolanır. Zaman fonunda sarsılmaz ordunun zəfər addımları bəşər insanının məhfəl yerini sanki məhvərindən çıxarır. Zaman fonunda iddialı, idealı, imanlı və inamlı Sərkərdə görünür. Zaman fonunda tarixin həqiqət anı Sərkərdə dualarına, dua anına şahidlik edir.
Müqəddəs peyğəmbər torpağına dörd dəfə ziyarət zamanı yurd yerlərinin azadlığını arzulayır. Uca Yaradan 4 ziyarəti qəbul edir. Bu ziyarətin qəbulu 44 günlə tamamlanır. Sərkərdə Haqq Savaşından sonra Kəbədən gətirdiyi "Qurani-Kərim"i kafirin vandallığı ilə insanların və insanlığın öldüyü, şərin dallığı ilə Allah evinin tövləyə, xarabaya çöndüyü, işığının söndüyü Ağdam məscidinə bağışlayır. Prezident İlham Əliyev bununla həm də "Tanrının ümid çırağı"na çevrilir.
Tələbə kimi xatirimdədir: Vətən torpaqlarının hürriyyəti, Novruzlu kəndinin azadlığı, Prezidentin Ağdam Məscidi qarşısında çıxışı və dünya mediası önündə 4 saat, həmçinin 4 dildə səlis nitqi prof. C.Məmmədlini dərin sevincə qərq eləmişdi.
Ustad müəllimim Cahangir Məmmədli bu mənada "Yolumuzun ümid çırağı" məktubunu dərin qürur hissilə və hissə-hissə belə başlayır: "Mən Sizə 30 illik erməni işğalından azad etdiyiniz bir kəndin – Ağdamın Novruzlu kəndinin bir sakini kimi müraciət edirəm. Mən Sizə 30 il yollarına həsrət qaldığımız və bu gün Sizin sayənizdə yenidən qurulmaqda olan Ağdamın uca minarəsindən müraciət edirəm".
Müəllifin qəlbilə qələmə aldığı məktubun hər sətrini böyük qürur, şərəf və sevgilə oxuyuruq. Bu namədə Azərbaycanın əbədiyyət qədər uzun qələbəsi görünür. Bu namədə sağlam genezisi olan xalqın dirçəlişinə, yağı düşmən üzərində Haqq Qələbəsinə – Xalq qələbəsinə nail olan Rəhbərə ziyalı sevgisinin ən saf duası səslənir, ən uca ehtiramı sezilir.
Bir zamanlar ən nəhəng dövləti quran Corc Vaşinqton belə hesab edirdi ki, "bütün titullardan ən qibtə ediləni səmimi"likdir, yəni xalqa yaxınlıq. Bu mənada Prezident İlham Əliyevin xalq sevgisini izah etmək olduqca çətindir. Görünən odur ki, Sərkərdə yeni, bütöv Azərbaycan qurur. Təbəddülatlı dünyada siyasi silkələnmələrin, irqçilikdən, millətçilikdən doğan çalxalanmaların fonunda bu cür nəhəng işlərə imza atmaq olduqca çətindir. Və bunların fonunda Prezident İlham Əliyev Xankəndi stadionunda Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının futbol oyununu qəhrəman şəhidlərimizin uşaqları, ailə üzvlərilə birlikdə izləyir. Prezident oyunun başlanğıcında topu ordu klubuna tərəf ötürür. Azarkeşlərin Zəfər nəğməsi Zəfər zərbəsinə güc-qüvvət verir. Növbəti gün Xocalıya, Şuşaya, Qarabağ camaatının Zəm-zəm suyutək müqəddəs bildiyi Turşsuya səfər edir. Tarixin yaratdığı Sərkərdə tarixi yurd yerlərinin həmdəminə çevrilir.
Həqiqətən də Ustad müəllimimin zəfərli günlərdə Prezident İlham Əliyevə ünvanladığı məktub ən ali və qiymətli tarixi mənbə kimidir; bu günün reallığı, sabahın qürur mənbəyidir. Həm də zəfərimizin qüdsiyyətinə Ustad ziyasından bir çıraq kimidir.
Əsgər İsmayılov, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi