Logo

MEK əməkdaşları Rusiyada keçirilən konfransda iştirak ediblər

28.03.2024 14:22 120 baxış
IMG

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktor müavini dosent Şəhla Tahirqızı və Komplektləşdirmə şöbəsinin müdiri Gülnar Məmmədova Rusiyada təşkil olunan “Libway – 2024: Kitabxanalarda elm, texnologiya və informasiya” adlı beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Konfrans Belarus, Qətər, Hindistan, Tailand, İordaniya, Tacikistan, Cənubi Afrika respublikası və bir sıra digər ölkələrin kitabxanaları, elmi təşkilatları və universitetlərinin mütəxəssislərinin iştirakı, Rusiya Elmlər Akademiyasının Sibir bölməsininin Dövlət Kütləvi elmi-texniki Kitabxanasının təşkilatçılığı ilə baş tutub.

Konfransın təntənəli açılışında MEK-in direktoru professor Məmməd Əliyevin təbrik mesajından ibarət videomüraciəti nümayiş etdirilib. 

Plenar və bölmə iclasları ilə işini davam etdirən elmi-praktiki konfransın iştirakçıları oxucu sorğularının işlənməsi, biblioqrafiyaların tərtib edilməsi, lazımi məlumatların axtarışı və s. kimi sahələrdə süni intellektdən istifadə təcrübələrini bölüşüblər. MEK əməkdaşları konfransda “AMEA MEK: tarixi və inkişaf perspektivləri” adlı məruzə ilə çıxış ediblər.

Məruzədə Mərkəzi Elmi Kitabxananın ənənəvi kitabxanaçılıq prinsipləri, İRBİS proqramından istifadə mərhələləri və hazırkı müasir texnologiyanın tətbiqi ilə fəaliyyəti haqqında məlumat verilib, MEK adından konfrans təşkilatçılarına dəyərli nəşrlər təqdim edilib.

Səfər çərçivəsində MEK əməkdaşları REA Sibir bölməsinin Dövlət Kütləvi elmi-texniki Kitabxanasının fəaliyyəti, fondları, müxtəlif ölkələrə həsr olunmuş guşələri ilə yaxından tanış olublar. AMEA MEK-in və REA Sibir bölməsinin Dövlət Kütləvi elmi-texniki Kitabxanasının səmərəli əməkdaşlığının nəticəsi kimi tezliklə burada, Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində, Azərbaycana həsr olunmuş guşə də yaradılacaq. Guşədə ölkəmizin ədəbiyyat incilərini, mədəniyyətini əks etdirən dəyərli nəşrlər və atributlar da öz layiqli yerini tutacaq.

Onu da qeyd edək ki, səfər müddətində Rusiyanın bir sıra dövlət kitabxanaları ilə tərəfdaşlıq əlaqələrinin təməli də qoyulub.

Xəbər lenti