Logo

“Məktəblini repetitora aparan amillər” – Ekspertlərdən maraqlı ŞƏRHLƏR

11.04.2021 12:33 1851 baxış
IMG

Təhsil aldıqları məktəbdə yiyələndikləri biliklə kifayətlənməyib repetitordan dərs almaqla ali məktəblərə qəbul imtahanlarına hazırlaşanların sayı təkcə bizim ölkəmizdə deyil, dünyanın əksər ölkələrində artmaqdadır.

 

Bəs repetitor yanına getmək vacibdirmi? Ümumiyyətlə bizi repetitor yanına getməyə vadar edən nədir?

 

Sualımıza Azərbaycanın təhsil sahəsində kifayət qədər öz töfhəsini vermiş, tanınmış elm adamları və təhsil ekspertlərinin fikirləri sayəsində cavab tapmağa çalışdıq.

 

Mövzu ilə bağlı Tehsil.biz-ə açıqlama verən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov bildirdi ki, distant təhsilə keçidlə əlaqədar repetitorluğun daha da aktuallaşması prosesi geniş miqyas alarsa, istənilən halda ürəkaçan mənzərə olmayacaq. Bu baxımdan pandemiya səngiyəndən sonra məktəblərdə təmayülləşmə prosesi ciddiləşdirilməli, dərs saatı hesabına repetitor yanına “gediş –gəlişə” nəzarət gücləndirilməlidir:

 

 

“Təhsil sahəsində müntəzəm aparılan dəyişikliklərə, yeniləşməyə və təkmilləşdirmə tədbirlərinə baxmayaraq, repetitorluq da inkişaf edir, hətta məktəbəqədər təhsil də daxil olmaqla özünə yeni-yeni tərəfdarlar toplayaraq geniş auditoriya qazanmaqda davam edir. Məsələnin yoluna qoyulmasında mürəkkəblik və ziddiyyət ondan ibarətdir ki, bu qeyri-rəsmi fəaliyyət sahəsinin tərəfdarları və əleyhdarları sanki, sözləşərək yarıbayarıya bölünüblər. Repetitorluğu “Təhsilimizin bəlası”, “Zehni əməyin qara bazarı”, “kölgə təhsilinin atributu” adlandıranlar da var, bu fəaliyyət növünə “məktəbi və onun nüfuzunu xilasetmə vasitəsi” kimi baxanlar da, yeni qəbul modelinin repetitorların fəaliyyətinə son qoyacağı ümidi ilə yaşayanlar da. Valideynin öz övladının məktəbdə olması barəsində arxayınçılığı tam təmin olunar, onun etdiyi ödənişi kənar mənbələrə deyil, məhz müəllimin, təhsil aldığı məktəbin ehtiyaclarına hesablanar. Müəllim-şagird-valideyn münasibətləri tənzimlənər. Repetitorluğun leqallaşdırılması nəticəsində habelə aşkarlıq və şəffaflıq prinsiplərinin işlək mexanizmləri yaradılmış olar. Ən başlıcası isə uzun müddətdən bəri mübahisə və polemika obyekti olan bu taleyüklü məsələyə nöqtə qoyulmasa belə, prosesin daha da təkmilləşdirilməsi istiqamətində yeni və daha optimal təkliflərin hazırlanmasına zəmin yaranar. Onunla da razılaşmalıyıq ki, istər repetitorluq, istərsə də tədris kursları olsun, bunlar artıq minlərlə insanın peşə fəaliyyəti sahəsinə çevrilib və geniş təhsilalan və təhsilverən şəbəkəsini əhatə edir. Hələ ki, nəyin nəyə hesablanması və nəyə xidmət etməsi zamanın öhdəsində olan məsələdir”.

 

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov Tehsil.biz-ə açıqlamasında ölkəmizdə repetitorluq xidmətinə böyük tələbatın olduğunu bildirib:

 

 

“Hazırda dünyanın müxtəlif ölkələrində repetitorluq xidməti geniş yayılmışdır. Buna səbəb valideynlərin öz övladlarının mükəmməl təhsil alması üçün bu xidmətə həmişə meyilli olmalarıdır. Məsələn, Cənubi Koreya, Hindistan, Yaponiya, Sinqapur, ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya kimi nəhəng elmtutumlu ölkələrdə şagirdlərin 70 faizə qədəri repetitorluq xidmətindən istifadə edirlər. Azərbaycanda da bu xidmət xeyli geniş yayılmışdır. Ölkəmizdə repetitor yanına gedənlərin əksəriyyəti məktəb şagirdləri, xüsusilə buraxılış imtahanı verəcək həm 9-cu sinif, həm də ali təhsil müəssisələrinə daxil olmaq istəyənlərdir. Bəzən bu xidmətin dayandırılması təklif olunur, bəzən isə repetitorluğu təhsilimizə zərər kimi hesab edirlər. Lakin qeyd edək ki, ölkəmizdə təhsil nə qədər də inkişaf etsə, repetitorluq yenə öz qüvvəsində qalacaqdır, çünki bu da bir təhsil sistemidir. Hətta bəzi müəllimlər orta məktəb şagirdinə bilərəkdən dərsi keyfiyyətli keçməyərək dərsdən sonra şagirdin həmin müəllimin yanına əlavə hazırlığa getməsi üçün çalışırlar. Belə müəllimlər üçün çox sərt münasibət ortaya qoyulmalıdır. Müəllim məktəbə gedən şagirdə şərəflə, vicdanla dərs keçməyə borcludur”.

 

Təhsil üzrə ekspert Kamran Əsədov mövzu barədə Tehsil.biz-ə danışarkən repetitorluq fəaliyyətinin təhsilimizin indiki dövründə lazımlı olduğunu vurğulayıb:

 

 

“Bu fəaliyyət abituriyentlərin məktəblərdə aldığı və ya ala bilmədiyi biliklərin təkmilləşdirilməsi və öyrədilməsi rolunu oynayır. Nəzərə alsaq ki, bu gün ölkəmizdə təhsil alan şagirdlərin çox hissəsi bu xidmətdən istifadə edir, o zaman repetitorun şagird üçün nə qədər yararlı olduğunu anlamaq mümkündür. Etiraf edək ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün məktəbin tədrisi ilə kifayətlənmək çətindir. Bəzən repetitorları şagirdi qazanc mənbəyi kimi görməklə ittiham edirlər, lakin bu, belə deyil. Repetitorluq özəl xidmətdir və bir şagirdi hazırlaşdırmaq müəyyən qədər vəsait, xərc bahasına baş tutur ki, bu xərcləri də müəllim üçün heç bir şəxs qarşılamır və yalnız bu xərcləri nəzərə almaqla xidmət ödənişli əsaslarla göstərilir. Qəbul edək ki, bir müəllim dövlət tərəfindən onun zəhmətini qarşılayacaq qədər əməkhaqqı ilə təmin edilsə, o, dərslərinə və şagirdinə daha qayğı ilə yanaşar, nə şagirdin əlavə-məktəbdənkənar dərsə, nə də müəllimin əlavə qazanc yerinə ehtiyacı olar. Təəssüflər olsun ki, müəllim maaşı ilə dolanışığın çətin olduğundan müəllim də haqqlı olaraq özü üçün əlavə qazanclara can atmağa məcbur qalır. Təsəvvür edək, müəllim gününün yarı hissəsindən də çoxunu məktəbdə dərs keçməklə məşğuldur. Geridə qalan az zamanını ailəsinə və ya digər vacib işlərinə sərf etməli olan müəllimə əlavə dərs keçmək, əlavə əsəb yaşamaq və s. bu kimi çətinliklər lazımdırmı?! Belə nəticəyə gəlmək olar ki, sonda yenə də məsələnin kökünü biz yox, bizdən daha üstün təbəqədə yerləşənlər həll etməlidirlər”.

 

Təhsil eksperti Elçin Əfəndi bildirir ki, sovet dövründə repetitorluq fəaliyyəti indiki qədər inkişaf etməmişdi:

 

 

“Dövrləri müqayisə etsək, keçmiş zamanlarda repetitor hazırlıqlarına bir o qədər də tələbat olmadığını görə bilərik. Bu gün ali məktəblərə qəbul olmaq üçün repetitor hazırlıqlarına daha çox ehtiyac duyulmaqdadır. Burada repetitorluqla məşğul olan müəllimləri günahlandırmaq doğru olmaz, çünki burada, xüsusilə valideynlər tərəfindən atılan addımlar var ki, həmin addımlarda məktəblərdə qazanılmayan uğurlar da biləvasitə rol oynayır. Böyük təəssüf hissi ilə bildirmək istərdim ki, orta ümumi təhsil məktəblərində yüksək nəticə əldə etmək çox çətindir. Fikrimcə, məktəblərdə tədrisin keyfiyyətini yüksəldib müəllimlərin əməkhaqqılarını qaldırdığımızda istədiyimiz nəticəni əldə edə bilərik. Yalnız bu zaman valideynlərin öz övladlarını repetitor yanına göndərməsinə ehtiyac qalmaz”.

 

Təhsil üzrə ekspert Qoşqar Məhərrəmov Tehsil.biz-ə şagirdləri repetitora sövq edən üç əsas amildən danışıb:

 

 

“Şagird və abituriyentləri repetitora vadar edən amillərin başında valideynlər dayanır. Buna səbəb valideynlərin övladları ilə tam məşğul ola bilməməsi, digər valideynlərlə bəhsə gedərək uşaqları kiçik yaşlarından ehtiyac olmadığı halda yaşına uyğun olmayan, daha yuxarı siniflərin materialını öyrənməsi üçün bir “yarışma” etməsidir. İkincisi, buna səbəb müəllimləri də göstərmək mümkündür. Müəllimlər bəzən dərslərini ciddi keçmirlər və ya hamıya lazımi səviyyədə eyni vaxtı ayıra bilmirlər. Üçüncü amil şagirdlərin özündən qaynaqlanır. Şagirdlər özləri dəsrlərini lazımi səviyyədə oxumurlar, diqqətli davranmırlar və ən son məqamda repetitor yanına getməyə məcbur olurlar. Şagirdləri repetitor yanına aparan əsas amil isə hazırki sistemdir. Bu sistem şagirdləri repetitor yanına getməyə vadar edir. Bildiyimiz kimi, 11-ci sinifdə bütün beş ilin materialı keçirilir, yəni beş ilin materialından imtahan veriləcəyi halda 11-ci sinfin dərsləri də keçirilir. Belə olan halda isə şagird son üç ilin dərsini öyrənməyə zaman əldə etməkdə çətinlik çəkərək repetitora ehtiyac duyur. Bununla yanaşı, pandemiya dövrünü də bu amillər sırasına əlavə etmək olar. Bu dövrdə də normal təhsil ala və distant təhsildən yararlana bilməyən şagird də repetitora yanına getməyə məcbur qalır”.

 

Müəllif: Fəqan Əzimli

 

Xəbər lenti