Logo

Folklor İnstitutunun əməkdaşları beynəlxalq simpoziumda məruzə ediblər

20.05.2024 16:17 166 baxış
IMG

Türkiyənin Amasya şəhərində “Abdizadə Hüseyn Hüsaməddin Yasar və Amasya tarixi” mövzusunda keçirilən I Beynəlxalq Amasya Sosial Elmi Araşdırmalar Simpoziumunda AMEA-nın Folklor İnstitutunun əməkdaşları onlayn formatda iştirak ediblər.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, iki gün davam edən simpoziumda müxtəlif ölkələrdən olan alim və tədqiqatçıların Abdizade Hüseyn Hüsaməddin Yasarın həyat və fəaliyyətinə, eləcə də Amasya tarixi, mədəniyyəti və s. həsr etdikləri müxtəlif mövzulu məruzələri dinlənilib.

Simpoziumda institutun Mifologiya şöbəsinin aparıcı elmi işçisi dosent Elçin Qaliboğlu “Azərbaycan və Türkiyənin Amasya bölgəsində zurna-davul ilə bağlı bənzərliklər və fərqliliklər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda və Türkiyənin Amasya elində zurna və nağara (davul) alətlərinin oxşar və fərqli cəhətlərinə nəzər salınıb, çağdaş Azərbaycan zurna-balaban sənətinin inkişafında məşhur sənətkar Kalvalı Əli Dədənin (1874-1960) özünəməxsus xidmətləri olduğu bildirilib: “Azərbaycan zurna-balaban sənətində məktəb yaratmış ustadın çalğısında bütün imkanlar aşkarlanır. Sənətkarın adı XIX yüzilin sonu, XX yüzilin birinci yarısı peşəkar xalq yaradıcılığının görkəmli nümayəndələri ilə bir sırada durur. Yaradıcılığında iki əsas cəhət - möhtəşəm döyüşkənlik və harayın ifadəsi diqqəti çəkir. Ustadın tanınmış havaları bunlardır: “Heyvagülü”, “Alçagülü”, “Koroğlu nağarası”, “Qəhrəmani”, “İnnabı”, “Əfruzə”, “Yasəməni", “Dağ çiçəyi”, “Azərbaycan rəqsi”, “Türk rəqsi” və s. O, 70-dən çox zurna-balaban havası yaradıb, indi də bu mahnılar Azərbaycan toylarının bəzəyidir”. Habelə məruzədə Amasya bölgəsindəki rəqslər təhlil edilib. Məruzədə tarix boyunca Azərbaycan türklərinin yaşadığı qədim türk torpaqlarında – indiki Ermənistanda xalqımızın kütləvi deportasiyaya – 1988-ci ilə kimi toy şənliklərində bu tipli musiqi alətlərindən geniş istifadə etdikləri vurğulanıb. Bununla bağlı uyğun rəqslərin adları da sadalanıb: “Qaladan qalaya”, “Əsgər çocuq”, “Alagülbəndi”, “Ağbaba yallısı” və s. Məruzədə daha sonra bildirilib ki, bu kimi musiqi örnəkləri insanlarda birlik ruhu yaradır, yaşamağa, sabaha, həyata ümidi artırır.

Mifologiya şöbəsinin aparıcı elmi işçisi dosent Məleykə Məmmədovanın “Naxçıvan və Amasya mədəniyyətində toy ritualları” mövzusunda məruzəsi də dinlənilib. Məruzədə Naxçıvan və Amasya xalq mədəniyyətində evliliyin önəmi, toy öncəsi və sonrası edilən mərasim və şənliklərdə həyata keçirilən ənənələr və rituallar qarşılıqlı şəkildə incələnib. Eyni genetik kodları daşıdığımız üçün yalnız Naxçıvan və Amasyada deyil, bütün bölgələrimizdə olan toy ənənələri və rituallarının oxşar və fərqli cəhətlərinin zəngin xalq mədəniyyətinin əlvanlığının ifadəsinin sübutu olduğu vurğulanıb.

Xəbər lenti