Logo

Tarix və Etnologiya İnstitutunda Ağalı kənd məktəbi ilə canlı bağlantı yaradılıb

15.06.2024 15:31 145 baxış
IMG

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi yad edilib.

Daha sonra 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx izlənilib. Vətən müharibəsi iştirakçıları Murad Məmmədov və İlkin Quliyev Zəfər tarixindən danışıblar.

İnstitutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış böyük siyasi və tarixi əhəmiyyətə malik gün olduğunu söyləyib. O bildirib ki, bu tarixi yaradan Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynamış, daim xalqına arxalanan və xalqa arxa duran Ümummilli Lider Heydər Əliyev olub. İlqar Niftəliyev ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaranmış hərc-mərcliyin qarşısının alınmasında Ulu Öndərin böyük xidmətləri olduğunu qeyd edib. Alim xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyevin böyük çətinliklər hesabına ölkə daxilində sabitliyə nail olduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, professor Mais Əmrahov “Tarix yaradan şəxsiyyət” mövzusunda məruzə ilə çıxış edib. Professor bildirib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə öz zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə dərindən bələd olması sayəsində hazırladığı milli dövlətçilik siyasətini bütün çətinliklərə sinə gərərək dönmədən həyata keçirib. Alim qeyd edib ki, Prezident İlham Əliyev Ulu Öndərin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycanı ən nüfuzlu dövlətlərdən birinə çevirib.

Tədbirdə iştirak edən Bakı şəhər 225 nömrəli tam orta məktəbinin şagirdi Aylin Rüstəmli “Öz xalqının oğlu” şeirini səsləndirib.

Dəyirmi masada “Qurtuluşdan intibaha (2003-2023-cü illər)”, “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Qarabağda “ağıllı şəhər” və “ağıllı kənd” layihələrin həyata keçirilməsinin üstünlükləri” mövzularında məruzələr dinlənilib.

Tədbirdə Zəngilan rayonunun Ağalı kənd məktəbi haqqında videoçarx izlənilib. Sonra Ağalı kənd məktəbində məzun günü münasibətilə keçirilən toplantı ilə canlı bağlantı yaradılıb. Məktəbin şagirdləri Fatimə, Xədicə, Nuray şeirlər səsləndiriblər. Tədbir iştirakçıları canlı bağlantıda Ağalı kənd məktəbi ilə tanış olublar. Tarix üzrə fəlsəfə doktoru Nigar Axundova və tələbələr öz təəssüratların bölüşüblər.

Sonda tədbir iştirakçılarına təşəkkürnamələr verilib.

Xəbər lenti