Logo

Rüxsarə Məmmədovanın doğum gününə "etiraf..."

16.06.2024 22:06 405 baxış
IMG

Qismətdən Əsgərlə yolda üzbəsurət gəldik. Alnından tər axıb, qoltuğundakı qəzetə tökülürdü. Mən də elə ondan geri qalmırdım, yorğun-arğın idim. Buna baxmayaraq, ona sual ünvanladım:

— Əsgər, səncə, ədəbiyyatda, jurnalistikada nadir hallarda, bəlkə də heç rast gəlmədiyimiz janr var ki, demək olar, yoxa çıxmaq üzrədir. Özü də o janr insandan bir növ daxilən, mənən "böyüklük" tələb edir. O, hansı janrdı? 

Əsgər: Bilmədim, Məryəm. Xəbər, müsahibə, reportaj, məqalə, esse, müəyyən mənada korrespondensiya və s. işləkdir. Rəhmətlik Famil Mehdinin publisistikasında janr məsələlərinə geniş yer verilib. Məsələn, məktub, oçerk, pamflet, təmsil, şarj demək olar ki, istifadə olunmur, olunsa da az-az. Xatırlatma üçün deyim ki, "Bədii publisistika", "Mətbuatda publisistika" Famil müəllimin monoqrafik və dərs vəsaitləridir. Və alimin doktorluq dissertasiya müdafiəsi də bu sahəyə aid olub: "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri".

Məryəm: Bayaq yaxınlaşmışdın, amma düşündüyümü demədin. Yaxşı, birazdan deyərəm. İndi bir suala da cavab ver: bu gün bilirsənmi, hansı müəllimimizin doğum günüdür? Özü də səbəbkarın mübarək günü müqəddəs Qurban bayramına təsadüf edir.

Əsgər: Yox, Məryəm, bilmədim. Çox üzrlü say. 

Məryəm: Həmin müəllim bizə publisistikadan dərs keçib. Özü də bu sahənin mübaliğəsiz deyim ki, gözəl bilicisidir. Ümumiyyətlə, tələbənin, şagirdin həyatında ən böyük iz müəllimləri tərəfindən qoyulur. Bu gün üzərimizdə zəhməti olan sevimli müəllimimiz, mən tələbənin biliklərində böyük payı və rolu olan — Rüxsarə Məmmədovanın dünyaya gəldiyi gündür. Janr isə "etiraf" idi. İndi bir etiraf edə bilərsənmi? 

Əsgər: Çox sevindim, Məryəm. Etiraf edim də, özü də müəlliməmizin doğum gününə ərməğan olsun: Rüxsarə müəllimə, ötən il "Əski yazı" dərsində bizim də qonağımız oldu. Demək olar ki, fikir babalarımızın mətbu məqalələrini (hansı ki ilk dəfədir eşidirdik) müəlliməmizdən dinlədik. Maraqlı bir məqam da oldu. Lövhədə öz adımı əski əlifbada yazmışdım, ancaq "s" hərfini doğru işlətməmişdim. Burada yanlışlıq tək adi bir hərf məsələsində deyildi, çox gizlinlərdə idi. Onda anladım ki, Rüxsarə müəllimə milliliyi qoruyan pedaqoq, doğru jurnalistdir... Necə etirafdır?

Məryəm: Əsgər, ətraflı etiraf deyil, bir də bayaqkı sözünə qüvvət olaraq etiraf edim, müəllimə həmişə dərs zamanı xüsusi vurğulayır ki, "Siz əgər jurnalist olacaqsınızsa, Azərbaycanın görkəmli publisistlərini tanımalı, onların yaradıcıllıqları ilə tanış olmalısınız. Əks təqdirdə, mətbuat tarixindən bixəbər, savadsız, sadəcə mikrofon tutan "jurnalist" olacaqsınız". O, savadlı pedaqoq kimi biz tələbələrə nəinki publisistika barədə, həmçinin jurnalistikamız haqqında o qədər şey öyrədib ki. Məncə, bu gün Rüxsarə müəllimə üçün ikiqat bayramdır. Fürsətdən istifadə edərək əvvəlcə onu tələbə dünyasına bəxş edən Tanrıya şükranlığımı bildirirəm. Müəlliməmizin doğum günü və Qurban bayramı mübarək olsun.

Əsgər: Məryəm, çox təşəkkür edirəm, Rüxsarə müəllimənin dünyaya təşrif buyurduğu günü mənim də yadıma saldın. Təbrikə ürəkdən qoşuluram... Düzü, feysbukda öz doğum günümü gizlətdiyim üçün, dostların əlamətdar günü bildiriş bölməsinə düşmür. Bu da bir etiraf (Məryəm bu anda çöhrəsində yaranan xəfif təbəssümlə başını yana bulayır). Ay Məryəm, həqiqi sözümdür. Bilirəm, sən Rüxsarə müəlliməni çox istəyirsən. Bizə də müəlliməmiz mədəni tərzi, yüksək biliyi, tələbəyə göstərdiyi doğmalığı ilə elə eyni doğmalıqdadır, yəni əzizdir.

Müasir dünyagörüşlü və özünəməxsus klassik müəllim tərzilə tələbə yaddaşında əbədi iz buraxan müəlliməmizin insani keyfiyyətləri bizlərin qəlbində işıqlı zərrələr şəklindədir. Bu zərrələrin mənəvi parıltısında bir ad görünür: Rüxsarə Məmmədova Ömrünüzün yeni yaşı, hər yaşınızda da ömrünüzün gözəl olması arzusu və duası ilə Sizə etiraf və təbrik ünvanladı:

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri: Məryəm Abdullazadə, Əsgər İsmayılov

Xəbər lenti