Logo

ABİTURİYENTLƏRƏ PEŞƏ VƏ UNİVERSİTET SEÇİMİNDƏ BƏZİ TÖVSİYƏLƏR

03.07.2024 21:47 425 baxış
IMG

Demək olar ki, artıq imtahana sayılı günlər qalıb və abituriyentlərin necə həyacanlı olduqlarını, bir o qədər də qorxduqlarını başa düşürəm. İndidən hər birinə uğurlar arzulayıram!

 

Keçən dəfə “Abituriyentlərə tövsiyə” adlı yazımda tələbə namizədlərə hazırlıqla, imtahanla, hazırlanmaq rejimi ilə bağlı bəzi tövsiyələr vermişdim. İndi isə universitet və peşə seçimi mövzusuna toxunmaq istəyirəm. Baxmayaraq ki, vahid milli imtahanlara qeydiyyat bir neçə ay əvvəl başa çatıb və tələbələr universitet seçimlərini ediblər, amma imtahan nəticələri müəyyən olduqdan sonra belə sıralamada dəyişiklik etmək imkanları var. Təbii ki, bu, onların nəticələrindən asılıdır. Bəs abituriyentlər universitet seçimini necə edirlər? Düzgün universitet seçimi bizim gələcək peşəmizdə uğurlu olmağımıza nə dərəcədə təkan verə bilər?

 

Təbii ki, ali təhsil almaq istəyən şəxs ən yaxşı universiteti seçir. Əksəriyyət üçün ən əlverişli seçim dövlət universitetləri olur. Onlar arasında isə diplomu dünyada ən çox tanınan, abituriyentlərin ən çox seçdiyi, məzunlarının iş tapmaq imkanının çox olduğunu düşündükləri və ya iş həyatında uğurlu olduğunu düşündükləri universitetlər var. Bəziləri isə sırf qohum-qonşunun uşağı seçdiyi universiteti seçir.

 

Təhsil aldığımız universitetin bizim gələcək iş həyatımızda uğurlu olmağımızda müəyyən rol oynadığı inkar edilməzdir. Təhsil aldığımız müddətdə müəyyən proqramlar çərçivəsində universitetin bizə yaratdığı imkanlardan istifadə edərək qazandığımız bilik və bacarıqların iş həyatımızda istifadə olunması, şübhəsiz ki, bizim uğurumuza uğur qatan faktorlardan olacaqdır. Təhsil aldığımız müddətdə müəyyən proqramlar çərçivəsində həyata keçirilən layihələrdə iştirak etmək və yeni insanlarla tanışlıq da bizi uğura aparan bir faktor olacaqdır.

 

Peşə seçiminə gəldikdə isə, bəziləri üçün seçim etmək həm çox asan, həm də bir o qədər çətin ola bilər. Seçim haqqımız da həm hüdudsuz, həm də müəyyən faktorlar çərçivəsində məhduddur. Bəziləri öz ata-ana, yaxud nənə-baba sənətlərini davam etdirmək istəyirlər və artıq seçimlərini ediblər. Burada seçim hələ də qərar verə bilməyənlərədir. Bunun üçün, məncə, müəyyən nüanslara diqqət yetirmək lazımdır. İlk öncə insan özünün o peşəyə nə qədər uyğun olub-olmadığına, həmin peşəyə yaşadığı regionda nə qədər tələbat olduğuna, iş tapmağın asan, yoxsa çətin olduğuna, bu peşənin ona nə qədər gəlir gətirəcəyinə, özünün inkişaf edib işində irəliləməyinin asan olub-olmayacağına diqqət yetirməlidir. Özünün bacaracağı və ətrafındakı insanlara da müəyyən fayda verəcəyi bir sənəti seçmək daha məqsədəuyğundur.

 

İşin tövsiyə hissəsinə gəldikdə isə, əvvəlcə onu demək istəyirəm ki, hər iki seçimi – həm universitet, həm də peşə seçimini, məncə, insan özü etməlidir. Təbii ki, kimləsə məsləhət və fikir alış-verişi etmək də olar, amma son qərar yenə özlərinin olmalıdır. Çünki universitetdə təhsil almaq qəbul olmaqdan daha çətindir. Əgər biz kiminsə seçdiyi sahədə və yerdə oxuyuruqsa orada müəyyən çətinliklərlə üzləşdikdə onların öhdəsindən gələcək gücü özümüzdə tapmaq bizim üçün çətin olacaqdır. Amma öz seçimimiz olduqda, məncə, daha həvəslə oxuyarıq, işləyərik.

 

Qaldı ki, seçim etmək, qərar verməmişdən əvvəl universitet və seçəcəyimiz peşə haqqında araşdırmalar etməyimiz mütləqdir. Bu araşdırmalardan sonra tələb olunan xüsusiyyətlərdən hansının bizdə mövcud olub-olmadığını müəyyən etdikdən sonra seçim etmək daha asan olacaqdır. Əks halda yanlış seçim edib yarı yolda qala bilərik. Linqvistik olmaq istəyən bir şəxsin öz sənədlərini texniki universitetə verməsi, qandan qorxan bir şəxsin həkim olmaq istəməsi və ya heç bir dənizlə, okeanla əlaqəsi olmayan bir ölkədə yaşayan bir gəncin xaricdə dənizçilik təhsili alıb öz ölkəsinə qayıtması nə qədər düzgündür, indi siz özünüz təsəvvür edin.

 

Xarici ölkədə təhsil alıb işləmək də ayrı bir seçimdir. Amma bir gün öz vətənimizə qayıtmaq məcburiyyətində qalmaq kimi bir hal olduqda öz peşəmizi davam etdirə biləcəyimiz bir sənət seçmək daha yaxşı olar deyə düşünürəm.

 

Düzgün seçim etməyimizi məhdudlaşdıran digər faktor isə qəbul zamanı baryeri aşıb-aşmamaq məsələsidir. Bəzi abituriyentlər istədikləri nəticəni əldə edə bilməyib istədikləri universitetə qəbul ola bilmədikdə ballarının çatdığı universiteti seçməyə üstünlük verirlər. Məncə, bu, kortəbii seçimdir, çünki onlar bir il itirmək istəmirlər, amma o bir ilin onlara nələr qazandıra biləcəyini də gözardı edirlər. Onda onlar üçün universitetdə təhsil almaq istədikləri sahədən daha önəmli olduğu fikri yaranır. Bu kortəbii seçimin gələcəkdə daha çox vaxt itirmək imkanı yaradacağı kimi bir faktor da mövcuddur.

 

Onu da əlavə edim ki, əksəriyyətimiz bu seçimləri səhv etdiyimizi anladıqda ya yenə də oxumağa və ya işləməyə davam edir, ya da tamamilə buraxırıq. Başqa alternativ yollar axtarmağa çalışmırıq. Bir müddətdən sonra, oxuduğumuz peşənin bizim üçün düzgün seçim olmadığını anladıqdan sonra başqa peşə, universitet seçimi də edə bilərik, bu, normal haldır. Bəzən bizimkilər ikinci kursa qədər TSU-da təhsil alıb daha sonra müəyyən səbəblərdən irəli gələrək digər universitetlərdə təhsilini davam etdirənlərə xor baxırlar, “oxuya bilmədi” kimi fikirlər irəli sürürlər. Amma onların işin içindəki çətinliklərdən xəbərləri yoxdur. Ona görə də öz seçimlərimizi etmək daha önəmlidir. Qəbul ola bilməmək, səhv seçim etmək adi mövcud olan və bizim mənfi qəbul etdiyimiz hallardır. Amma uğur qazanmaq istəyən şəxs seçimin səhv olduğunu dərk etdikdə onu düzəltməyi bacarmalıdır. Bir il itirməkdən qorxmağa ehtiyac yoxdur. Yolun başındakı edilən səhvləri və uğursuzluqları aradan qaldırmaq nisbətən daha asan olur. Bunların hər biri isə biz gənclərə müəyyən təcrübələr qazandırır. Ona görə də özümüzü məhdudlaşdırıb lazımsız stereotiplərə çevrilməyə ehtiyac yoxdur.

 

Bir daha bütün abituriyentlərə imtahanlarda uğurlar arzulayır, düzgün seçim etmək və arzuolunan nəticələr əldə etmələrini diləyirəm!

 

Çiyalə OSMANOVA

Xəbər lenti