COP29 çərçivəsində 7 oktyabrda Təhsil İnstitutunun təşkilatçılığı ilə Bakı şəhər 132-134 nömrəli təhsil kompleksində şagirdlər üçün “İqlim dəyişmələri və COP29” mövzusunda maarifləndirici təqdimat keçirilib.
Tədbirdə ARTİ-nin şöbə müdiri, dosent Aynur Paşayeva ekologiyanın, təbiətin, ətraf mühitin qorumasında təhsil müəssisələrinin rolundan danışaraq bu sahədə təbliğat işinin daha da gücləndirilməsini xüsusi vurğulayıb. “Yaşıl dünya naminə həmrəylik ilində” ölkəmizdə görülən işlər haqqında qısa məlumat verib, bu sahənin daim diqqət mərkəzində olduğunu göstərib, bəşəriyyətin və cəmiyyətin qorunması üçün Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməsini ölkəmizin gələcəyi üçün hesablanmış ən uğurlu addım kimi dəyərləndirib. O, iqlim dəyişmələri zamanı yaranan problemlərin aradan qaldırılması, ekologiyanın, təbiətin, ətraf mühitin qorumasında təhsil müəssisələrinin maarifləndirici rolundan danışaraq bu sahədə təbliğat işinin daha da gücləndirilməsini qeyd edib.
Tədbirdə ARTİ əməkdaşı Fatma Sofiyeva COP29 haqqında şagirdlərə ümumi məlumat verib, iqlim dəyişikliyinin yaranma səbəblərindən, təsirlərindən, vurduğu ziyanlardan və bu təhlükənin qarşısının alınması üçün görülən tədbirlərdən danışıb. Məktəbin biologiya müəllimi Xanım Muradova mövzu ətrafında geniş çıxış edərək gənc nəslin iqlim dəyişikliyi, ətraf mühit ilə bağlı biliklərini möhkəmləndirmək məqsədilə tədbirdə iştirak edən şagirdlərə suallar ünvanlayıb. ARTİ əməkdaşı Humay Cəbiyeva təqdimatla çıxış edərək ətraf mühitin mühafizəsinin vacibliyini önə çəkib, təbiətə həssas yanaşmağın önəmli olduğunu bildirib, gəncləri “Hərəyə bir ağac əkək!”, “Bir ağac bir ümid” kimi ağacəkmə aksiyalarına könüllü qoşulmağa çağırıb.
Tədbirdə məktəb şagirdlərinin iqlim dəyişmələri və COP29 haqqında təqdimatlarla çıxışları, həmçinin rəsm sərgisinin nümayişi maraqla qarşılanıb.