Logo

Azərbaycan Dillər Universitetində COP29-a həsr olunan dəyirmi masa təşkil olunub

30.10.2024 12:56 23 baxış
IMG

COP29 çərçivəsində 29 oktyabrda Təhsil İnstitutu və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə “COP29 ekoloji və sosial-iqtisadi davamlılığın təminatçısı kimi” mövzusunda dəyirmi masa keçirilib və “Yaşıl kitablar” adlı virtual kitab sərgisi təşkil olunub.

Tədbirin moderatoru ARTİ-nin şöbə müdiri, dosent Aynur Paşayeva təhsil müəssisələrində iqlim dəyişikliyi və COP29 ilə bağlı maarifləndirmə kampaniyalarının aparılmasının vacibliyindən danışaraq bu dəyirmi masanın təşkilinin gənclər, tələbələr üçün maraqlı və düşündürücü olacağını vurğulayıb, “Yaşıl dünya naminə həmrəylik ili”ndə COP29-un Azərbaycan üçün iqtisadi, siyasi, elmi əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Azərbaycan neft-qaz ölkəsi olmaqla yanaşı, ölkəmizdə iqlim dəyişmələri zamanı ekoloji təhlükəsizliyin təmin edilməsinə, “yaşıl iqtisadiyyat”a keçidə xüsusi diqqət ayırır və bu strategiyanın koordinasiyasında milli, beynəlxalq, regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi iqtisadi-siyasi davamlılığının təminatına yönələn vacib amillərdir.

Tədbirə cəlb olunan UNEC-in dosenti Kəmalə Nəcəfova “COP29 və iqlim dəyişikliyi ilə mübarizənin iqtisadi təsiri” mövzusunda məruzə edərək COP29-u iqlim dəyişikliyinə qarşı qlobal tədbirlərin sosial-iqtisadi təsirlərini müzakirə edən bir zirvə kimi dəyərləndirib. Çıxış zamanı bərpa olunan enerjinin genişləndirilməsi, “yaşıl iş yeri”nin yaradılması, karbon emissiyalarının azaldılması ilə əlaqədar olaraq iqtisadi struktura, həyat tərzinə əhəmiyyətli dəyişikliklər edəcəyi, sosial bərabərliyə, ekoloji məsuliyyətin artırılmasına və dayanıqlı inkişafın dəstəklənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb.

ADU-nun müəllimi Aysel Nəhmətova “Qarabağın ekoloji cəhətdən bərpası və sosial-iqtisadi inkişaf” mövzusunda maraqlı çıxış edərək qeyd edib ki, işğaldan azad olunmuş Qarabağ ərazisində təbii resursların ekoterrora məruz qalması, su ehtiyatlarının, çayların kəskin çirklənməsi, ağacların kəsilməsi, meşələrin məhv edilməsi iqlim dəyişikliyinə yol açan qlobal istiləşməyə, torpaq eroziyasına, daşqınlara, flora və faunanın müxtəliflik itkisinə səbəb olub. Bütün bunlara baxmayaraq, Milli Strategiyamıza əsasən ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təbii resurslardan düzgün istifadəsi, Qarabağda “yaşıl enerji zona”sının yaradılması prioritet məsələlərdəndir.

Dəyirmi masada ARTİ-nin baş mütəxəssisi Fatma Sofiyeva “COP29: mahiyyəti və əhəmiyyəti” mövzusunda çıxış edərək iqlim dəyişikliyinin yaranma səbəbləri və hazırda mövcud olan qlobal ekoloji problemlərin bu proseslə əlaqəsinə toxunub və iqlim dəyişikliyinin Azərbaycana təsirlərindən, hazırda respublikamızın mövcud qlobal problemlərlə bağlı üzərinə götürdüyü öhdəliklərdən bəhs edib.

UNEC-in müəllimi Cəmilə Həsənova “İqlim dəyişikliyi siyasətinin sosial ədalətə və iqtisadi bərbərsizliyə təsiri: COP29 perspektivləri” mövzusu ətrafında COP29-un sosial ədalətə təsiri, iqlim siyasətində bərabərsizliyin aradan qaldırılması, iqlim dəyişmələrinə qarşı mübarizədə ədalətli yanaşmaların formalaşması, daha dayanıqlı və ədalətli bir cəmiyyətin yaranması kimi bir sıra məsələlərə toxunub.

UNEC Kitabxana-İnformasiya Mərkəzinin kitabxana müdiri Arzu Məmmədova “Yaşıl Kitabxana” konsepsiyası əsaasında dünyanın ekoloji təmiz, xüsusi qaydalarla yaradılmış və məqsədli xidmətləri ilə seçilən kitabxanaları, eləcə də insan sağlamlığına təsir edən, ciddi fəsadlar yarada bilən nəşrlər barədə geniş danışıb.

Tədbirin sonunda yaradıcı tələbələrin “COP29” və “Yaşıl dünya naminə həmrəylik ili”nə aid rəsm əsərləri nümayiş etdirilib.

Xəbər lenti