Logo

Dil biliklərinin qiymətləndirilməsində mövcud metodlar araşdırılır

05.11.2024 15:41 129 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Dil biliklərinin qiymətləndirilməsində mövcud metodların analizi” mövzusunda elmi seminar keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilir.

Məruzəni institutun kiçik elmi işçisi Sayalı Quliyeva təqdim edərək dilin tədrisi və qiymətləndirilməsində dil bacarıqlarının rolu, onların qiymətləndirmə meyarları və metodları, eləcə də İKT və dil laboratoriyaları haqqında məlumat verib.

Məruzəçi dil biliyi və dil bacarıqları anlayışları arasındakı fərqləri diqqətə çatdıraraq bildirib ki, dil biliyi nəzəri komponent olub faktiki məlumatlarla tanışlıqdır. Dil bacarığı isə praktiki aspekt kimi konkret vəziyyətlərə tətbiq edilir.

Sonra dilin tədrisi və qiymətləndirilməsi prosesində dil bacarıqlarının rolundan bəhs edən tədqiqatçı bu bacarıqlara dinləmə, danışıq, oxu və yazının aid olduğunu qeyd edib. Onun sözlərinə görə, dilin öyrənilməsi dörd dirək prinsipinə əsaslansa da aydın ünsiyyət və anlamanın inkişafı, effektiv yazı və danışıq bacarıqlarının yaxşılaşdırılması, intellektual inkişaf, akademik uğur qazanma, mədəni həssaslıq kimi məsələlərdə qrammatika və lüğət təməl rolunu oynayır.

S.Quliyeva dil bacarıqlarının qiymətləndirməsi üçün müxtəlif metodların adlarını sadalayaraq ayrı-ayrılıqda onların xüsusiyyətlərindən bəhs edib. Vurğulayıb ki, metodların seçimi zamanı məqsəd, məzmun, resurslar və öyrənənlər kimi amillərin nəzərə alınması məqsədəuyğundur. Dil bacarıqlarının qiymətləndirilməsində səviyyə, domen, funksiya və məzmun əsaslı meyarlar mövcuddur.

Məruzəçi dilin qiymətləndirilməsinin rəsmi və qeyri-rəsmi olmaqla iki kateqoriyaya bölündüyünü diqqətə çatdırıb: “Formal qiymətləndirməyə müəyyən norma və standartlar əsasında təşkil olunmuş TOEFL, IELTS, ACTFL və s. imtahan test sistemləri aiddir. Bunlar daha obyektiv xarakter daşıyır. Qeyri-formal qiymətləndirmə isə dil biliyi haqqında daha ətraflı məlumat versə də, bu məlumatlar bəzən subyektiv və dəyişkən xarakter daşıya bilər”.

Daha sonra İKT və dil laboratoriyaları haqqında məlumat verən məruzəçi bildirib ki, texnologiyanın inkişafı dil qiymətləndirmələrinin aparılması üsulunu da təkmilləşdirib. Əlavə edib ki, onlayn testlər, interaktiv proqram təminatı, süni intellektə əsaslanan alətlər, dil laboratoriyaları adaptiv öyrənmə yolları və daha yaxşı qiymətləndirmə təcrübəsini təmin edir.

O, qeyd edib ki, hazırda müasir texnologiyaların inkişafı nəticəsində dilin öyrənilməsi və qiymətləndirilməsində dil laboratoriyalarının və süni intellekt texnologiyalarının əhəmiyyəti də artmaqdadır. Eyni zamanda İKT-nin dəstəyi Azərbaycan dili üçün bu kimi elektron bazaların yaradılması və dil biliklərinə yiyələnməkdə əlavə köməkçi vəsaitlərin hazırlanması vacib məsələlərdəndir.

Sonda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Xəbər lenti