Sinif rəhbərləri təlim-tərbiyə ilə məşğul olur, öhdəliyində olan sinifin problemlərini həll edib, onların təhsili ilə maraqlanır. Bununla yanaşı, onların digər siniflərə dərs keçmək hüquqları da mövcuddur.
Bəs, sinif rəhbərləri cədvələ uyğun olaraq dərsləri bittikdən sonra evlərinə getməlidir, yoxsa rəhbəri olduqları sinifin dərsi tamamlandıqdan sonra?
Mövzu ilə bağlı TƏHSİL.BİZ AzEdu.az- a istinadən xəbər verir ki, açıqlama verən Qoşqar Məhərrəmov bildirib ki, ümumiyyətlə, müəllimlər - fənn və ya sinif müəllimi fərqi yoxdur, sabit iş rejiminə keçməlidirlər. Yəni, müəllimlər səhər saat 8-dən axşam saat 3 və ya 4-ə kimi sabit iş vaxtına malik olmalıdırlar:
"Çünki müəllimin işi yalnız dərs keçməkdən ibarət deyil, həmçinin dərs planlaması, qiymətləndirmə və digər vəzifələri də mövcuddur. Buna görə də müəllimlər Azərbaycandakı özəl məktəblərdə olduğu kimi, sabit iş sisteminə keçməli və müəyyən saatlarda məktəbdə olmalıdırlar.
Müəllim gündə 8 saat işdə olduğu zaman həftədə 40 saat işdə olur. Bu 40 saatın 20-22 saatını dərsə, şagirdlərlə birbaşa ünsiyyətə ayıra bilər, qalan 15-17 saatını isə planlaşdırma, iclaslarda iştirak, valideynlərlə görüşlər və qiymətləndirmə kimi işlərə sərf edə bilər. Bu formaya keçmədiyimiz müddətcə, məktəblərdə komanda işində və keyfiyyət məsələlərində irəliləyişdən danışmaq mümkün olmayacaq. Bu, beynəlxalq təcrübədə də belədir. İnkişaf etmiş ölkələrdə dövlət məktəblərinin çoxunda bu cür iş rejimi tətbiq edilir və Azərbaycanda özəl məktəblərdə də bu forma mövcuddur. Buna görə də biz dövlət məktəblərində də bu keçidə getməliyik".