Logo

İkinci ali təhsil: Yeni diplom, ya daha geniş karyera perspektivləri?

14.01.2025 15:08 260 baxış
IMG

Azərbaycanda ikinci ali təhsilə maraq son illərdə sürətlə artır. Bir çox gənc və orta yaşlı mütəxəssislər əmək bazarının tələblərinə uyğunlaşmaq, eləcə də ilk ixtisasının çatışmazlıqlarını aradan qaldırmaq üçün əlavə təhsilə üz tuturlar. 

“Birinci ixtisasımı sırf universitetə daxil olmaq naminə seçdim”
İkinci ali təhsilə müraciət edənlərdən biri Natiq Hüseynovdur. O, Azərbaycan Texnologiya Universitetində “Mühəndis-texnoloq” ixtisası üzrə təhsil alıb və 20 ilə yaxın televiziya müxbiri kimi fəaliyyət göstərib. Lakin zamanla iqtisadi biliklərə ciddi ehtiyac duyulan sahələrin çoxaldığını görüb “İqtisadiyyat” ixtisası üzrə ali təhsil almağa qərar verib və bunun üçün Gəncə Dövlət Universitetinin (GDU) qiyabi şöbəsinə qəbul olub. Natiq Hüseynov ikinci ali təhsil seçimini belə izah edib: “Birinci ixtisasımı sırf universitetə daxil olmaq naminə seçdim. Ancaq iqtisadiyyatın bütün sahələrdəki rolunu gördükcə ikinci təhsilin karyerama böyük təsir göstərəcəyinə inanıram. Hazırda televiziyada fəaliyyətimi davam etdirirəm. İldə iki dəfə ödənişli məzuniyyət götürərək sessiyalarda iştirak edir, eyni zamanda işimi davam etdirirəm”.

GDU-nun qiyabi şöbəsində ikinci ali təhsil alan Vüqar Abdullayev də bu addımın karyera perspektivlərini genişləndirdiyini düşünür. O, ilk ali təhsilini hazırda işlədiyi sahəyə uyğun olan “Neft, qaz yataqlarının işlənilməsi” ixtisası üzrə alsa da, çalışdığı Şəmkir Regional Qaz İstismarı İdarəsində iqtisadi biliklərin də vacibliyini hiss edib: “İxtisasım neft-qaz mühəndisliyidir, amma idarəetmə və planlama sahələri üçün iqtisadiyyat yönümlü biliklərə böyük ehtiyac var. Buna görə ikinci ali təhsilə başladım. Gələcəkdə iqtisadçı və ya oxşar vəzifələrdə işləməyi düşünürəm”.

“İlk ixtisasları aktual olmayanlar yenidən təhsil almaq üçün müraciət edirlər”
Gəncə Dövlət Universitetinin (GDU) tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov əlavə təhsil üçün qəbul qaydalarını açıqladı : “Qəbul qaydaları müvafiq qanuna əsasən həyata keçirilir. Universitetimizdə ikinci ali təhsil almaq istəyənlər üçün “Psixologiya”, “İqtisadiyyat” və “Məşqçilik” ixtisaslarına qəbul aparılır. Pedaqoji ixtisaslarda ikinci ali təhsilə icazə verilmir. Müraciət edənlər onlayn qeydiyyatdan keçdikdən sonra ixtisas sualları elektron poçtlarına göndərilir, imtahan təşkil olunur, komissiya qiymətləndirilməsindən sonra qəbul həyata keçirilir”. 

Prorektor deyib ki, əsasən, ilk ixtisasları aktual olmayanlar tələbat duyulan yeni ixtisaslar üzrə əlavə təhsil almaq üçün müraciət edirlər. 
Ş.Xurşudov ikinci ali təhsilin məzmun etibarilə daim təkmilləşdirilməsinin vacibliyini vurğulayıb və əlavə edib ki, “fərq imtahanları” mövcud sistemin tələbinə görə keçirilir, lakin ixtisas uyğunluğu yüksək olanlar üçün bu imtahanları minimuma endirmək mümkündür.

“Savadlı mütəxəssis olmaq üçün insan ömürboyu özünü inkişaf etdirməlidir” 
Təhsil eksperti, ADPU-nun Təlim-tədris Mərkəzinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova bildirib ki, müasir dövrdə işəgötürənlər üçün insan kapitalının əhəmiyyəti artıb. Bu da işləyənləri ixtisasartırma və təkrar ali təhsilə yönəldir: “Ölkəmizdə təkrar ali təhsilalma prosesi qanunvericiliklə tənzimlənir. Müraciət edənin əvvəl keçdiyi fənlərinin akademik göstəricilərinin tanınması, DİM imtahanlarından azadolunma məsələsi ikinci ali təhsil üçün əlavə motivasiya yaradır. Belə ki, şəxslər əlavə vaxt itirmədən birbaşa istədikləri ixtisas proqramlarına qoşula bilirlər”.

İkinci ali təhsildə əyani və qiyabi formaların üstünlükləri
Təkrar ali təhsil prosesi həm əyani, həm də qiyabi formada təşkil edilir. Təhsil ekspertinin fikrincə, bu yanaşma şəxslərə öz vaxtını və resurslarını daha effektiv idarə etməyə imkan verir. Qiyabi təhsil eyni vaxtda həm işləyən, həm də oxuyanlar üçün olduqca əlverişlidir və bu, onlara öz peşəkar fəaliyyətini təhsillə birləşdirmək imkanı verir. Bu forma xüsusilə ikinci ali təhsilə maraq göstərənlər üçün çox cəlbedicidir. Əyani təhsil daha çox interaktivliyi və şəxsi bacarıqların əyani formada təkmilləşdirməsini təmin edir və proqramın tam mənimsənilməsini dəstəkləyir. Əyani formada təhsil alanlar bilavasitə mühazirə və seminarlar vasitəsilə daha dərin biliklər əldə edirlər.

“İki fərqli ixtisasa yiyələnənlər daha rəqabətqabiliyyətli olurlar” 
İşəgötürənlərin iki ali təhsili olan mütəxəssislərə üstünlük verməsi də təsadüfi deyil. “İki fərqli ixtisas üzrə biliklərə yiyələnən şəxslər daha rəqabətqabiliyyətli olur, tez-tez menecment, maliyyə və ya strateji planlama ilə bağlı sahələrdə irəliləmə şansı qazanırlar. Əsas məqsəd isə bazarın tələb etdiyi kompetensiyalara uyğunlaşmaq, mövcud ixtisası tamamlayan yeni biliklər əldə etmək və ya tamamilə fərqli peşəyə keçid etməkdir”, - deyə ekspert bildirir.
X.Həmidovanın yekun fikrinə görə, ikinci ali təhsil Azərbaycanda yalnız yeni diplom deyil, həm də daha geniş peşə perspektivləri və davamlı karyera üçün açar rolunu oynayır. Zamanla tələbat dəyişir və savadlı mütəxəssis olmaq üçün insan ömürboyu özünü inkişaf etdirməlidir. Beləliklə, təkrar ali təhsilin təşviqi ölkənin sosial-iqtisadi tərəqqisi, innovativ potensialın artırılması və rəqabətədavamlı işçi qüvvəsi formalaşdırılması baxımından son dərəcə vacibdir.

Xəbər lenti