Logo

Azərbaycanda hansı sahənin kadrlarına tələbat artacaq?

16.01.2025 14:51 34 baxış
IMG

“İnformasiya texnologiyaları, elm tutumlu sahələrə tələbatın artması bizə gələcəklə bağlı müəyyən proqnozlar etməyə imkan verir. Gələcəkdə bu sahələrə, xüsusilə də süni intellekt, böyük verilənlər bazası analizi, kibertəhlükəsizlik və proqram təminatı inkişafı üzrə mütəxəssislərə ehtiyac artacaq”. 

Bunu TƏHSİL.BİZ -ə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müşaviri Şaiq Kazımov deyib.

Onun sözlərinə görə, Azərbaycanın 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP) ev sahibliyi etməsi ölkənin yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf sahəsində üzərinə götürdüyü yüksək hədəflərin olmasından xəbər verir. Buna görə də alternativ enerji mənbələri, ətraf mühitin qorunması və bərpa olunan enerji sahəsi üzrə peşələr gələcəkdə əmək bazarında önəmli rol oynayacaq. 

Ş.Kazımov bildirib ki, son dövrlərin tendensiyaları kimi informal, onlayn və hibrid təhsilin inkişafı ilə əmək bazarında onlayn təhsil və təlim texnologiyalarına uyğunlaşa bilən mütəxəssislərin də önəmi artacaq. Neft-qaz sənayesində texniki mütəxəssislərə tələbat müəyyən müddət ərzində davam edəcək, lakin qeyri-neft sektorunda diversifikasiya ilə bağlı yeni peşələr ön plana çıxacaq. Xüsusilə kənd təsərrüfatı, turizm və logistik sahələrdə yeni iş yerləri yaranacaq:

“Yəni yaxın gələcəkdə Azərbaycan əmək bazarında süni intellekt və maşın öyrənməsi üzrə mütəxəssislərə, kibertəhlükəsizlik analitikləri və proqram təminatı mühəndislərinə, rəqəmsal marketinq və e-ticarət üzrə mütəxəssislərə, bərpa olunan enerji mühəndislərinə, ekologiya üzrə mütəxəssislər və iqlim dəyişikliyi üzrə analitiklərə, rəqəmsal təhsil platformalarını idarə edən texnologiya mütəxəssislərinə və s. tələbat artacaq”.

Xəbər lenti