Azərbaycanın ali təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin qış imtahan sessiyası dövrüdür. Bu günlərdə Dövlət Gömrük Komitəsinin Akademiyasında da həyəcanlı günlər başlayıb.
TƏHSİL.BİZ ali təhsil müəssisəsinin bir imtahan gününü izləyib tələbələrin həyəcanını öz səhifələrində əks etdirməyə çalışıb. Akademiyanın 28 nəfərlik 4 otağında gün ərzində bir neçə seansda keçirilən imtahanlarda 3 ixtisas üzrə tələbələr iştirak edirlər.
“Hüquqşünaslıq”, “İqtisadiyyat”, “Beynəlxalq ticarət və logistika” ixtisasları üzrə təhsilalanlar məhkəmə ekspertizası, ingilis dili və menecment fənlərindən imtahan verirlər.
“İmtahanı uğurla verəcəyimi düşünürəm”
Gövhər Həsənli Hüquq fakültəsinin II kurs tələbəsidir. 2024/2025-ci il qış imtahan sessiyası üzrə 3-cü imtahanını verməyə hazırlaşır: “Uğurla verəcəyimi düşünürəm. Ötən ildən bir kəsirim qalıb, ancaq düzəltmək üçün müraciət etməmişəm, özümü imtahana hazır hesab etmirəm. Bu imtahan sessiyası bitəndən sonra o imtahana hazırlaşacağam”.
Gövhərin qrup yoldaşı Arzu Əliyeva söhbətə qoşulur: “Kəsirim olmayıb, ümid edirəm olmayacaq da”.
Elnaz Hüseynli eyni ixtisas üzrə təhsil alır. Akademiyada mühit çox yaxşıdır. Hamının bir-birilə yaxşı münasibəti var. Artıq 3-cü imtahanımızı veririk. Bu gün ingilis dilindən danışıq üzrə imtahana girəcəyik, sabah isə final imtahanımız var”.
Qızlar imtahanlarda şəffaflıq olduğunu deyirlər: “Biz imtahanları kompüter vasitəsilə veririk. Suallara cavab yazırıq və müəllimlər kimin cavabını yoxladıqlarını bilmədiklərindən hər hansı saxtakarlıq, yanlış qiymətləndirmə olmur”.
Böyükağa Gözəlov “İqtisadiyyat” ixtisasının III kurs tələbəsidir. Gömrük sistemində çalışmaq istədiyi üçün Akademiyanı seçib.
Onun qrup yoldaşı Sənan Hüseynzadənin sözlərinə görə, onların da 3-cü imtahanı olacaq: “Menecment imtahanına hazırlaşırıq. Birinci kursda təhsil alarkən bir kəsirim oldu, artıq elə səhvlər eləmirəm”.
Elgün Musayev də imtahana hazırdır. Ölkədə savadlı, bacarıqlı kadrlar olmağımız üçün müəllimlərimizin səylərini hiss edir və qiymətləndiririk”.
İmtahanda
İmtahan prosesinin ikinci seansı davam edir. Eyni vaxtda 4 otaqda imtahan gedir. 5 açıq sualı cavablandırmaq üçün ayrılan vaxtın yarısı geridə qalıb. Artıq işini bitirənlər belə var. “İqtisadiyyat” ixtisasının III kurs tələbəsi Sənan Hüseynzadə və dostları işlərini bitiriblər. Sənan bu imtahanını da əvvəlki uğurlu imtahanları siyahısında qeyd edir: “Bundan sonra 2 imtahanım qalıb. Bu gün daxil olmaqla 3 imtahanımı artıq uğurlu saya bilərəm. 1 saat 40 dəqiqə vaxt verilmişdi. İlk 40 dəqiqədə 5 sualın hamısını cavablandırdım. İmtahanlarda ən çox xoşuma gələn odur ki, açıq suallar qoyulur. Tələbə öz fikrini sərbəst ifadə edə bilir, biliyini nümayiş etdirmək imkanı qazanır”.
Sənan IV kursun ilk semestrindən magistraturaya hazırlaşacaq: “Nəhəng şirkətlərin fəaliyyətlərinə qoşulmaq, müsabiqə və yarışlarda iştirak etməyi planlaşdırırıq. Məndən başqa tələbələr də var, komanda yaratmışıq”.
Qiymətləndirmə
Akademiyada fərqli hesab etdikləri sahələrdən biri də qiymətləndirmədir.
İmtahanlar kağız üzərində yox, monitor qarşısında, kompüterdə aparılır: “Kompüter bacarıqları olmayan tələbələr üçün istisna hallarda xüsusi barkodlu kağız üzərində imtahan aparılmasına da icazə verilir.
Akademiyanın Monitorinq və Qiymətləndirmə şöbəsinin rəisi Əbilxan İsayev məlumat verib ki, müəssisədə imtahanlar Elm və Təhsil Nazirliyinin müvafiq əmri əsasında müəyyən edilən qaydalarla həyata keçirilir. Amma Akademiya davamiyyət balının qiymətləndirilməsində yeni bir düstur tətbiq edib. Nəticədə dərsburaxma limitini dolduran tələbənin davamiyyət balı sıfırlanır: “Bu tələbələri dərslərdə aktiv iştiraka təşviq məqsədi daşıyır”.
Başqa bir dəyişikliklə sərbəst işin sayı 1-ə endirilib, amma həmin işdə tələbədən dərin tədqiqat işi tələb olunur ki, bu da tələbənin tədqiqat bacarığının inkişafı məqsədilə edilib.
Əsas hədəf tədrisdə keyfiyyətdir
Qeyd edək ki, yanvarın 16-da keçirilən imtahanları Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri də izləyib.
Şura üzvlərinə Akademiya ilə bağlı məlumat verilib. Tədrisin keyfiyyətinin təmin olunmasından, imtahan və qiymətləndirmə prosesindən danışılıb. Şura üzvləri Akademiyada şəraitlə, texniki nəzarət vasitələri otağında, tələbələr üçün yaradılan təhsil mühiti ilə tanış olublar.
İctimai Şuranın sədri Hikmət Əlizadə qeyd edib ki, Şura üzvlərinin ölkədəki ali təhsil müəssisələrində görüşləri təşkil edilir. Təhsilin keyfiyyəti ilə tanış olmaq məqsədi daşıyan bu görüş də faydalı olub: “Təhsilin inkişafı həm də valideyn və tələbə amilindən asılıdır. Ona görə də, təhsilin inkişafında bu amillər də nəzərə alınmalıdır”.
Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə mövqeyinin irəlilədiyini vurğulayan H.Əlizadə tezliklə bu istiqamətdə daha yaxşı nəticələrimiz olacağına inamını ifadə edib.
Akademiyanın rəisi Qulu Novruzov təhsil müəssisəsində əldə etdikləri nailiyyətlərə diqqət çəkib. Şura üzvlərinə məlumat verib ki, Akademiya 2012-ci ildə təsis edilsə də, 2014-cü ildən qəbul həyata keçirir. Bakalavr səviyyəsində 2 ixtisas üzrə qəbula başlayan Akademiyada artıq 5 bakalavr, 2 magistratura üzrə 600-ə, 2 təkrar ali təhsil istiqaməti üzrə 250-yə yaxın tələbə təhsil alır. 2021-ci ildən Akademiya təkrar ali təhsilin əlavə təhsil istiqaməti üzrə də qəbul həyata keçirir. 2022-ci ildən isə 2 ixtisasın tədrisi ingilis dilində təşkil edilir. 2009-cu ildən “İqtisadiyyat” və “Hüquqşünaslıq”, 2019-cu ildən isə “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə tələbə qəbuluna başlayıb.
Qeyd edilib ki, 2021-ci ildə gömrük ixtisasına ən yaxın sayılan “Beynəlxalq ticarət və logistika” ixtisasına qəbul aparılıb, bakalavr səviyyəsində ixtisas sayı artırılıb. Qəbul nəticələrinə görə, 2020-ci ildən bəri bu ixtisas üzrə ən yüksək keçid balı məhz Gömrük Akademiyasındadır.
Q.Novruzov əlavə edib ki, məzunları gömrük orqanlarında işlə təmin edilirlər. İşlə təmin edilməyənlər isə ya hərbi xidmətə, ya da magistraturaya gedir.
Akademiyanın rəisi Qulu Novruzov “Azərbaycan müəllimi”nə açıqlamasında deyib ki, əsas hədəfləri tədrisdə keyfiyyətdir: “Fəaliyyətimizlə hazırladığımız kadrların rəqabətədavamlılığını təmin etməyə çalışırıq. Tədrisin təşkili, təlim mühiti, imtahan sessiyası, qiymətləndirmə məsələləri ilə tanış olublar, Akademiyanı fərqləndirən özəllikləri qonaqlarımızın diqqətinə çatdırdıq”.
İctimai Şura üzvlərinə məlumat verilib ki, Litva, Türkiyə universitetləri ilə əməkdaşlıq çərçivəsində tələbə mübadiləsi və ikili diplom proqramı həyata keçirilir. Akademiya dövlət standartları ilə yanaşı, beynəlxalq sertifikatlara - keyfiyyət, əməyin mühafizəsi və təhlükəsizliyi, müştəri məmnuniyyəti istiqaməti üzrə 3 aktiv İSO sertifikatına sahibdir.