Logo

Dövlət Proqramı iştirakçısı ADA Universitetində seminar keçib

03.02.2025 14:26 85 baxış
IMG

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Lancaster Universitetində “Kompüter mühəndisliyi, insan-kompüter əlaqəsi (human-computer interaction)” ixtisası üzrə PhD təhsili alan Lalə Quluzadə ADA Universitetində seminar keçib.

TƏHSİL.BİZ  xəbər verir ki, seminarda ali təhsil müəssisələrinin müəllim və tələbələri iştirak edib. DP təqaüdçüsü “Azərbaycan müəllimi”nə seminarın mövzusu barədə məlumat verib:
  
- Yanvarın 30-da ADA Universitetində doktorantura mövzum olan “Sağlamlıq və rifaha yönəlik texnologiyaların dizaynında insan-kompüter interaksiyasının rolu” ilə bağlı seminarda çıxış etdim. Mövzu həm dünyada, həm də ölkəmizdə çox tez-tez rast gəlinən, sağlam qidalanmama nəticəsində yaranan xroniki xəstəliklər (diabet, qidalanma pozuntuları və s.) üçün yeni texnologiyaların inkişaf etdirilməsi ilə bağlı idi. Ölkəmizdə kompüter elmləri dedikdə, daha çox kommunikasiya sistemləri, kibertəhlükəsizlik və ya şəbəkələşmə sahələri nəzərdə tutulsa da, əslində, sağlamlıq və rifaha yönəlik texnologiyaların inkişaf etdirilməsi də bu sahəyə daxildir. Lakin bu, çox az bilinən bir mövzudur. Seminarda araşdırma mövzum çərçivəsində apardığım bir neçə çalışmadan bəhs etdim. İlk araşdırmam insanların öz sağlamlıq məlumatlarını izlədikləri mobil tətbiqlər, bu tətbiqlərin kimlər tərəfindən inkişaf etdirildiyi və istifadəçilər üçün nə dərəcədə etibarlı olduğu ilə bağlı idi.

Daha sonra ikinci çalışmamda mövcud texnologiyaları, onların müsbət və mənfi tərəflərini, eləcə də insan-kompüter interaksiyası sahəsində çalışan tədqiqatçıların sağlamlıq texnologiyalarını necə daha effektiv inkişaf etdirə biləcəkləri haqqında danışdım. Bu məqsədlə hazırladığım metod kartları və yeni dizayn təlimatı ilə bağlı fikirlərimi seminar iştirakçıları ilə bölüşdüm. Seminarda bir neçə maraqlı sual səsləndi. Bunlar arasında istifadəçilərin sağlamlıqları üçün yedikləri qidaların inqrediyent və kalorisini özlərinin müəyyənləşdirməsi üçün hansı texnologiyaların daha uyğun ola biləcəyi, eləcə də bu texnologiyaların inkişaf etdirilməsində tibb işçilərinə nə dərəcədə ehtiyac duyulduğu ilə bağlı suallar yer alırdı”.

Seminar müəllim və tələbələr, bu sahədə tədqiqatlar aparan mütəxəssislər tərəfindən maraqla qarşılanıb. 

 


 

Xəbər lenti