Logo

BDU-nun professoru: Xalqımız Xocalı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir

25.02.2025 15:54 46 baxış
IMG

AMEA-nın Folklor İnstitutunda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalıda o gecə...” adlı anım tədbiri keçirilib. İnstitutun Yeni Azərbaycan Partiyası ərazi partiya təşkilatının dəstəyi ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Folklor” studiyasının hazırladığı “Xocalıda o gecə...” sənədli filmi nümayiş olunub.

Bu barədə TƏHSİL.BİZ-ə institutdan bildirilib. Tədbirdə çıxış edən Folklor İnstitutunun direktoru dosent Hikmət Quliyev deyib: “Biz bu gün etnik və milli ayrı-seçkilik zəminində erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi qətliamlardan biri – Xocalı soyqırımının 33-cü ildönümünü yad edirik. Bu qətliam təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, insani dəyərlərə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Beynəlxalq hüquqa görə, Xocalı qətliamı bir xalqın soyunu, kökünü məhv etməyə yönəlmiş soyqırımı aktıdır. O vurğulayıb ki, Azərbaycan “Xocalıya ədalət!” kampaniyasını bir gün belə dayandırmayıb, Xocalı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atıb. Nəhayət, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, güclü Ordumuzun rəşadəti sayəsində tarixi ədalət bərqərar olub, Xocalı da, Qarabağ da, Şərqi Zəngəzur da əsl sahiblərinə qayıdıb.

“Bu gün biz Xocalı soyqırımını yad edərkən kədərlə yanaşı, həm də qürur hissi keçiririk. Qürurluyuq ki, Xocalı əsl sahiblərinə qaytarılıb, bu yurdun əzəli-əbədi sakinləri artıq yenidən qurulan, abadlaşan Xocalıda məskunlaşıblar”, - deyə Hikmət Quliyev qeyd edib.

Tədbirdə Xocalı sakinləri Nazim Hüseynov və Eldəniz Ağayev erməni vəhşiliyi və vandalizmi haqqında danışıblar. Qeyd ediblər ki, həmin gecə Xocalıda baş verənləri unutmaq, yaddaşdan silmək qeyri-mümkün olsa da, bu gün azad Xocalını görmək, o torpaqlara ayaq basmaq olduqca böyük qürur və sevinc bəxş edir.

Daha sonra institutun elmi işlər üzrə direktor müavini dosent Afaq Ramazanova, Folklor İnstitutu YAP ərazi partiya təşkilatının sədri dosent İlhamə Qəsəbova, Nəşriyyat şöbəsinin müdiri Mahir Cavadlı, “Folklor” studiyasının rəhbəri Mahir Ordubadi çıxış edərək Xocalı faciəsinin xalqımıza qarşı törədilmiş ən dəhşətli və qəddar cinayətlərdən biri olduğunu və bu cinayətə dünya səviyyəsində hüquqi qiymət verilməsinin zəruriliyini vurğulayıblar.

Xəbər lenti