Logo

22 İyul - Mətbuatımızın milli günü dosent Yusif Alıyevin qələmində...

22.07.2021 11:20 660 baxış
IMG

Bu gün əlamətdarlığına görə bəlkə də təqvimdəki özəl günlərin ən önəmliləri ilə müqayisə oluna bilər. Çünki bu günün fəlsəfəsində oyanış, intibah, dəyişim, inkişaf durur.

 

Dünya ədəbiyyatının tanınmış qələm sahibi Fyodor Dostoyevski böyük rus yazıçısı Qoqolun Rusiya ədəbiyyatına gətirdiyi yeniliklər içərisində onun "Şinel" hekayəsini o vaxtkı cəmiyyətin real durumunu əks etdirən ən böyük əsər kimi qəbul edərək, Qoqoldan sonra gələn bütün yazarların da məhz bu əsərin ideyasından bərhrələndiyi qənaətinə gələrək, "Biz hamımız Qoqolun Şinelindən çıxmışıq" söyləmişdi.


Milli təfəkkürümüzün intibahında müstəsna xidmətləri olmuş böyük Mirzə Cəlilin "Poçt qutusu" hekayəsinin də Azəraycanda  xurafata uğramış cəmiyyətin savadsızlığa, nadanlığa, boyunduruğa, avamlığa, cəhalətə qarşı mübarizə yolunda ən kəsərli ədəbi əsər olduğunu və böyük Cəlildən sonra gələn yazarlrın bu vasitədən bəhrələndiyini görən tanınmış Azərbaycan yazarı, ədəbiyyatşünas alim Mir Cəlal da "Biz hamımız Mirzə Cəlilin Poçt qutusundan çıxmışıq", - söyləmişdir.


Bəli, bu iki nəhəng yazarın iki dahi haqqında söylədiyi böyük fikirləri ümumiləşdirərək Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühitində mübaliğəsiz inqilabi uğur sayıla biləcək "Əkinçi" qəzetinin yaranmasına rəğmən söyləyə bilərik ki, biz həmçinin böyük Zərdabinin "Əkinçi"sindən çıxmışıq.

 

Həmçinin əminliklə deyə bilərəm ki, "Əkinçi"nin məşəqqətli həyat yolu Zərdabinin əyilməz şəxsiyyəti üzərində qurulmuşdu. 
Ümumiyyətlə, Azərbaycan mətbuatının atası, banisi sayılacaq böyük Həsən bəy Zərdabi həyatını bütünlükdə çətinliklər, bir qədər də ehtiyaclar içində yaşamışdı. 
Niyə?
Ona kasıblıqmı mane oldu, yoxsa təhsilsizliyimi əngəl oldu?
Əsla! 
Hamı bilir ki, Həsən bəy Səlim bəy Məlikovun oğlu idi. Lakin o atasından qalma bəy mülkini satıb onun pulu ilə payi-piyada Azərbaycanı kəndbəkənd gəzib-dolaşıb yetim-yesir uşaqlarını, istedadı olan türk balalarını oxudub. Özü də bu yolda millətinə bu sözləri ərmağan edib: “Övladınızı oxudun, ən son əşyanızı belə satıb övladınızı oxudun”. Demək ki, Zərdabi həyatını əsl bəy dövranı ilə də yaşaya bilərmiş...

 

Məlumdur ki, Həsən bəy Moskva Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil almış və müsəlmanlar içərisində ilk dəfə riyaziyyat üzrə aspiranturaya daxil olmulş türk oğludur. Professor Solovyovun təkidi ilə MDU-da qalmaq xahiş edilsə də, hətta bu təklifə şirnikləndirmək üçün öz sevimli qızını da ona ərə verməyə razı olan professorun fikirlərinə qarşı gedərək öz Vətəninə gəlməyi üstün tutmuşdu Zərdabi. Demək ki, Həsən bəy öz təhsili ilə də dünya şöhrətli alim olmaq yolundan vaz keçərək milləti yolunda çətinliyi, məhrumiyyəti seçdi...

 

Bəs elə isə əlindəki böyük xoşbəxtlikləri buraxıb palçıqlı, tozlu-torpaqlı yollara aparan nə idi, bu dahini?

 

Vətən sevgisi, millət yanğısı, müəllim arzusu. Bu yolda nə qədər çətinliklərə sinə gərdi, problemlərlə qol-boyun yaşadı, üzərinə gələn çoxlu sayda hədələrə, tənələrə, təhqirlərə dözdü. Lakin bu dahi millətinin uğurlu gələcəyi naminə daim yorulmadan qurdu, yaratdı. 70 illik sonsuzluğa bərabər ömür yaşadı, böyük Zərdabi. Fəqət arzularının çoxuna nail ola bilmədi. Lakin fiziki ömründən sonra Zərdabinin mənəvi ömr səhfəsi açıldı. O öz ölümsüzlüyü ilə bizlərə şərəfli, ləyaqətli ZƏRDABİ YOLUNU ərmağan etdi. 

 

Nə mutlu bizə ki, bu gün ulu Zərdabi ənənələrini sönməz eşqlə, böyük şövqlə davam etdirən müstəqil Azərbaycan mediası vardır. Mediamızın inkişafı yolunda Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Mirzə Cəlil, Nərimanov kimi imzalardan sonra Azərbaycan jurnalistikasında milli düşüncə, milli üslub, milli baxış, elmi yanaşma formalaşdıra bilmiş, öz elmi məktəblərini yaratmış Şirməmməd Hüseynov kimi nəhəng şəxsiyyətin davamçılarından Nəsir  Əhmədli, Cahangir Məmmədli kimi böyük alimlər də jurnalist məharətləri ilə dilimizin, mədəniyyətimizin qlobal basqılardan qorunaraq saflıqla gələcək nəsillərə ötürmüşdür.

 

Qloballaşan dünyada nəzəri və akademik səviyyədə jurnalistikamızın keşiyində dayanan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı dəyərli Vuqar Zifəroğlunu və iş kollektivini, praktik şəkildə mətbuatımızı qoruyan saflaşdıran media orqanlarında fəaliyyət göstərən, vaxtilə sıralarında çalışdığım, bu gün də özümü o sırada hiss etdiyim qocaman "Şərq" qəzetinin kollektivinə, bu gün bizimlə əməkdaşlıq edən "Azərtac Agentliyi", "Azərbaycan müəllimi", "Yeni Azərbaycan" qəzetlərinin kollektivinə, sayt və informasiya agentliklərinin kollektivlərinə, həmçinin hər an bir yerdə olduğumuz bölgənin aparıcı televiziya kanalı olan "Qafqaz" TV kollektivinə, daim maraqla izlədiyimiz, doğru xəbərlər yayımlayan "Real" TV kollektivinə və bütünlüklə Azərbaycan mediasının inkişafında xidmətləri olan bütün media təmsilçilərini 22 İyul - Milli Mətbuat günü münasibətilə təbrik edirəm. Müstəqil və qalib Azərbaycanın uğurlu gələcəyi naminə daha böyük əzmkarlıq arzulayıram. 
İnanıram ki, böyük Zərdabinin həyatı haqqında söylədiyim fikirlər müasir dövrümüzdəki jurnalistlərimiz üşün də örnək olaraq onları öz müqəddəs peşələrinin icrası zamanı heç bir maddiyata, qərəzə, yanlışa yol verməyə imkan verməyəcək. 

 

Bu yolda daim öyrənməli, araşdırmalı, yeniliklərə, tənqidlərə açıq olmaq lazımdır. 

 

P. S. Bu gün Azərbaycan mediasına böyük örnək olan, 44 günlük vətən müharibəsində beynəlxalq media qurumları qarşısında hərtərəfli hazırlıq səviyyəsi nümayiş etdirərək milli maraqların necə ustalıqla qorunmasını bizlərə dərs kimi keçən cənab Prezidentimizdən də çox incəlikləri öyrənməliyik.

Xəbər lenti