Avropa İttifaqı dünyada sülhün və sabitliyin qorunmasında səlahiyyətləri olan nüfuzlu bir beynəlxalq təşkilat kimi Azərbaycana dair qəbul etdiyi bir sıra sənəd və qətnamələrdə ölkəmizin ərazi bütövlüyünü tanıdığını bəyan edib. Cənab Prezident İlham Əliyev 17-18 iyul 2021-ci il tarixlərində Azərbaycana səfər etmiş Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə produktiv müzakirələr aparmış, bu zaman tərəflərin öz maraqlarını səmimi şəkildə ifadə etmələri diqqət çəkmişdir. Avropa İttifaqının Azərbaycanla münasibətlərini daha çox iqtisadi əsaslarla nəzərdən keçirmək istəyi hazırda özünü daha qabarıq göstərməkdədir. Bunun əsas səbəblərindən biri Prezident İlham Əliyevin Şarl Mişelin İrəvandakı “status” bəyanatının üzərindən xətt çəkərək Qarabağın statusu məsələsində qəti mövqe ortaya qoymasıdırsa, digər səbəbləri Azərbaycanın Avropanın enerji bazarlarında rolunun artması, Zəngəzur dəhlizinin reallaşmasının Çinlə iqtisadi-ticari əlaqələrin inkişafına müsbət təsir göstərə biləcəyi perspektivinin real olması, Kiçik Asiya, Xəzər və Mərkəzi Asiya regionlarının iqtisadi- logistik imkanlarından yararlana bilmək üçün münbit şəraitin yaradılmasında ölkəmizin vacib rolunun dəyərləndirilməsi, Azərbaycan-Türkiyə qardaşlıq ittifaqının yeni daha yüksək keyfiyyət mərhələsinə keçməsi və digər amillərdir. Əvvəllər Azərbaycanda bir neçə dəfə rəsi səfərdə olmuş Avropa Komissiyasının sədri Joze Manuel Barrozo öz çıxışlarında Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləməsini açıqca bəyan etmiş, Avropa Parlamenti isə işğal faktını tanıyan qətnamə qəbul etmişdi. “Cənub Qaz Dəhlizi haqqında birgə bəyannamə”ni imzalanması ilə rəsmi Bakı Azərbaycanın Avropaya daha çox qaz ixrac edəcəyini və Nabukko layihəsini dəstəklədiyini ortaya qoydu. Azərbaycanın Avropa Birliyi ilə imzalamış olduğu İndikativ Proqrama görə siyasi və iqtisadi islahatlar dərinləşdikcə Azərbaycan Avropaya daha çox yaxınlaşacaqdır. Bu proqramın bir çox bəndləri artıq reallığa çevrilmişdir. Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlığın tarixinə qısa ekskursiya etsək görərik ki, bu əməkdaşlığın hüquqi əsası 1996-cı il aprelin 22-də Tərəfdaşlıq və Əməkdaşlıq Müqaviləsinin imzalanması ilə qoyulmuşdur. Müqavilədə əməkdaşlığı yeni əsaslar üzərində möhkəmləndirmək üçün mexanizmlərin yaradılması, münasibətlərin yeni inkişaf fazasına istiqamətlənməsi prioritet olaraq göstərilirdi. Bu Saziş xüsusən siyasi, insan hüquqları, ticarət, investisiya, iqtisadi və başqa sahələrdə əməkdaşlığı yeni keyfiyyət müstəvisinə keçirmək, həmçinin ölkə qanunvericiliyinin Avropa İttifaqının normativ aktları ilə uyğunlaşdırılması yönümündə işlər görülməsi məqsədi daşımışdır. Aavropa İttifaqı və Azərbaycan Respublikası arasında daha bir sənəd 2006-cı il noyabrın 14-də imzalanmışdır və Avropa İttifaqı – Azərbaycan Fəaliyyət Planı adı ilə tanınır. Dağlıq Qarabağ məsələsinin sülh dinc yolla nizamlanması, demokratiyanın gücləndirilməsi, sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, Aİ-Azərbaycan arasında enerji və nəqliyyat, həmçinin regional əməkdaşlığın gücləndirilməsi, məhkəmə, azadlıq və təhlükəsizlik sahələrində, o cümlədən sərhəd işlərində əməkdaşlıq kimi məsələlər Fəaliyyət Planının əsas istiqamətləri kimi müəyyən edilmişdir. Azərbaycanı Avropa İttifaqı ilə çoxtərəfli formatda bağlayan yeni sənəd Şərq Tərəfdaşlığı adlanır. Bu proqram Avropa Birliyinin 2009-cu ildəki sammitində qəbul edilib. Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovanın Aİ ölkələri ilə faydalı əməkdaşlığını ehtiva edən bu razılaşma Azad ticarət sahəsində yeni sazişlər, enerji təhlükəsizliyi, Aİ-nin maliyyələşdirdiyi proqramlar, vizasız səyahət, Aİ-nin əmək bazarına giriş, Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə və standartlarına uyğunlaşma və digər sahələrə aid ikitərəfli platformaların yaradılması, əməkdaşlığın gücləndirilməsinə təkan vermişdir.Həmçinin, Avropa İttifaqı, Azərbaycan neftinin ən iri istehlakçısıdır. Bu illər ərzində Azərbaycan şirkətlərinə göstərilən maliyyə dəstəyinin həcmi 222 mln avro təşkil etmişdir. Hazırkı mərhələdə Azərbaycan Respublikasının Avropa İttifaqı ilə münasibətlərində əsas məqsədi strateji əlaqələri daha da dərinləşdirmək və Avropa İttifaqının bazarına daha da yaxın olmaq üçan bütün sahələrdə effektli və kompleks tədbirlərin görülməsini təmin etməkdən ibarətdir. Bu gün Avropa İttifaqı siyasi və iqtisadi islahatların aparılmasında Azərbaycanı dəstəkləməkdə davam edir.
Firdovsi Tağıyev
Neftçala rayon sakini, ziyalı, müəllim