Öz inkişaf tarixinə adi bir məktəb kimi fəaliyyətdən başlayan müasir ali təhsil müəssisələri olan universitetlər elmin, biliyin və cəmiyyətlərin inkişafı ilə həmahəng olaraq durmadan yenilənmiş və zamanla ayaqlaşmaq üçün bu gün də yeniliyin önündə getməyə davam edir. Başqa cür mümkün deyil, çünki elmi-texniki, rəqəmsal tərəqqinin müasir sürəti hər sahədə olduğu kimi ümumtəhsil məktəblərindən tutmuş ali təhsil müəssisələrinin də inovativ metodlarla yaşamasını tələb edir. Həyatımızın bütün sahələrinə siyarət etmiş texnoloji tərəqqi bizlərdən son dərəcə qeyri-müəyyən görünən gələcəyə ciddi şəkildə hazır olmağımızı vacib edir. 44 gün davam edən Vətən müharibəsində ordumuzun dünyanı heyrətləndirən qəhrəmanlıqları ilə yanaşı istifadə etdiyi ən müasir hərbi texnologiya ilə özünü məğlubedilməzliyinə inandırmış düşmən ordusunu darmadağın etməsi bu mühüm məsələnin ən bariz nümunəsidir.
Yaxın gələcəkdə yaşayacaq insanların öz həyat yolu xəritəsini düzgün formalaşdırılmasını nəinki təxmin etmək, onu hətta elmi əsaslarla müəyyənləşdirmək vüsət almaqda olan rəqabətə tab gətirmək istəyən bütün təhsil müəssisələrinin, necə deyərlər, olum və ya ölüm məsələsidir.
“Bu işi ən yaxşı formada həyata keçirmək üçün İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı OECD (İƏT) “Təhsil və bacarıqların gələcəyi – 2030” layihəsinə başalamışdır. Bu proyektin məqsədi ölkələrə geniş miqyaslı iki suala cavab tapmaqda kömək etməkdir:
– Bu günün tələbələrinə öz dünyalarını inkişaf etdirmək və formalaşdırmaq üçün hansı bilik, bacarıq, münasibət və dəyərlər lazım gələcək?
– Təlim müəssisələri bu bilik, bacarıq, münasibət və dəyərləri efektiv şəkildə necə inkişaf etdirə bilərlər?”* (The future of education and skills Education 2030, s.2)
Hələ də köhnəliyin arxivi kimi fəaliyyət göstərən müasirliyə keçə bilməyən təhsil müəssisələrində təhsil almaq öz mənalı vaxtını öldürmək və ya geriyə addımlamaqdan başqa bir şey deyildir. Ona görə də müasir təhsil müəssisələri öz funksiyalarını sadəcə bilik, bacarıq istehsal etməklə məhdudlaşdıra bilməz. Bu mənada bütün dünyada ali təhsil müəssisələri bilavasitə gələcəyə hədəflənir, öz yetirmələrini bu gün adi görünən, lakin gələcəkdə həyat normasına çevriləcək innovativ münasibətlərə yiyələnməyə motivasiya etməyə çalışır, onları yalnız lokal şərait üçün deyil, qlobal vətəndaş kimi dünyanın hər hansı nöqtəsində istənilən problemin həllində öz qabiliyyət və səriştəsi ilə faydalı ola biləcək mütəxəssis kimi görmək istəyir.
***
Gələcək inkişafına əslində iki il öncədən başlamış ADPU-nun Quba filialı ölkə və dünya ali təhsil müəssisələri ilə müqayisədə kiçik görünsə də, atdığı inamlı addımlarla həm regionumuz, həm də ölkəmizdə diqqət mərkəzində olmağı bacarmışdır. Artıq beynəlxalq əlaqələr qurmaqda olan filialımız oz maddi-texniki bazasını, elmi potensialını günün tələblərinə uyğun olaraq yeniləmiş, uğulu kadr siyasəti ilə tələbə və ictimaiyyətin rəğbətini qazanmışdır.
“Təhsil sahəsindəki tədqiqatlar göstərir ki, ali təhsil müəssisələrinin ənənəvi funksiyaılarından əlavə üçüncü missiyası da olmalıdır – onlar yerləşdikləri icmanın iqtisadi, sosial və mədəni inkişafına kömək etməlidirlər.”* (http://erasmusplus.org.ge/) Bu mənada universitetimizin yerləşdiyi region turizmin çoxsaylı növlərindən biri olan mədəniyyət turizminin (cultural tourism) yaranması və dayanıqlı inkişafı üçün geniş imkanlara malikdir. Turizmin bu növü əksər ölkələrdə artıq böyük biznesə çevrilmişdir. Müşahidələr göstərir ki, son dövrlərdə ayrı-ayrı ölkələrin mədəni irsini öyrənməyə marağı olan turistlərin sayı getdikcə artmaqdadır. Mədəniyyət turizmi turistlərə fərqli mədəniyyətlərin öyrənilməsi, bu irsin sahiblərinin milli, dini, linqvistik xüsusiyyətləri, məişət, mətbəx və digər adət-ənənələri haqqında dolğun və əyani informasiya verməklə yanaşı, həmin regionun identifikasiyası, özünə məxsusluğunu nümayiş etdirir. Bədnam qonşularımızın lavaşımızdan, dolmamızdan tutmuş musiqimizə qədər əksər milli-mədəni dəyərlərimizi özününküləşdirmələri üçün dəridən-qabıqdan çıxmalarını hamımız yaxşı xatırlayırıq.
Mədəniyyət turizminin inkişafı, xaricdən göstərilən marağın nəticəsi olaraq lokal irsin tərkib hissələri yeni inkişaf dövrünə qədəm qoyur. Məsələn, tutaq ki, rayonumuzun hansı bir kəndində isə bir zamanlar yaxşı gəlir gətirən dulusçuluq az qala unudulmaqdadır. Bu sahə ilə maraqlanan turistlər həm də potensial alıcıdırlar. Ona görə də həmin qədim əl sənətinə yiyələnib onu inkişaf etdirməyə çalışanların sayının artması və sağlam, faydalı rəqabətin yaranması labüddür. Digər tərəfdən, mədəniyyət turizmi mədəniyyətlərarası əlaqələrin inkişafına təkan verib xalqlar arasında qarşılıqlı anlaşamanın inkişafını təmin edir.
Şimal regionunda olan çoxsaylı tarixi abidələr, muzeylər, dini tikililər və s. mədəniyyət turizmi ilə maraqlanalar üçün əvəzolunmaz imkanlar yaradır.
Təkcə Quba rayonunda iyirmidən yuxarı etnik azlıq yaşayır. Bu da öz növbəsində regionumuzda mədəniyyət turizminin növlərindən biri olan etnik turizmin (ethnic tourism) inkişafı üçün əlverişli imkan yaradır. Neçə-neçə kəndin (Xınalıq, Qırız, Buduq, Cək və s.) öz dilinin olması dünyanın möcüzələrindən hesab oluna bilər. Bütün bunlar ADPU-nun Quba filialının regionumuzda mədəniyyət turizminin inkişaf etdirməkdə nə qədər əhəmiyyətli rol oynaya biləcəyini göstərir. Bu sahənin uğurlu və rentabelli inkişafı şübhəsisz ki, xarici dillərin öyrənilməsini ön plan çəkir. Filialımızda ingilis, alman, fransız və rus dilləri üzrə turizm profilli mütəxəssislərin hazırlanması, zənnimizcə, bu sahənin dünya standartları səviyyəsində inkişafına təkan verə, filialımızın reytinqini bir qədər də artıra bilər. Mədəniyyət turizmi regionumuzun mədəni, sosial-iqtisadi inkişafını daha da sürətləndirə bilər.
Ümidvarıq ki, filialımız öz məqsədyönlü fəaliyyəti nəticəsində yaxın gələcəkdə müstəqil unuversitet kimi həm ölkə, həm də beynəlxalq universitetlərlə rəqabətdə öz sözünü deyəcək, bu gün yerləşdiyi geniş ərazi o zaman ona çox darısqal olacaq və yeni korpuslarla eninə inkişafına da nail olacaq.
Yazımı bir az da pozitiv notlarala bitirmək istərdim.
Amerikada bir liseydə növbəti məzunuyyət gecəsi keçirilir. Gənclərdən biri çıxış edən məşhur bir alimdən soruşur: – Bir universitet tələbəsi olmaq necə bir şeydir? Alim suala cavab vermək əvəzinə ona bir alma verilməsini istəyir. Almanı hamının gözü qarşısında yeyib bitirən alim sual verən gəncdən soruşur:
– Yediyim almanın dadı necə idi?
– Bilimirəm, onun dadını ancaq yeyən bilər.
– Bax universitet tələbəsi olmaq da belədir, – deyə alim cavab verir. (* İngiliscədən tərcümə müəllifə məxsusdur).
Filialımızda yaranmış işgüzar atmosfer gənc alim və əməkdaşlarımıza qol-qanad verdiyi kimi nisbətən yaşlı nəsil nümayəndələrini də gənclik həvəsi ilə çalışmağa sövq edir.
Rahib Alpanlı (Sədullayev),
ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi