Logo

İMAM Əli TARİX ELMİNDƏ

04.08.2021 20:23 2347 baxış
IMG

İMAM Əli TARİX ELMİNDƏ

 
İslam dini dünyada ən geniş yayılmış monoteist dinlərdən biridir. İslam dini eramızın VII əsrində meydana gəlib. “İslam” ərəb dilindən tərcümədə “təslim olmaq” mənasını bildirir. İslam dini insandan Allahın iradəsinə və müqəddəs qanunlarına qeydsiz-şərtsiz təslim olmağı tələb etdiyi üçün ona bu ad verilib. 
İslam dininə mənsub insanlara “müsəlman” deyilir. Bu dinə Yaxın və Orta Şərq ölkələrində, Şimali Afrika və Cənub-şərqi Asiya ölkələrinin əhalisinin böyük əksəriyyəti etiqad edirlər. 
Bu dinə mənsub uca Allahın sevdiyi insanlardan biri də İmam Əlidir.

 

İslam mədəniyyətində Əlinin özünəməxsus yeri vardır. Belə ki, o İslamda müdriklik, dürüstlük, igidlik, hörmət və s. rəmzidir. Xüsusən Təsəvvüfdə Əli təfsir, fiqh və dini fikir sahələrində ən yüksək şəxs hesab olunur və o Məhəmmədin nəslinin davamçısı kimi qəbul edilir.

 

Şayiə mədəniyyətinə əsaslanan əsərlərdə Əli bilik, cəsarət, inam, dürüstlük, sədaqət, sədaqət, səxavət və mərhəmət ilə xüsusilə xatırlanır və batin sufi ənənələri üçün ən vacib mistik şəxsiyyətdir. 

 

İmam Əli barəsində bir çox məqalələr mövcuddur. Ancaq mən Tarixçi alim Samir Baxşəliyevin məqaləsini daha üstün tutaraq bu məqalədə İmam Əlinin bir şəxsiyyət kimi Xilafətin tarixində rolunun daha aydın şəkildə izah edildiyini deyə bilərəm. Samir Baxşəliyev öz məqaləsində İmam Əliyə obyektiv yanaşaraq tarixi həqiqətləri olduğu kimi işıqlandırmışdır. 

 

Həmim məqaləni sizə təqdim edirəm:  (Anar Salehoğlu)

 

HƏZRƏTİ ƏLİ VƏ ƏRƏB XİLAFƏTİ 
 
 
İslam dinini ilk qəbul edənlər arasında yer alan Həzrəti Əli İslam tarixinin ən parlaq şəxsiyyətlərindən biridir. Məhəmməd Peyğəmbərə yaxın qohumluğu, elmi, əxlaqı, cəsarəti, igidliyi onu bütün müsəlmanlara tanıtdırıb və sevdirmişdir. Müsəlmanların IV Xəlifəsi olan Əli İslam dininin təbliğinin başlanğıcından bir çox hadisələrdə başlıca rol oynadığına görə haqqında ən çox müzakirələr aparılan, çoxcildli kitablar yazılan tarixi şəxsiyyətlərdəndir. Lakin onun fəaliyyəti ölkəmizdə ilahiyyatçılar və şərqşünasların diqqətindən müəyyən dərəcədə kənarda qalmışdır.  

 

 İslam və ümumiyyətlə, müsəlman xalqlarının tarixində mövqeyi və böyük sərkərdəlik bacarığına baxmayaraq milli tarixşünaslığımızda bu günə qədər Əli ibn Əbu Talib haqqında doğru-dürüst bir elmi əsər yoxdur. Hesab edirəm ki, bu, Həzrəti Əliyə qarşı böyük haqsızlıqdır və biz tarixçilərin səhvidir. Biz bu məqalə ilə bəhs etdiyimiz haqsızlığı az da olsa, aradan götürməyə çalışacağıq.  
Həzrəti Əli Miladi (İsa peyğəmbərin doğumunun yeni eranın başlanğıcı kimi qəbul edilməsi və həmin tarixin il hesablanması üçün başlanğıc nöqtəsi götürülməsinə əsaslanan anlayış) tarixi ilə 600-cı ildə İslam Rəsuluna peyğəmbərlik gəlməmişdən 11 ya 12 il əvvəl Məkkə şəhərində anadan olmuşdu.
Həzrəti Əlinin atası Əbu Talib, anası isə Əbu Talibin əmisi qızı Fatimədir.
 Buradan aydın olur ki, Həzrəti Əli həm ata, həm də ana tərəfindən Qureyş qəbiləsinin Haşimoğulları sülaləsinə mənsubdur. Bu qəbilə İslam peyğəmbərinin qəbiləsi olmaqla yanaşı, eyni zamanda, müsəlmanların ən çox döyüşdüyü qəbilələrdəndir. Həzrəti Əlinin Talib, Akil, Cəfər adlı üç qardaşı, Ümmü Hani və Cümanə adlı iki bacısı var idi . Bunlardan ən böyük qardaşı Talibi çıxmaqla, digərləri müsəlman olmuşdular. İslam Peyğəmbəri tərəfindən Əbu Turab (torpağın atası) ləqəbi ilə mükafatlandırılan Həzrəti Əli hələ uşaq yaşlarından özünü tamamilə İslama həsr etdiyindən digər dinlərdən kənar olmuş və heç vaxt bütpərəstliyə (təbiətin cisim və əşyalarını ilahiləşdirən dini etiqad) etiqad etməmişdir. Məhz elə bu fakt Həzrəti Əlini “Aşere-i Mübeşşere” (İslam Peyğəmbəri tərəfindən cənnətlə müjdələnmiş şəxslər) arasında üstün mövqeyin sahibi edir.  

 

 Allahın Həzrəti Əliyə bəxş etdiyi ən böyük mükafatlarından biri onun Rəsuluallahın himayəsində böyüməsi idi. Belə ki, Məhəmməd Peyğəmbərin uşaqlıq və gənclik illəri əmisi Əbu Talibin, yəni Həzrəti Əlinin atasının himayəsi altında keçib. Bu səbəbdən də İslam Peyğəmbəri onların ailəsindən sayılırdı və Allahın hikmətidir ki, illər sonra Əbu Talibin kiçik oğlu olan Əli Məhəmməd Peyğəmbərin himayəsində böyüyərək onun ailə üzvü idi.  
Sözü gedən dövrdə Qureyş qəbiləsində şiddətli qıtlıq hökm sürürdü. Gələcəyin sonuncu Peyğəmbəri əmisi Əbu Talibin ailəsinin böyük, güzəranının isə çətin olduğunu görüb digər əmisi Haşimilərin ən zənginlərindən biri olan Abbasa Əbu Talibə kömək üçün hər birinin onun oğlanlarından birini himayəyə götürməyi xahiş edir. Abbas ibn Əbdülmuttalib də Rəsuluallahın təklifini bəyəndi. Onlar birlikdə Əbu  Talib gilə gələrək ona kömək etmək üçün düşdüyü çətin vəziyyət bitənə qədər onun oğullarından ikisini himayə etmək istədiklərini bildirdilər. O da Akildən başqa digər oğlan övladlarının himayəsində onlara sərbəstlik verdi. Bu razılaşmadan sonra Abbas ibn Əbdülmutalib Cəfərin, Allahın sonuncu Rəsulu isə kiçik Əlini himayəyə götürərək onun bütün tərbiyə və qayğısını öz üzərinə götürür.  
 Hesab edirəm ki, bir müsəlman üçün bundan böyük xoşbəxtlik təsəvvür etmək mümkün deyil. Çünki Həzrəti Əli İslamın ilk dəfə doğulduğu evdə böyüyərək şəxsən Allahın özünün tərbiyə etdiyi şəxs tərəfindən tərbiyələnəcəkdi. Bir rəvayətə görə Peyğəmbərimiz 5 yaşlı Əlini evinə gətirəndən sonra həyat yoldaşı Xədicəyə “mən elə birini seçdim ki, onu Rəbbim mənim üçün seçmişdir” söyləyib.  

 

 Dövrün tarixçilərinin verdiyi məlumata görə Həzrəti Əli Məhəmməd Peyğəmbərin himayəsinə keçəndə 5 yaşında idi və o, ilk namaz qılanlardandır. Belə ki, İslam Peyğəmbərinin həyatı haqqıında ən birinci bioqrafiyanı yazan ərəb tarixçisi Məhəmməd İbn İsak özünün “El mebaşüvel megazi” əsərində Həzrəti Əlinin Rəsuluallahın həyat yoldaşı Xədicədən sonra İslam dinini qəbul edən ikinci adam olduğunu qeyd edir.  
 Əbu İsaq Abbasi xəlifəsi Əbu Cəfər əl Mənsurun maliyyə dəstəyi ilə yazdığı əsərində Həzrəti Əlinin İslamı qəbul etməsini belə təsvir edir: “Həzrəti Məhəmmədə Peyğəmbərlik verildiyi zaman Həzrəti Əli 3-4 il olardı ki, İslam Peyğəmbərinin himayəsində yaşayırdı. Günlərin birində uşaq yaşlarında olan Əli İbn Əbu Talib Məhəmməd Peyğəmbərin zövcəsi (həyat yoldaşı) Xədicə ilə namaz qıldığını görür və onları bir müddət çox diqqətlə seyr edir. Daha sonra Nəbilərin Sərvərinə yaxınlaşaraq, bu nədir, ey Məhəmməd?, deyə soruşur. Rəsuluallah isə bu, Allahın özü üçün seçdiyi və peyğəmbərlə göndərdiyi dindir, deyə cavab verir.  

 

Daha sonra İslam Peyğəmbəri Həzrəti Əlini İslam dininə dəvət edərək onu Allaha ibadət etməyə çağırdı. Həzrəti Əli indiyə kimi eşitmədiyi məsələ haqda atası Əbu Talibə məsləhət etmədən qərar verə bilməyəcəyini dedi. Rəsuluallah hələ ki, bu sirrin yayılmasını uyğun bilmirdi. Çünki hələ İslamı açıqaşkar yaymaq əmri gəlməmişdi. Ona görə də Həzrəti Əliyə müsəlman olmağı istəməsə də, bu sirri gizlətməyini istədi. Bu gecə elə belə də bitdi. Daha sonra Allah Əlinin qəlbinə İslamı yerləşdirdi. Hava işıqlaşan kimi Əli Rəsulallahın yanına gələrək onu hansı dinə dəvət etməsi haqqında soruşdu. İslam Peyğəmbəri də ona Allahdan başqa ibadətə layiq məbud olmadığını, onun tək və şəriksiz olduğuna şahidlik etməyə, Əl-Lat və Əl-Uzzu bütlərini inkar etməklə bütün bütlərdən uzaq durmağı buyurdu. Bundan sonra Əli kəlmeyi-şəhadət gətirərək müsəlman oldu.  
 10 yaşından Rəsulluallahın xidmətində duran məşhur səhabə Ənəs İbn Malikə istinadən verilən məlumata görə Həzrəti Məhəmməd bazar ertəsi günü Peyğəmbər olaraq göndərildi, çərşənbə axşamı isə o, əmisioğlu Əli ilə birgə namaz qıldı.  

 

 İslam tarixində Məhəmməd Peyğəmbərin həyat yoldaşı Xədicədən sonra müsəlmanlığı ikinci kimin qəbul etməsi ən çox mübahisə doğuran məsələlərdən biridir. Bu məsələ də İslam alimlərinin fikirləri çox fərqli və mübahisəlidir. Məsələ ilə bağlı İslam tarixi ilə məşğul olan alimlərin fikirləri 3 qrupa bölünür. 
Birinci qrup alimlər Rəsulluallahın ilk həyat yoldaşı Xədicədən sonra İslamı ilk qəbul edən Həzrəti Əli olduğunu, onun hər zaman İslam Peyğəmbərinin yanında olduğunu, heç bir zaman bütlərə ibadət etmədiyini bildirirlər.  
 İkinci qrupa daxil olan alimlər isə müsəlmanlığı ikinci qəbul edənin Əbu Bəkr əs-Siddiqqin (Xilafətin I Xəlifəsi) olduğunu, onun İslam dininin hələ Ərəbistanda hakim din olmamışdan əvvəl Şamda bəzi insanlar vasitəsilə Məhəmməd Peyğəmbər haqqında məlumatlar aldığını və Həzrəti Əlinin Əbu Bəkrdən bir il sonra müsəlman olduğunu söyləyirlər.  

 

Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri kimi üçüncü qrup alimlər isə hər iki iddianı inkar edərək ikinci müsəlmanın Məhəmməd Peyğəmbərin övladlığa götürdüyü Zeyd İbn Harisənin olduğunu iddia edirlər. Qeyd edək ki, Xədicə Binti Xüveylidən sonra İslamı 7 nəfər qəbul etmişdir və bu ilk 8 müsəlmanı “Sabikini İslam” (İlk müsəlmanlar) adlandırırlar.  
 Hesab edirəm ki, Rəsuluallahın həyat yoldaşı Xədicədən sonra İslamı ikinci qəbul edən məhz Həzrəti Əli olmuşdur. Çünki Həzrəti Əli mübarək Peyğəmbərimizin doğma əmisi oğlu idi, həm də 5 yaşından onun himayəsində böyümüşdür. Təbiidir ki, Allahın sonuncu Rəsulu ilə bir evdə yaşayan, o mübarək evin bir sakini kimi onunla bağlı bütün işlərdən ən əvvəl xəbərdar olmalı idi. Necə ki, Həzrəti Məhəmmədin peyğəmbərlik vəhyini aldığından bir gün sonra həyat yoldaşı Xədicə ilə namaz qıldıqlarına ilk şahidlik edən Həzrəti Əli olmuş və bu hadisədən sonra İslam dinini qəbul etmişdir. İslam Peyğəmbərinin əmisi oğlu Abdullah ibn Abbas da Həzrəti Məhəmməddən sonra ilk namaz qılan kişinin Əli İbn Əbu Talib olduğunu təsdiq edir.  

 

 Həzrəti Əli Allahın sonuncu elçisi olan əmisi oğlunu çox sevərdi və onun üçün həyatını fəda etməyə hazır idi. Bu səbəbdən də o, Məkkə müşriklərinin Peyğəmbəri öldürmək niyyətindən xəbərdar olmasına baxmayaraq, zərrə qədər tərəddüd etmədən Peyğəmbər hicrət etdiyi gecə onun yatağında yataraq müşrikləri Həzrəti Məhəmmədin evdə olmasına inandırmışdır.   Məlum səbəblərdən kiçik yaşlarından Məhəmməd Peyğəmbərin tərbiyəsi altında böyüyən Həzrəti Əlinin Məkkədə yaşadığı illəri haqqında qaynaqlarda məlumat çox azdır. Lakin onun Rəsuluallahla bərabər Kəbədə bütləri qırması, ilk müsəlmanlardan Əbu Zər əl Gifarinin İslamı qəbul etməsi və Rəsuluallahın yaxın qohumlarının İslama dəvət edilməsində böyük xidmətləri olduğu məlumdur.

 

 Həzrəti Əli Təbuk səfəri istisna olmaqla, Məhəmməd Peyğəmbərlə bərabər bütün cihad (Аllаh yоlundа sаvаşmaq) savaşlarında iştirak etmiş, Bədr, Uhud, Xəndək, Xeybər və Xüneyn döyüşlərində böyük qəhrəmanlıq göstərmişdir. Təbuk döyüşü zamanı Həzrəti Əli müşriklərin ixtişaş salma ehtimallarına görə İslam Peyğəmbərinin göstərişi ilə Mədinədə qalmışdır. Bədr döyüşündəki, igidliyinə görə İslam Peyğəmbəri ona Əsədullah (Allahın aslanı) ləqəbini vermişdir.  
 Uhud döyüşündə isə Həzrəti Əli müşriklərin (Allaha şərik qoşanlar) öldürmək istədiyi Məhəmməd Peyğəmbəri xilas etmişdir. Belə ki, müşriklərin Bədr döyüşündəki məğlubiyyəti Uhud döyüşünün baş verməsinin əsas səbəbi idi. Müsəlman oxçuların səhvi üzündən müşriklərin üstünlük qazandığı bu döyüşdə İslam Peyğəmbəri yaralanaraq xəndəyə yıxılmışdır. Bu azmış kimi müşriklər Peyğəmbərin öldürülməsi şayiəsini yaymaqla müsəlmanların döyüş əzmini sarsıtmaq istədilər. Lakin Həzrət Əli ağır yaralanmağına baxmayaraq müşriklərin Peyğəmbərə etdikləri bütün hücumların qarşısını alaraq onu xilas etmişdir.

 

 Sevik səfərindən sonra, hicrətin ikinci ilində Allah Rəsulu Həzrəti Əlini çox sevdiyi qızı Həzrəti Fatimə ilə evləndirərək onu özünə kürəkən seçmişdir. Fatimə Həzrəti Əlinin ilk həyat yoldaşı idi və o, dünyasını dəyişənə qədər Həzrəti Əli başqa xanımla ailə qurmamışdır. Məhəmməd Peyğəmbərin nəsli Əli və Fatimənin bu evliliyindən olan nəvələri Həsən və Hüseyn vasitəsilə davam etmişdir. Nəvələrindən Həzrəti Hüseynin nəslindən olan şəxslər daha məhşur və cox rastlanan olub on iki imam olaraq tanınır.  
 Ölümünə az qalmış İslam Peyğəmbəri “Vida həccinə” yollanaraq Həccin qaydalarını öz ardıcıllarına öyrədir. Vidalaşma Həcci zamanı Həzrəti Əli canından çox sevdiyi Peyğəmbərin yanında idi. Rəsuluallah bu Həcdə 100 dəvə qurban kəsmişdi. Dəvələrdən altmış üçünü yaşadığı illərin sayını göstərmək üçün şəxsən özü kəsmiş, digərlərini isə Həzrəti Əliyə kəsdirmişdir. Böyük Allahın Peyğəmbərləri də daxil olmaqla bütün insanlar ölümə məhkumdular və elə bir gün gəldi ki, bütün ömrü boyu heç bir ciddi xəstəliyi olmayan Allahın sonuncu Peyğəmbəri xəstələndi. O, şiddətli baş ağrısı və qızdırmaya tutulmuş, bu qızdırma bəzən Humma (epilepsiya) növbəsinə çevrilmişdir. Xəstəliyi şiddətlənən, aləmlərə rəhmət göndərilən Məhəmməd Peyğəmbər 8 iyun 632-ci ildə vəfat etdi.  

 

Həzrəti Əli Peyğəmbərini itirdiyinə görə çox kədərli idi. O, bu kədərini belə ifadə etmişdir: “Səni deyil, başqasını itirsəydim, təsəllim olardı, lakin səni itirmişəm. Ələmin hər kəsi bürüdü. Səbri əmr etməsəydin, bağırıb fəryad etməyi qadağan etməsəydin göz pinarlarım quruyub, göz yaşlarım tükənənə qədər ağlasam da dərdim şəfa tapmaz, hüznüm bitməzdi. Amma bu yenə də sənin üçün az olardı. Öləni geri gətirmək mümkün deyil, ölümü məğlub etməyə də gücümüz çatmaz! Anam, atam sənə fəda olsun! Rəbbimin qatında bizi unutma”.  
 Bir çox səhabələrdən edilən rəvayətə görə Həzrəti Əli özündən qabaqkı xəlifələr dövründə və öz xəlifəliyi illərində də tez-tez kədərlənərək Məhəmməd Peyğəmbərə yas tutardı. Allahın hökmlərini təbliğ etmək vəzifəsini uğurla sona çatdıran Məhəmməd Peyğəmbər dünyasını dəyişməmişdən əvvəl öz yerinə Xilafətə rəhbərlik edəcək varis təyin etmədi. Çünki əgər sağlığında varis təyin etmiş olsaydı, bir tərəfdən fərdlərin seçim haqqını tanımamaq olardı, digər tərəfdən də müşavirə əmrinə zidd hərəkət edərdi. Eyni zamanda Peyğəmbərin ümmətinin xeyrinə söyləmiş olduğu sözlərin hamısı Allah vəhyinə söykəndiyindən yerinə keçən varisi səhv iş görüb qınandığı zaman, “mən bu vəzifəyə Allahın vəhyi ilə gəldim” deyərək özünü müdafiə edə bilərdi. Təbii olaraq ondan sonra gələn xəlifələr də “mən vəhy ilə gələn xəlifənin tövsiyəsi ilə gəldim” deyərək davranışının düzgün olduğuna israr edərdi. Bu isə qəddar hakimiyyətin yaranmasına səbəb ola bilərdi.  

 

 Hesab edirik ki, məhz bu səbəbə görə, Allahın sonuncu Rəsulu Məhəmməd özündən sonra varis təyin etməmişdir. Varis təyin olunmamasına baxmayaraq, Məhəmməd Peyğəmbərin qurduğu dövləti idarə edə biləcək rəhbərə, yəni Xəlifəyə ehtiyac vardı və hamını bir sual maraqlandırırdı. Məhəmməd Peyğəmbərdən sonra müsəlmanların dini və siyasi liderliyi vəzifəsini kim icra etməlidir?  
 Varis məsələsi ilə bağlı üç fərqli fikir mövcud idi. 

 

Birinci fikir Ənsarın (Məkkədən Mədinəyə köçən Mühacirlərə yardım edən Mədinəli Müsəlmanlar) fikridir ki, onlara görə İslam dininə yardım edənlərin əmirlik və xəlifəliyə daha layiq olmaları qaydasını əsas götürərək “İslam dininə Ərəb qəbilələri bizim qılınclarımızın sayəsində boyun əydi. Xəlifəlik bizim haqqımızdır” dedilər və rəhbərləri Səd ibn Übadəyə beyət etmək istədilər.  

 

İkinci fikir Səhabələrin çoxunun fikridir ki, onlara görə Peyğəmbərdən sonra gələn Xəlifə ümmətin işlərini görmək üçün gərək qüdrət və bacarığa sahib olmalıdır. Səhabələr iddia edirdilər ki, Qureyş qəbiləsi bütün Ərəb qəbilələrinin ən güclüsü, ən nüfuzlusudur və Rəsuluallah da Qureyşli olduğuna görə bu qəbilə üstünlüyə malikdir. Bu səbəbdən Qureyşlilərin ən üstün olanı Xəlifə seçilməlidir.  

 

Üçüncü fikir isə Haşimilərindir. Onlar çox yaxın qohumluğu əsas götürərək “Haşimoğullarını Qureyş qəbiləsinin ən şərəflisi və Rəsuluallahın həm kürəkəni, həm də əmisi oğlu olduğuna görə xəlifənin Haşimilərin ən üstünü olan Əli ibn Əbu Talib olduğunu irəli sürdülər və ona beyət etmək istədilər. Doğrudur, qohumluq baxımından Rəsuluallaha ən yaxın olan əmisi Abbas ibn Əbdülmütalib də xəlifə ola bilərdi. Lakin o, mühacirlərin (Məkkədən Mədinəyə köç edən Səhabələr qrupuna verilən ad) sonuncusu idi və Aşərə-i Mübəşşərə var olduğu müddətdə onun xəlifə seçilməsi mümkün deyildi. Bu səbəbdən 
Haşimoğullarından birinin xəlifə olması gərəkdiyi tədqirdə Həzrəti Əlinin seçilməsi təbii idi.  

 

Allahın Rəsulu vəfat edəndə Abbas İbn Əbdül Müttalibin, Əli İbn Əbu Talibin və əl-Fədl İbn Abbasın başı Peyğəmbərin cənazəsini hazırlamağa qarışdığı vaxt əshab (tərəfdarlar) arasında ciddi bir münaqişə yarandı. Mədinənin yerliləri olan ənsar İslama böyük xidmətləri ilə şərəfli bir keçmişə sahib olduqlarını bildirdilər. Hicrətdən sonra Allah Rəsulu, onun ev əhli və mühacirlərin qorunması, himayə edilməsi, Allah yolunda malları və canları ilə mübarizə apararaq Allahın kəlamının ucaldılması, İslamın bütün ərəb yarımadasına yayılmasında ən böyük əmək onlara müyəssər olmuşdu. Bu barədə həmfikir olan Əvs və Xəzrəc qəbilələrinə mənsub ənsar məsələsini müzakirəyə açıb həll etmək üçün Bəni-Saidə məhəlləsindəki bir kölgəlikdə toplaşdılar. Lakin bu mövzuda razılığa gələ bilmədilər. Çünki Əvsilər Useyd İbn Hudeyrin, çoxluq təşkil edən xəzrəclilər isə öz rəhbərləri Səd İbn Ubadənin bu iş üçün daha münasib olduğunu düşünürdülər. Bəni-Saidədə baş verən hadisədən Muğirə İbn Şubə vasitəsilə xəbərdar olan Əbu Bəkr Ömər ibn Xəttab və Əbu Ubeydə İbn Cərahla birlikdə özünü toplantıya çatdırdı. Tərəflər arasında gedən uzun mübahisələrdən sonra Əbu Bəkr əs-Siddiqə beyət edildi və O, Məhəmməd Peyğəmbərdən sonra Ərəb Xilafətinin ilk Xəlifəsi oldu.
 Beləcə Əbu Bəkr əs-Siddiqqin İslam Peyğəmbərindən sonra Xəlifə seçilməsi ilə Ərəb tarixində Rəşidi (Doğru idarə edən) xəlifələri dövrü başlamış oldu. Bəni-Saidə yığıncağında Əbu Bəkrə beyət edilməsi ilə Ənsarlarla Mühacirlər arasında baş verəcək biləcək toqquşma əngəllənmiş oldu. Lakin bu dəfə Qureyş qəbiləsinin içində bəzi tayfa və qruplar Rəsuluallahdan sonrakı xəlifənin seçim qaydasına, xəlifə seçilmiş şəxsin kimliyinə etiraz etdilər. Haşimilər Məhəmməd Peyğəmbərə yaxın qohumluğu əsas gətirərək xilafətin özlərinə aid olduğunu iddia edir və bu məqam üçün ən uyğun şəxsin Həzrəti Əli olduğunu bildirirdilər.  

 

 Doğrudan da xəlifəlik seçimi ilə bağlı Həzrəti Peyğəmbərin ailəsinin razılığı alınmamış və dəfn hazırlıqları ilə məşğul olan Həzrəti Əli Bəni-Saidə yığıncağında iştirak etməmişdi. Halbuki belə vacib məsələdə onun da mövqeyi çox əhəmiyyətli idi. Bu səbəbdən Haşimilərlə bəzi səhabələr Həzrəti Əlinin ətrafında toplaşdılar və xəlifə olaraq ona beyət etməyə hazır olduqlarını söylədilər.  
 Məkkənin fəthindən sonra Müsəlman olan, amma yenə də İslam düşməni olaraq qalan Əbu Süfyan İbn hərbi münaqişə yaratmaq üçün Əbu Bəkrə beyət etmək istəmirdi. O bildirirdi ki, güclü qəbilələr varkən kiçik qəbilədən xəlifə seçmək olmaz. Əbu Süfyan Həzrəti Əlinin evinə gedərək ona beyət etmək istədiyini bildirdi. Həzrəti Əlidən rədd cavabı aldıqdan sonra isə onu hadisələrə tamaşaçı qalmaqda ittiham edərək hər cür kömək etməyə hazır olduğunu bildirdi. 

 

Həzrəti Əliyə gəlincə, o, müsəlmanlar arasında münaqişə yaranmasın deyə ona edilən beyət təkliflərini rədd edir. Lakin Əbu Bəkrə də dərhal beyət etmədi. Hesab edirik ki, bunun əsas səbəbi Əbu Bəkrin Xilafət kimi vacib məsələdə ona məsləhət etməməsi idi. IX əsrdə yaşamış İmam Buxari kimi məhşur İslam alimi isə beyətin gec edilməsinin əsas səbəbini Peyğəmbərimiz sağlığında qızı Fatimeyi-Zəhraya hədiyyə etdiyi “Fədək Bağı” mirası məsələsi olduğunu bildirir. Bir həqiqətdir ki, Həzrəti Fatimə Rəsuluallahın ona qoyduğu mirasdan pay almamış, buna görə də Əbu Bəkrdən incimişdir. Buxariyə görə bu hadisənin təsirinə düşən Həzrəti Əli, ancaq Həzrəti Fatimə vəfat etdikdən sonra Əbu Bəkrə beyət etmişdir. Həzrəti Fatimə Məhəmməd Peyğəmbərdən altı ay sonra vəfat etmişdi. Bu halda Həzrəti Əlinin Əbu Bəkrə altı ay sonra beyət etdiyi məlum olur.  

 

 Dövrün qaynaqlarının məlumatına görə ancaq Həzrəti Əlinin beyətindən sonra Əbu Bəkrin xəlifəliyi bütün müsəlmanlar tərəfindən qəbul olundu. Təkcə Ənsardan Xəzrəcilərin xəlifə namizədi Səd İbn Ubadə ömrünün sonuna qədər Əbu Bəkrə beyət etmədi və Ömər ibn Xəttabın xəlifəliyi dövründə Şama köçərək orada dünyasını dəyişdi.
 Həzrəti Əli Əbu Bəkrə beyət etsə də, ilk xəlifə kim olmalı idi sualı bu günə qədər davam edən mübahisələrin əsas səbəbidir. Əbu Bəkr əs-Siddiqdən sonra Ömər ibn Xəttab və Osman ibn Əffan Ərəb Xilafətinin xəlifələri oldular.
 Əbu Bəkr Əbdurrəhman İbn Əvf, Osman ibn Əffan və Üseyd İbn Hudayr kimi böyük səhabələrlə məsləhətləşdikdən sonra Ömər ibn Xəttabın xəlifə olmasını vəsiyyət etdi və bu vəsiyyəti Osman ibn Əffana yazdırdı. Hesab edirik ki, bu bəlkə də yeganə düzgün olan çıxış yolu deyildi. Çünki bu qayda Əməvilər dövründə səltənət sisteminə keçiddə bir dayaq oldu. II Xəlifə Ömər isə ondan sonrakı Xəlifəni qurduğu altı nəfərlik heyətin seçməsini istəmişdir. 
 Ümumiyyətlə, Həzrəti Əli özündən qabaqki iki xəlifə ilə çox mehriban idi. Əgər belə olmasaydı, Ömər Suriya və Fələstinə səyahəti zamanı Həzrəti Əliyə icra vəkaləti verməzdi (16-33). Həzrəti Əli də ilk iki xəlifə haqqında xoş sözlər deyərək buyurardı: “Məni Həzrəti Əbu Bəkrlə, Həzrəti Ömərdən üstün tutanlar iftira etmiş olar. İftira edənləri döydükləri kimi onları döyərəm” .

 

Həzrəti Əli Osman ibn Əffanın hakimiyyətinin əvvəlində bacanağı olan xəlifəyə dəstək olmuşdur. Lakin Osmanın bəzi səhv qərarları və əxlaq problemi olan qohumlarını mühüm dövlət vəzifələrinə təyin etməsi xəlifədən narazı olan böyük müxalifət qrupu yaratmışdır. Xəlifə Osmanın ilk səhv qərarı atasının intiqam hissi ilə iki günahsız körpəni qətlə yetirən Ubeydullah İbn Ömərin cəzasız qalması oldu. Gözünü qan örtən Ubeydullah atasının qatili Əbu Lülünün günahsız körpə qızı və iki dostunu öldürdü. Körpə qızın günahı yalnız Əbu Lülünün qızı olması idi.  

 

Bu şəxs qatil kimi həbs edildi. Səhabələr arasında qatilə veriləcək cəzanın müzakirəsi başladı. İslam hüququna görə müttəhimin günahı sübut edildiyi halda ona qarşı qisas qanunu tətbiq edilməli idi. Başda Həzrəti Əli olmaqla səhabələrin böyük əksəriyyəti Ubeydullah İbn Ömərə qarşı qisas qanunu tətbiq edilməsi qərarına gəldilər. Hətta Həzrəti Əli Ubeydullahdan Əbu Lülünün qızının günahı nə idi deyə soruşdu. Lakin qətlə yetirilmişin günahsız körpə olması və böyük səhabələrin əksəriyyətinin fikri ilə hesablaşmayan Osman qatil Ubeydullahı əfv etdi. Osmanın çıxardığı bu qərara çox əsəbləşən Həzrəti Əli Ubeydullahın gözlərinə baxaraq “Ey alçaq, əgər bir gün əlimə imkan keçsə, səni mütləq öldürəcəm” sözlərini söylədi.  

 

Həzrəti Əli xəlifə seçilən kimi Ubeydullah İbn Ömər Şama Muaviyə ibn Əbu Sufyanın yanına qaçdı və Süffeyn döyüşündə Müaviyyənin tərəfində Həzrəti Əliyə qarşı savaşarkən öldürüldü. 

 

 Ubeydullah İbn Ömərin məsələsi hüquqi hadisə olsa da Osman bunu siyasi hadisə kimi dəyərləndirdi. Xəlifə cinayətə görə cəza vermək əvəzinə şəxsiyyətə görə cəza verməyə üstünlük verdi. Eyni zamanda, Osmanın belə bir qatili bağışlamaq səlahiyyəti də yox idi. Çünki müsəlmanlarda dövlət başçısının dinin qoyduğu qaydaları pozmağa ixtiyarı yox idi. Xəlifə Osmanın bu hüquqi qənaəti hakimiyyətinin əvvəlindən pozması səhabələrin bir qismində dinlə hökmlərinin uygulanmayacağı mövzusunda qayğıların yaranmasına səbəb oldu.  
Osmandan narazılığın digər bir səbəbi isə yaxın qohumlarını vəzifəyə təyin etməsi oldu. Osman Küfə valiliyinə ana bir qardaşı Valid İbn Ukbəni təyin etdi. Valid içki düşkünü idi və çox zaman camaata içkili namaz qıldırardı. Bu isə Küfəlilərin haqlı narazılığına səbəb olmuşdu. Daha sonra digər bir qohumu, Misir valisi təyin etdiyi Abdullah İbn Əbu Sərhin mürtəd olması Osmanın hakimiyyətinə qarşı narazılığın artmasının səbəblərindəndir.  

 

 Osmanın hakimiyyətini sarsıdan əsas hadisə isə qohumu Müaviyyə ilə münaqişəsi düşən böyük səhabələrdən biri Əbuzər əl-Ğəffarini Rəbaza vilayətinə sürgün etməsi oldu. Bu 2 hadisədən sonra xalq xəlifəsinə güvənini itirdi. Osmanın idarəçiliyinə qarşı şikayətlərin artmasından sonra Həzrəti Əli onun yanına gələrək xalqın narazı olduğunu bildirdi. Osmanın isə öz əməllərinə haqq qazandırdığını görən Həzrəti Əli ona “Bu ümmətin öldürülən dövlət başçısı olmaqdan qorx” xəbərdarlığını etdi.  

 

 Lakin Osman Həzrəti Əlinin xəbərdarlığından lazımi nəticə çıxarmadı. 
Hicrətin otuz beşinci ilində Misir, Küfə və Bəsrə vilayətlərindən Mədinəyə gələn bir qrup müsəlman Osmandan valilərinin istefaya göndərilməsini tələb etdi. Lakin xəlifədən rədd cavabı aldılar. Rədd cavabı alanlar Həcc mövsümünün başlanğıcında, 17 iyun 656-cı ildə III Xəlifə Osmanı qətlə yetirdilər. 
 Osmanın qətlini yox, amma hakimiyyətdən getməsini Əməvilərdən başqa hər kəs istəyirdi. Bu səbəbdən də üsyançılar Mədinə əhalisi və Həzrəti Əli istisna olmaqla, bir qrup səhabə tərəfindən dəstəklənirdi. Həzrəti Əli isə 
Osmanın ölməsini qətiyyən istəmirdi. Əgər belə olsaydı, oğlanları Həsən və Hüseyni Osmanı üsyançılardan qorumaq üçün göndərməzdi. Lakin Əməvilər Osmanın qətlinə görə məhz Həzrəti Əlini günahlandırdı. Hətta Müaviyyə Şamlılara Osmanı Əlinin öldürtdüyünü söyləmişdi.

 

Xəlifə Osmanı qətlə yetirənlər Həzrəti Əliyə beyət edib onun Xəlifə olmasını istədilər. Həzrəti Əli isə qətiyyən Xəlifə olmaq istəmirdi. Ona görə də üsyançıların təklifini rədd etdi. Lakin Mədinəlilərin təkidindən və Bədr döyüşü qaziləri birləşib onu xəlifə seçməsindən sonra bunu qəbul etməyə məcbur oldu. Həzrəti Əli üsyançıların beyətinə etibar etməyib sələfləri kimi, ancaq əsas söz sahibi olan Mədinə əhalisinin xüsusi ilə də Bədr döyüşü qəhramanlarının seçimi ilə Xəlifə oldu və Müaviyyənin vali olduğu Şamdan başqa bütün əyalətlərin əhalisi ona beyət etdi.  
 Xəlifə Əlinin ilk işi Osmanın qatillərini cəzalandırmaq idi. Lakin üsyançılar Mədinəlilərin içində gizləndiyi üçün bu iş bir əngəllə üzləşdi. Bu çətin vəziyyətdən Əbu Süfyanın oğlu, Şam valisi Muaviyə istifadə edib Həzrəti Əliyə tabe olmaqdan boyun qaçırdılar. Müaviyyənin beyət etmədiyi üçün Şam üzərinə səfər anında Osmanın qısasını almaq istəyənlərlə Cəməl, sonra isə Süffeyn döyüşləri baş verdi və Həzrəti Əli hər iki döyüşdə qalib gəldi.   Döyüşlərdən sonra hakim təyini məsələsi meydana çıxdı və bu məsələdə Həzrəti Əlinin ordusunda fikir ayrılığı meydana çıxdı. Müxaliflər qrupunun təkidi ilə Həzrəti Əli güzəştə getməyə məcbur oldu. Daha sonra Xaricilər tayfası hakim təyini işini ləğv etməyi təklif etdilər. Lakin Həzrəti Əli sözündən dönmədi.  

 

 Hakim işi kədərli nəticə verdi və Ərəb Xilafətini çox zəiflətdi. Şam əhalisi Müaviyənin təsiri ilə üsyan qaldıraraq Müaviyyəyə beyət etdi. Müaviyənin hakimiyyəti Əmr ibn Asın Misri işğal edib Şamın tərkibinə qatmasından sonra daha da gücləndi. Əbu Sufyanın edə bilmədiyini oğlu etdi. Çünki Müaviyənin bu əməllərindən sonra İslam ümməti iki hissəyə parçalandı.  
Hakim məsələsindən sonra Xaricilər tayfasındakılar Həzrəti Əlini öldürməyə qərar verdilər. Ərəblərin Herodotu adlandırılan Hüseyn ibn Əli əlMəsudini özünün "İsbat-ül-vəsiyyə" əsərində yazırdı ki, Həzrəti Əli Xaricilərdən Əbdürrəhman İbn Mülcəm tərəfindən Süffeyn döyüşündən bir il iki ay sonra şəhid edilmişdir.  
 Beləliklə, İslamın möhkəmlənməsində, Xilafətin formalaşmasında Məhəmməd Peyğəmbərdən sonrakı yerdə dayanan Həzrəti Əli mübarək niyyətlərinin çoxuna nail olmağa çatmadan bu cür faciəli şəkildə dünyasını dəyişdi. 

 

Yaxınlarının istədiklərinə əsasən Xaricilərin və ümumiyyətlə, düşmənlərinin zərəri toxunmasın deyə, Həzrəti Əlinin məzarının yeri gizli saxlanılmışdır. Lakin İslam tarixçiləri bu haqda müxtəlif fikirlər söyləmişlər. Məsələn: Məhəmməd İbn Sad əl Bağdadi Həzrəti Əlinin məzarının Küfədə imarət bağçasındakı məscidin ətrafında olduğunu zikr edir.  
 Məsudi isə Həzrəti Əlinin nəşinin Mədinəyə aparıldığı zaman Tay qəbiləsi quldurları tərəfindən xəzinə olduğu zənn edilərək oğurlandığını, daha sonra isə cəsəd olduğunu görüncə, dəfn etdiklərini bildirir.  
 Mümsəma İbn Əbiddünya daha irəli gedərək VIII əsrin əvvəlində Əməvilərin Həzrəti Əlinin sümüklərini məzardan çıxardıb yandırmaq istədiklərini, lakin qınaqdan qorxduqları üçün bu fikirlərindən döndüklərini bildirir.  
 Həzrəti Əlinin bizə məlum olan 8 həyat yoldaşı, 14 oğlu və 18 qızı olmuşdur. Həzrəti Əli 62 il yaşadı və dəbdəbəli qəsr tikmədi, qiymətli libas geyinmədi. Onun bütün varidatı balaca bir zənbilə sığacaq qədər az idi.  
 Bu hadisələrdən 1400 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Həzrəti Əlinin yaşadığı ömrün hər bir anı, mübarək əməlləri, insani keyfiyyətləri, dövləti idarə etmək bacarığı və digər adını çəkmədiyimiz ali keyfiyyətləri bütün müsəlmanlar üçün deyil, həm də adi vətəndaşdan başlamış və yaşından, ölkəsindən, millətindən asılı olmayaraq xalqını sevən, onu təmsil edən və onun adından danışmaq kimi yüksək etimada səlahiyyət alanlara qədər bütün insanlar üçün əsl örnəkdir.  

 

Həzrəti Əli çox mərd və gözəl xüsusiyyətlərə malik olaraq, həmişə düz danışır, bütün işlərində İslamın qaydalarına əməl edirdi. İslamın ilk çağında insanlarda bəzi pis meyllərin yaranması müşahidə olunurdu. Həzrəti Əli isə bütün pisliklərdən uzaq idi və heç bir dünyəvi şan, şöhrət və ya vəzifə onu haqq yolundan döndərə bilməzdi. Bütün həyatı boyu, ibadət etməkdə, xalqın maddi və sosial problemlərinin həllində, ya da siyasi mübarizəsində tək bir amalla hərəkət edirdi ki, o da Allahın razılığı idi.  
O, qısa sürən xəlifəliyi dövründə insanlara dünya həyatının və onun sehirli cazibəsinin, ləzzətlərinin və burada sahib olunan sərvət və gücün müvəqqəti olduğunu, axirətdə bunun heç bir əhəmiyyəti olmadığını, yenidən diriliş günündə isə gərçək qazancın saleh əməllər olduğunu anlatmağa çalışdı. Bir sözlə, Həzrəti Əli bütün çətinliklərə baxmayaraq, insanları həmişə İlanı əmrlərə itaətə çağırırdı.  
O özünə həmişə tənqidi yanaşar, mövqeyindən ailə və soy üstünlüyündən heç bir zaman faydalanmazdı. Bazardan nəsə satın alanda dükan sahiblərindən və satıcılardan kimliyini gizlədər, xəlifə olduğunu bildirməzdi.  
 Həzrəti Əli ölümündən əvvəl övladları Həsən və Hüseyni yanına çağırmış və ölüm yatağında onlara belə vəsiyyət etmişdi: “İkinizə də Allahdan təqvanı (günahlardan qorunmaq) tövsiyə edirəm. Dünya sizi çox istəsə də, siz onu istəməyin. Həmişə düz danışın və yetimlərə mərhəmətli olun. İtirənə yardım edin. Axirətiniz üçün iş görün və azuqə hazırlayın. Daim zalımlara qənim, məzlumlara yardımçı olun. Allahın kitabında olanlara əməl edin. Allahda (əmr etdiklərində) qınayanın qınanması sizi (əmrlərinə itaət etməkdən) yayındırmasın” .  

 

Həzrəti Əli vəsiyyətindən sonra üçüncü oğlu Məhəmməd bin Xənifəyə baxdı. Eyni sözləri ona da dedi və dünyasını dəyişərək çox sevdiyi Allahına qovuşdu. 

 
ƏDƏBİYYAT  
1. Abdulfettah Abdulmaksud. İmam Əli. Mehdi Cəfərin tərcüməsi. Tehran: Haver Neşriyat, 1992, 417 s. 
2. Adem Apak. Ana Hatlarıyla İslam Tarihi 2. İstanbul: Ensar Neşriyat, 2016, 400 s.  
3. Ahmet Akbulut. Sahabe Dönemi İktidar Kavgası. Ankara: Mak Grup Medya, 2016, 335 s. 
4. Ahmet Cevdet Paşa. Peygamberler ve Halifeler Tarihi. İstanbul: Hikmet Neşriyyat, 2012, 767 s.  
5. Ali Aktan. İslam Tarihi Başlangıcdan Emevilerin Sonuna Kadar. Ankara: Nobel Yayıncılık, 2014, 316 s.  
6. Ali Muhammed Sallabi. İslam Tarihi Raşidi Halifeler Dönemi. IV Halife Hz. Ali. İstanbul: Ravza Yayıncılık ve Matbaacılık, 2016, 896 s. 
7. Ekrem Sağıroğlu. İlk Dört Halife-Hz.Ali. İstanbul: Düşün Yayıncılık, 2016, 256 s.  
8. Fıras Alkhateeb. Kayıp İslam Tarihi. İstanbul: Tamaş Yayınları, 2016, 280 s.  
9. Hakan Üzüm. Dört Halife. İstanbul: Alya Yayınları, 2015, 155 s.  
10. Harun Yıldırım. Hz. Muhammed ve 4 Büyük Halife. İstanbul: Sağlam Yayınevi, 2013, 639 s. 
11. Hasan Yılmaz. Hz. Muhammed Halifelik Dört Halife ve Hz. Hasan. Ankara, Elips Kitap Ticaret A.Ş. 2016, 143 s. 
12. Hayati Ülkü. İslam Tarihi. I Cild. İstanbul: Çelik Yayınevi, 2016, 632 s. 
13. Mahmud el-Mısri. Dört Büyük Halifenin Hayatı. İstanbul: Karınca Polen Yayınları, 2015, 232 s.  
14. Mehmet Azimli. Dört Halifeyi Farklı Okumak-Hz.Ali. Ankara: Ankara Okulu Yayınları, 2016, 184 s.  
15. Muhammed Ali Kutub. 1000 soruda 4 Raşit Halife Hz. Ebubekir, Hz. Ömer, Hz. Osman, Hz. Ali. İstanbul: Karınca-Polen Yayınları, 2014, 495 s..  
16. Murat Sarıcık. İlim Şeherinin Kapısı Hz. Ali. İstanbul: Nesil Yayın Grubu 2013, 540 s. 
17. Mustafa Fayda.Hulefayı Raşidin Devri. İstanbul: Kubbealtı Neşriyatı, 2016, 415 s.  
18. Nehcül Belağa. Eş Şerih Er Radi. İstanbul: Beyan Yayınları, 2007, 400 s.  
19. Nəsirov E. İslam Tarixi I cild. Bakı: Nurlar, 2014, 512 s. 
20. Osman İbn Məhəmməd Əl-Xəms.Tarixi Hadisələrin Təhlili. Bakı: Şərq-Qərb, 2012, 335 s.  

 

Samir Baxşəliyev

Xəbər lenti