Logo

Yevlaxın qədim tarixinin öyrənilməsi öz aktuallığını itirməməlidir

06.08.2021 16:11 1446 baxış
IMG

E.ə II əsrdə fəaliyyətə başlayan Böyük İpək yolunun ilk şaxəsi Azərbaycan ərazisindən keçərək  mərkəzi Avropa ölkələrinə gedib çıxırdı.

Böyük İpək yolunun Azərbaycan ərazisindən keçməsi bu ərazi ilə geniş əlaqəsi olan Dərbənddə, Şirvanda, Yevlaxda (Ərəş), Şəkidə, Beyləqanda, Gəncədə, Qəbələdə, Təbrizdə, Naxçıvanda ipəkçiliyin inkişafına güclü təkan vermiş, onların hər birinin ipəkçilik ticarət mərkəzinə çevrilməsinə şərait yaradaraq məşhurlaşmasına səbəb olmuşdur.

Bu marşurutla Şərqdən Mərkəzi Avropa ölkələrinə əvvəlcə ipək daha sonra ədviyyat, qızıl, gümüş,briliant mirvari və s. daşınmışdır. Avropadan Şərq ölkələrinə isə tacirlər qalay, sink, civə, parça və s. aparmışlar. Bu baxımdan Azərbaycanın Bakı, Dərbənd, Şamaxı, Yevlax (Ərəş),  Şirvan bölgələrində tacirlərin  rahatlığını təmin etmək məqsədilə karvansaralar salınmışdır. 

Böyük İpək yolunun Yevlax ərazisindən keçməsi də təsadüfi hal deyildi. Tarixçi alim Arif Məmmədov öz məqaləsində qeyd edir ki, Arxeoloji tədqiqatlar nəticəsində, Yevlax ərazisinin hələ e.ə.V-IV əsrlərdən başlayaraq Kür çayı vasitəsi ilə İberiya və Qara dəniz sahili, Xəzər dənizi vasitəsilə Yaxın Şərq ölkələri ilə iqtisadi və mədəni əlaqədə olduğu məlum olmuşdur. Dərbənd-Şamaxı-Mingəçevir–Tiflis ticarət yolu Yevlax ərazisindəki Yeddi qardaş, Hacılar, Dəvəçi körpülərindən keçərək Boz dağın ətəyi ilə uzanır, Hacı Eydil, Qızıl Arslan, Kürəkçay, Zazalı körpüləri vasitəsilə bir qolu Tiflisə, digər qolu isə Bərdə və Dəbilə doğru istiqamət götürürdü.
Şəki-Yevlax-Ağdaş-Göyçay-Qaraməriyəm-Şamxı-Mərəzə-Siyəzən-Şabran yolu ərazini Dərbəndlə birləşdirirdi. Bölgə həm daxili,həm də xarici ticarətdə mühüm rol oynayırdı.

Bir sözlə Yevlaxın strateji-coğrafi mövqeyi Böyük ipək yolunun bu ərazidən keçməsinə şərait yaratmışdı.

Yevlaxın qədim yaşayış məskənlərindən biri olduğunu və bu ərazidə tarix boyu yüksək inkişaf etmiş mədəniyyətin formalaşdığını  rayon ərazisində yerləşən kurqanlar və abidələr də sübut edir.

Belə kurqanlardan biri E. ə. III minilliyin sonlarına aid olan Qoçtəpə kurqanı rayonun Qaraməmmədli kəndi ilə Rüstəmli kəndi arasındakı ərazidə yerləşir. Kurqana yaxın yerdə vaxtı ilə eyni adlı yaşayış yeri – Qoçtəpə kəndi olmuş, 1938-ci ildə həmin kənd ləğv edilərək əhalisi Qaraməmmədli kəndinə köçürülmüşdür.

Yevlax rayonunun Şirvan bölgəsində yerləşən ərazi orta əsrlərdə Azərbaycanın iri şəhərlərindən biri olan Ərəş şəhəri nəinki Yevlaxın tarixində həmçinin Azərbaycan tarixində, mədəniyyət tariximizdə xüsusi yerə malikdir. Bu şəhərin mərkəzinin indiki Xaldan kəndindən 3 km şərqdə yerləşdiyi ehtimal olunur. Şəhərin qala divarlarının xarabalıqları Xaldan kəndi yaxınlığında hələ də qalmaqdadır. Xaldan kəndinin ətraf ərazisi bu gün də Ərəş kimi tanınır və qədim şəhərə yaxın kənd Ərəş kəndi adlanır.

Ərəş haqqında müxtəlif orta əsr mənbələrində məlumatlar verilir və bu ərazinin ipəkçilik mərkəzi kimi fəaliyyət göstərdiyi qeyd edilir.
Azərbaycan tarixi 7-cildlikdə qeyd edilir ki, XVI əsrdə Cənubi Qafqazda və Azərbaycanda başlıca ipəkçilik və ticarət mərkəzi Şamaxıda və Ərəşdə cəmləşmişdi.

Tarixçi alim Dilavər Əzimli öz əsərində Ərəş şəhərinin xüsusi əhəmiyyətini qeyd edir:

XVI əsrdə beynəlxalq tranzit ticarətində Azərbaycanın Ərəş şəhərinin çəkisi xüsusilə artdı. Mənbə məlumatlarına görə bu şəhərdə 800-ə yaxın dükan və xeyli karvansara var idi. Ərəş şəhəri Gəncə istiqamətində-Xaldan yaxınlığında yerləşirdi və Şamaxıdan oraya dəvə ilə dörd günlük yol qət etmək lazım idi. Bu şəhər XVI əsrin ticarət münasibətlərində Şamaxını geridə qoyurdu. Ərəşə xeyli əcnəbi tacir gəlirdi. Onların içərisində Osmanlı türkləri, suriyalılar və hindlilər daha çox idi. Hindistan tacirləri buraya boya məhsulları və ədviyyat gətirirdilər.

Buradan belə nəticəyə gəlmək olar ki, Yevlaxın bir parçası olan Ərəş şəhəri Səfəvilər dövlətindən əvvəlki dövrlərdə də dünyada tanınmış bir şəhər olmuş və dünyanın müxtəlif ölkələrinin diqqətini cəlb etmişdir.

Ərəş ingilis tacirlərinin qeydlərində də tez-tez xatırlanır və keyfiyyətli, yüksək səviyyəli ipəyin başlıca satış obyekti kimi təqdim edilir.

Ərəş bazarlarında 100 min funt müqabilində müxtəlif növ ipək almaq mümkün idi. Venesiyalı Minadoi Ərəşi Səfəvi dövlətində mövcud olan əsas şəhərlərdən biri kimi təqdim edir. O yazırdı ki, Ərəş tacirlər tərəfındən “Mahmudabad ipəyi” kimi tamınmış gözəl, ağ ipəyi xeyli miqdarda istehsal etməkdədir.
XVII əsr mənbələrində Ərəşdə 30-35 min nəfər insanın yaşadığı qeyd edilir. Ərəş şəhərinin dünya şöhrətli şəhərə çevrilməsi və yüksək səviyyəli ipək istehsal etməsi təsadüfi deyildi. Böyük İpək yolunun bu ərazidən keçməsi Yevlaxın və Ərəş şəhərinin tarixində, mədəniyyətində müstəsna rol oynamışdır.

XVIII əsrdə Yevlax – Qarabağ, Gəncə, Şəki və Şamaxı kimi dörd xanlığın sərhəddində yerləşdiyi üçün Qıraqbasan adı ilə adlandırıldığı mənbələrdə öz əksini tapmışdır. M.P.Vaqif də öz şeirlərində bu məsələyə toxunmuşdur.
Yevlax adının etimologiyasına diqqət etdikdə bu adın “yolaq”,”körpü”,”keçid” mənası verdiyini aydın görə bilərik. Hər hansısa bir ərazinin tarixi adının formalaşmasında bu ərazinin yerləşdiyi strateji-coğrafi mövqe böyük rol oynayır. Yuxarıda qeyd etdiyimiz kimi Yevlax da çox əhəmiyyətli strateji-coğrafi mövqedə yerləşdiyi üçün bu şəhərin adı yolaq,keçid, körpü sözləri əsasında formalaşmışdır.

Yevlaxın qədim tarixini özündə əks etdirən başqa abidələr də mövcuddur. Belə abidələrə Yevlax-Bərdə magistral yolunun 18-ci kilometrliyində torpaqdan ucaldılmış Zərgərtəpə kurqanını ,Üçtəpə kurqanını, Xaldan kəndinin 3-4 km-də antik dövrə təsadüf edən Alban sərdabəsi olduğu ehtimal olunan sərdabəni,Marzılı kəndi ərazisində VII əsrə aid edilən və XVI əsrdə Şeyx Həzrə Piri kimi tanınan piri, Malbinəsi kəndində Qarabağda tikilən qədim məscidlər tipinə aid olan, XVIII əsrdə inşa edilən məscidin qalıqlarını və,s misal göstərə bilərik. Onunda qeyd etmək lazımdır ki, Yevlax mənbələrdə Qarabağın qapısı hesab edilir. Bu Yevlaxın necə böyük əhəmiyyətə malik olduğunu bir daha sübut edir.

Bundan başqa Yevlax rayonunun Yəldili kəndi ərazisindəki qədim nekropolda aparılan arxeoloji tədqiqatlar zamanı eradan əvvəl II əsrdən bizim eranın II əsrinə qədərki dövrə aid əşyalar aşkarlanıb.

Yevlaxda antik dövrə aid “Bərəkət ilahəsi” adı verilən unikal əşya da tapılıb. Yevlax rayonunun Səmədabad kəndi ərazisində küp qəbir nekropolunda aparılan qazıntılar zamanı bardaq, vaza tipli gil qablar, tunc qolbağ və şüşə muncuq aşkarlanıb. Tapıntılar içərisində maraqlı görünüşə malik olan gildən hazırlanan “Bərəkət ilahəsi” həmin dövrün insanları üçün xüsusi önəm daşıyıb.

Yevlax rayon kimi 1935-ci ilin fevral ayından fəaliyyət göstərir. Yevlax eyni zamanda respublika tabeli şəhərdir. Yevlax rayonu Ağdaş, Bərdə, Tərtər, Goranboy, Samux, Qax, Şəki rayonları ilə həmsərhəddir. Ötən əsrin 80-cı illərində stansiya kimi salınan və uzun müddət əhali tərəfindən “Vağzal” kimi tanınan Yevlax XIX əsrin sonu-XX əsrin əvvələrinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax məntəqəsi və ya Yevlax stansiyası, sonra Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır. Azərbaycan SSR MİK-nin qərarı ilə 1935-ci ilin 20 fevral tarixində Yevlax rayonu təşkil edilmişdir. 1939-cu ilin fevral ayının 1-də Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən Yevlaxda Şəhər Soveti yaradılmaqla, Yevlaxa şəhər adı verilmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 6 yanvar 1965-ci il tarixli fərmanı ilə Yevlax şəhəri respublika tabeliyində olan şəhərlər sırasına daxil edilmiş və Yevlax şəhərində sənaye müəssisələrinin tikintisinə başlanmışdır.

Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür. Müasir dövrdə Ümumilli lider Heydər Əliyevin siyasi xəttini davam etdirən cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı, Heydər Əliyev fondunun dəstəyi ilə Yevlax Azərbaycanın dilbər guşələrindən birinə çevrilmişdir. Azərbaycanın qədim tarixində xüsusi yeri olan Yevlax müasir dövrdə də vətənimizin əhəmiyyətli ərazilərindən biri olaraq digər şəhərlər kimi daim diqqət mərkəzindədir və durmadan inkişaf edir.
Yevlaxın qədim tarixini, keçmiş və indiki dövrdəki əhəmiyyətini nəzərə alaraq bu şəhərin vətənimizin ən əhəmiyyətli şəhəri olduğunu desək yanılmarıq. Mən əminəm ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf yoluna qədəm qoymuş vətənimiz yaxın gələcəkdə inkişaf etmiş ölkələr sırasına daxil olacaq və Yevlax şəhəri də qədim və orta əsrlər dövründə olduğu kimi dünya şöhrətli şəhər statusunu özünə geri qaytaracaq. Rayon ərazisində infrastrukturun inkişaf etməsi və davamlı olaraq aparılan abadlıq-quruculuq  işləri Yevlaxın gələcəyinin çox parlaq olduğuna bir işarədir. Son olaraq Yevlaxa xüsusi diqqət yetirən Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevə , Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevaya və quruculuq, yenidənqurma işlərini həyata keçirən yerli icra orqanlarının rəhbərlərinə və əməkdaşlarına dərin təşəkkürümü bildirir, fəaliyyətlərində uğurlar arzulayıram...

Anar Salehoğlu 
Yevlax rayon Ərəş kənd sakini, Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi

Xəbər lenti