Logo

Naxçıvanda qadınların sahibkarlıq fəaliyyəti: Əzmkarlıqdan nailiyyətə

27.08.2021 16:30 769 baxış
IMG

İstər elmi mühitdə, istərsə də iş dünyasında istifadə edilməyən potensialın reallaşdırılması, regionların inkişaf səviyyəsindəki fərqlərin aradan qaldırılması, yeni iş yerlərinin yaradılması və qadın məşğulluğunun təmin edilməsi yollarından birinin qadın sahibkarlıq fəaliyyətinin təşviq edilməsidir.

Dinamik, müstəqil, özünə inamlı, rəqabətçil, məqsədyönlü və s. kimi fərdi xarakterik xüsusiyyətlərə  malik qadınların iqtisadi həyatda qarşı cinsin yanında yer almasını təmin edəcək dövlət siyasətinin həyata keçirilməsi ilə onları sosial-iqtisadi inkişafa təsir göstərəcək potensial gücə çevirmək mümkündür.

1970-ci ildən öncə sahibkarlıqda bir neçə nümunədən başqa qadın sahibkarlar haqqında danışılmırdı. 1986-cı ildən etibarən bu mövzu nəzəri olaraq araşdırılmağa başlamışdır. Sahibkar olaraq cəmiyyətdə var olmaq qadına; digər işlərlə müqayisədə daha müstəqil olmaq, düşüncələri ilə hərəkət etmək, öz işinin sahibi olmaq, özünü təsdiq etmək və gələcək hədəflərinə çatmaq üçün bir fürsətdir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə sahibkarlıq- prioritet istiqamətlərdən biri kimi inkişaf etdirilir. Dövlətimizin başçısı dəfələrlə sahibkarlığın hərtərəfli şəkildə dəstəklənməli olduğunu vurğulayır.

 Sahibkarlıq, tarixən həmişə bir “kişilərə xas bir sahə” olaraq görülmüşdür .  Amerikalı yazar və şair Gertrude Stein'ın da söylədiyi kimi, “Sahibkar, sahibkardır” və ölçüsünün, şəklinin, rənginin ya da cinsiyyətinin əhəmiyyəti olmamalıdır. Son illərdə dünyada işçilərin demoqrafik strukturunda bir çox dəyişikliklər meydana gəlmiş və bu dəyişikliklər xüsusilə qadınlara təsir etmişdir. Sənaye İnqilabına qədər qadınların vəzifələri çox diqqətə çarpan bir şəkildə ev və ya əl işi olaraq müəyyən edilmişdirsə, sonrakı dövrlərdə qadınların cəmiyyətdəki mövqeyinde mənalı dəyişikliklər olmuşdur. Belə ki, qadınlarda fəal əhalinin bir hissəsini təşkil etməyə başlamışlardı.

Bütün dünyada milyonlarla qadın sahibkarlarlıq fəaliyyəti ilə məşğul olur. Qadınların rəhbərlik etdiyi, sahibi olduğu şirkətlərin müvəffəqiyyətli olduğu və yüksək səviyyəli bir inkişaf göstərdiyi nəzərə çarpır.

Qadınlar iş qurarkən, sahibkarlıq fəaliyyətinə başlarkən bir çox problemlərlə qarşılaşırlar.

Qadın sahibkarlar, sahibkarlıq fəaliyyəti boyunca qarşılarına çıxan əngəl və çətinliklərlə olduqca sıx bir şəkildə qarşılaşırlar və kişilərə nəzərən risklərdən daha çox təsirlənirlər.

Azərbaycanda siyasi, iqtisadi, sosial, mədəni, humanitar sahələrdə görülən işlər Naxçıvan Muxtar Respublikasından da yan keçmir. Naxçıvan da sürətlə inkişaf edir, müxtəlif sahələrdə qazanılan uğurlar, iqtisadiyyatda, sosial və mədəni həyatdakı yeniliklər diqqəti çəkir. Blokadanın yaratdığı çətinliklərə baxmayaraq, muxtar respublika gündən-günə tərəqqi edir. Ulu Öndər tərəfindən əsası qoyulan quruculuq xəttinin Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilməsi muxtar respublikada da böyük dəyişikliklərə səbəb olub. Dövlətimizin başçısının həm hərbi, həm iqtisadi sahədə göstərdiyi dəstək sayəsində Azərbaycanın bu diyarının uğurları ildən-ilə artır. Naxçıvanda bütün sahələrdə əldə edilən nailiyyətlər isə hər şeydən əvvəl sakinlərin rifahının yaxşılaşdırılmasına xidmət edir. Burada sənaye dinamik inkişaf edir, sahibkarlığa əlverişli şərait yaradılır, mövcud müəssisələrin fəaliyyəti bərpa olunur, yeni-yeni istehsal sahələri yaradılır. Naxçıvan şəhəri də daxil olmaqla, muxtar respublikanın bütün bölgələrində kompleks abadlıq-quruculuq işləri aparılır.

Bu gün Azərbaycanda qadın hərəkatı gündən-günə inkişaf edir. Bu, həm bizim zəngin ənənələrlə, həm də həyata keçirilən dövlət qadın siyasəti və yaradılan şəraitlə bağlıdır. Ölkəmizin qarşısında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, Strateji Yol Xəritəsinin həyata keçirilməsi kimi çox mühüm bir öhdəlik var. Sənəddə gender bərabərliyinin təmin edilməsi və bütün sahələrdə qadınların imkanlarının genişləndirilməsi əsas hədəflərdən biridir. Sevindirici haldır ki, qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Onlar hər zaman Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunublar.

Azərbaycan qadını bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib, ölkəmizə ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq edib. Azərbaycan qadınları öz dərin zəkaları və fəaliyyətləri ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Azərbaycan qadını əsrlər boyu xalqımızın ictimai-siyasi həyatında fəal iştirak edib. Onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edərək müxtəlif sahələrdə fəallıq göstərib, muxtar respublikamızın sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına öz töhfələrini verirlər.

Muxtar respublikada sahibkarlar, yaradılan şərait və dövlət qayğısından bəhrələnərək təşəbbüslərini daha da genişləndirir, çeşid və məhsuldarlığı hər il daha da artırırlar.

Muxtar respublikamızda da artıq sahibkar qadınlar  formalaşmaqdadır. Sahibkar deyəndə nəyə görəsə göz önünə kişi əməyi gəlir. Amma bacarıqlı xanımlarımız sübut edir  ki, Azərbaycan qadını bütün sahələrdə kişilərlə çiyin-çiyinə çalışmaq qabiliyyətinə malikdirlər. Naxçıvan qadınları istər sahibkarlıq, istərsə də digər sahələrdə fəaldırlar.

Muxtar respublikada qadınların ilkin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər davamlı xarakter alıb. Belə ki, son illərdə muxtar respublikada təsisçisi və sahibkarı qadın olan bir sıra sahibkarlıq subyektlərinə ilkin biznesə başlamaları və fəaliyyətlərinin genişləndirilməsi üçün müəyyən məbləğdə güzəştli şərtlərlə kreditlər verilib. Bu tədbirlərin məntiqi nəticəsidir ki, qadınların sahibkarlıq fəaliyyətinə marağı artır və onlar ərzaq və kənd təsərrüfatı məsullarının istehsalında önəmli rol oynayırlar. Hazırda muxtar respublikada 5 min 478 fiziki, 49 isə hüquqi şəxs olmaqla, ümumilikdə, 5527 qadın sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Sahibkar qadınlar əsasən istehsal, əczaçılıq, ictimai-iaşə sahələri, sənaye materiallarının satışı və lavaş istehsalı, digər ticarət və xidmət sahələrində fəaliyyət göstərirlər.

“Muxtar respublikada ailə təsərrüfatlarının inkişafına göstərilən qayğının nəticəsidir ki, 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunub, bu sahənin inkişafı ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemini həll edir, əhali gəlirlərinin həcminin artmasına müsbət təsir göstərir.

Naxçıvanda təsərrüfat subyektlərinə kredit dəstəyinin göstərilməsi əhali tərəfindən ailə təsərrüfatlarına olan marağı artırıb, muxtar respublikada yeni ailə təsərrüfatları yaradılıb.

Naxçıvan qadınları istər sahibkarlıq, istərsə də digər sahələrdə fəaldırlar.  Müstəqilliyimizin ilk illərində Azərbaycanda cəmi bir faiz qadın sahibkar var idisə, bu gün respublika üzrə sahibkarlıqda təmsil olunan qadınlar artıq 35 faiz təşkil edir. Onların 25 faizi isə məhz Naxçıvanın payına düşür. Bu fakt da naxçıvanlı qadınların sahibkarlığın inkişafında mühüm rol oynadığını bir daha göstərir.

Hər yeni müəssisə, təsərrüfat sahəsi yeni iş yeri deməkdir. Hər bir qadın sahibkar da çalışır ki, yaratdığı müəssisədə bir neçə nəfəri işə cəlb etməklə öz təsərrüfatını inkişaf etdirsin. Bununla bir tərəfdən qadın iqtisadi cəhətdən müstəqil olur, digər tərəfdən ailələrin maddi təminatı yaxşılaşır, məişət problemləri, zorakılıq halları azalır, digər tərəfdən yeni iş yerləri yaranır.

Məhsəti Əsgərova,

Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsinin müəllimi

Xəbər lenti