Qarşımda gözəl bir bağça var. Rəssam, sanki bahar fırçasını göyqurşağına batıraraq bu bağçaya rəng verib. Yaşılyarpaqlı sarı güllər üzərinə qonan bülbüllərin, sanki rəsmini torpağa çəkib bu bağça. Bir izdiham var, İlahi! Bu nə səs-küydür belə? Rəngini göylərdən almış başı buludlara dəyən bir məbəd var bu bağçada. Elm xəzinəsinin mənəvi məbədi olan kitabxana. Öz rəflərində illəri və dahiləri bir məkanda və zamansız bir-birinə mehman edən kitabxana. İlahi! Bu kitab rəfləri arasında nələr gizlənib, nələr. Görəsən, bizi də kitab kimi ağ cildə büküb sonuncu mənzilə yola salacaqlar? Deməli, onda ölən yox olmur, yoxluq necə var olar? Budur, qulağıma səsi gəlir Sokratın, Zərdüştün, Nizaminin, Nəsiminin, Mövlana və Sədinin, haray salıb Arazın o tayında Şəhriyar, Nargində güllələnən Müşfiq, Sibirdə “Mənim Tanrım gözəllikdir, sevgidir”, – deyən Cavid. Oxunur Tövrat, Zəbur, İncil və Quran. İlk əmri oxumaqla başlayır bu kitabların. Rəngbərəng fonda oxucuların üzünə taybatay açıq, “xoş gəlmişsiniz”, – deyən qapıları var bu kitabxananın. Aləmdəki ən sakit və ən hüzurlu məbəddir kitabxana. Bizdən əvvəl və sonra var olan, dil-dodaqla dərilən ləzzətin duyulmasıdır kitabxana. Kimisi oxuduğu qəhrəmanla baş-başa qalır, kimisi tarixin bir küncündə qısılır, kimisi isə dünyamızı gözəlləşdirən kitablarla ömrünə su səpərək başqasının yolunda gül əkir bu məbəddən apardığı kitablarla. Öz maviliyini göyqurşağından ödünc almış bu kitabxanada bir canlanma, bir xoş avaz var. Oxucu masaları yavaş-yavaş öz sakinlərini qucaqlayıb bağrına basır. Fərq qoymur irqlərə, cinslərə, millətlərə, dövlətlərə. Burada qapılar açıq, burada ürəklər açıq, gəl, ayağıçarıqlı keç yuxarı başa çıx. Burada hər kəs ayrı bir sevgi ilə Cənnətin kölgəsini yaradır, eyibləri göstərən güzgülər qırılmır, ya göyə çəkilir, ya göy çəkilir aradan... Allahın kəndirinin bir ucu bu kitabxanadadır. Möhkəm sarıldıqca biz bu sağlam kəndirə, qalxarıq Allahın layiq bildiyi yerə. Oxucunun könlü lövhədir. Bu lövhəyə həkk olunan nümunələr həyatdakı ən mötəbər töhfədir.
Kitabların pıçıltısı eşidilir bütün rəflərdən... “Bizi oxu, bizi oxu”, – deyə. Elə ilk əmri oxumaqla başlayan kitablara toxunaraq tozlu rəflər arasında kamilliyi və müdrikliyi ilə aləmə incilər saçaraq:
“Ölçülüb biçilərsə, incə fikir, incə söz,
Nə qədər gözəlləşər, olar ürəyincə söz”.
Kim ki, sözə söz qoşub tapar haqqın səsini,
Sözlə iki aləmin açar xəzinəsini,
– deyən Şeyx Nizami bizə “Sirlər xəzinəsi”ni oxuyub Allahın ədəbi ilə ədəblənməyimizi, biliklə, hünərlə ölümsüz olmağı tövsiyə edir:
Heydərbaba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu,
Heç bilmədim gözəllərin necoldu?
Bilməz idim döngələr var, dönüm var,
İtkinlik var, ayrılıq var, ölüm var...
Səs gəlir... nisgilli və yorğun! Ayaq saxla, cavan! Ağsaçlı, məhzun üzlü, qəmli və yarım qalan tabloda Şəhriyarı görürük. Bu dünyadan bayram yeli kimi əsib keçən, ruhumuzda əbədi yara buraxan, ömrünü qara günlərlə keçirib ah-vay edən, sonsuz arzularını, saysız diləklərini baxışlarında söndürüb kiçik tabutuna sığdıran Şəhrinin – yarı Şəhriyar arxasında, onu sevən, onu hiss edən, çiyinlərdə Şəhriyar yükünü daşıyan bir cahan qoyub getdi. Səndən keçən dünya bizə nə qədər yad, nə qədər özgədir artıq. Sənə nağıl danışım: “Qurd keçinin Şəngülümün yenə yesin”, külək qalxsın qapı-bacanı döysün, sən də yenidən uşaq ol, uzaq düşdüyün elinə qayıt, gözümdən yaşlar axdıqca sənə çıraq olub yol açım! Dirildib Aşıq Rüstəmin sazını dilləndirim, sənin o yatmış bəxtini, o pərişan qəlbini, bəlkə, beləcə, oyada bilim... Heydərbabadan haray salıb, Arazın göz yaşlarını qurudum, sənə ömür salım! İçində yaşayan bir ölünü – Sürəyyanı dirildib çağırım Turi-təcalləyə, sən də Musa olub o uzun səfərdən qayıt bizə. Səssiz qalmış rəflər arasından səslənirəm?! Hanı günbəgün qəddini əyib yaşadaraq öldürdüyün, indi isə öldürüb yaşatdığın Şəhriyar?! Susur hər kəs, susur hər şəhər... Kaş görəydin hicran odunu köksümüzə kim saldı. Vətən eşqilə can verən şair! Nə vardı bədən olsan, verərdik qarşında can. Göz yaşlarım elə hey axır Araz kimi! Öz yurdunu bu qədər sevən, sevgisini ulu bir dağa sığdıran Vətənə, elə, obaya, adət-ənənələrə bu qədər bağlı olan yarım qalmış Şəhriyarla vidalaşaraq ona qonşu olan “Qoca və dəniz”ə üz tuturam. Mübarizəsindən bir an olsun belə, əl çəkməyən qoca “İnsan övladı məğlubiyyət üçün yaranmayıb. Onu məhv etmək olar, ancaq məğlub eləmək olmaz” fikrini də səndən öyrənərək addımlamağa davam edirik:
Ah mən gündən-günə bu gözəlləşən,
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən,
Dostdan, aşinadan necə əl çəkim?
İlahi, bu ki istibdadda olan Müşfiqdir. Ömrünün 29-cu qışında Dilbərinin gözündən gilə-gilə düşən Müşfiqim. Közü-közə caladığın, papirosunun xısı belə, rəsminə çökmüş “yarım qalan” Müşfiqim!!! Dərdini ömrünün qaranlıq macərasında gizlədən, səsi hıçqırıq, nəfəsi buz kəsmiş, hər ahı bir duman olub öz yolunu kəsən Müşfiqim! Həyat ondan küsənləri incidər, ömrünü kəsər. Yarım ömürlər ilə öz ömür yazısından bir çiçək belə, dərə bilməyən Müşfiqim, oyan daha, bu gün qabarıb Xəzər, qalxıb tərlan ləpələr, qanadlarını açaraq o tarixə acıyır. İşıqlı dünyaya sevgimizdən oyanıb yuyunasan deyə gözünə çəkdiyimiz baxışlarımızda gizlətdik səni:
Yüz dəfə yansaq eşq oduna, qorxu bilmərik,
Çünki diyarımız bizim odlar diyarıdır, – deyən Vahid qonşu rəfdən arxanızca xeyir-dua verərək piyalədə eşq meyini başına çəkir, Müşfiqim. Zeyd bir küncdə inzivaya çəkilərək Leylinin Məcnuna xısın-xısın ağlamağına davam edir. Bir neçə oxucu Cek Londonun “Həyat eşqi”ni soraqlaşa-soraqlaşa rəflərin arasında gəzişir. Yaşamaq uğrunda mübarizədən bəhs edən bu əsəri axtarır. Olumla ölüm arasındakı bu əsəri ona məsləhət görüblər oxusun. Kimsə ona deyib ki, əsərdə ümid var və o, başqadır, o, gördüyünə inanmır, idrakla hesablaşmır. Bir ümid qapısı görüb kitabxananı və öz arzularına çatmaq istəyir... Tikanlıqda şərqi deyən Meggi yer üzünün ən gözəl nəğməsini oxumaq üçün həyat satıb ölüm alır... Qarşı rəfdən Remark səslənir! Mənim anam, bacım, kəpənək dolu qutum və qırmızı ağacdan olan pianom buradadır, amma mən hələ burada deyiləm. Aramızda bir pərdə, keçilməli olan bir addım var. Mən hələ də bizim üçün ölümə səbəb olan xərçəng, vərəm, qrip, dizenteriyadan da ölümcül olan müharibənin qanlı səngərlərində çabalamaqdayam... Çexov qarışır sözə: – Mən inanıram ki, heç bir şey iz buraxmadan keçmir və ən kiçik hərəkətimiz, hər addımımız gələcək həyatımız üçün əhəmiyyət daşıyır. İngilis casusu etiraf edir Çexovun sözünü... Əgər birisi sizə bələd olmadığınız qaranlıq bir yol göstərsə, işığı tapmadan yola düşməyin. Bu anda Avraam Linkolnun oğlunun müəlliminə məktubu gözümə toxunur. İlahi, sadəcə, iki vərəqdən ibarət olan bu məktub bizə Hemferin sözlərini açmaqda kömək edir. O deyir: “Valideynin övladını yeganə tərəddüdsüz etibar etdiyi şəxs müəllimidir. Çünki o, kiminsə oğlunu və qızını deyil, millətin, xalqın gələcək vətəndaşını yetişdirir. Müəllim həm də gələcək üçün birbaşa cavabdehlik və məsuliyyət daşıyan bir insandır. Qarşı rəfdən Drayzer “Dahi”lərdən misal çəkir bizə: – Həyat məhz belə olmalıdır – sağlamlıq, qüvvə, xeyirxahlıq, qarşılıqlı anlama və sadə, səmimi münasibət. Polad necə bərkiyər? “Kökü torpağın dərinliklərinə enən güclü və sağlam bir ağac başı kəsilsə belə, ölməz” buna sübut deyilmi?
Gəlin ruhumuzun səssizliyini eşidib pıçıltılarımızı dualarımız ilə Allaha çatdıraraq “kitab adam” olaq. Bu mavi məbəddə faydalı, oxunması zərurətdən doğan kitablara əyilərək ucalmaq varkən niyə ucalaraq məğrurlaşmayaq? Gəlin dəstə-dəstə gedək “Allah-Allah deməyincə işlər olmaz”, – deyən Dədəmiz Qorquddan xeyir-dua alaq, Sədinin “Gülüstan”ından əmin olaraq başqasının şübhəsindən narahat olmayaq, Ruminin məsnəvisindən ruhlanaq, qanadlanaq və göylərə uçaq. Nizaminin sirlərində öyüd, Nəsiminin hüruflarında söz, Aşıq Ələsgərə qoşulub xalq ədəbiyyatında dastan, Ordubadinin qılıncında qələm, dumanında Təbriz, Şəhriyarın Araz həsrətli gözlərində qayıq olaq, Cavidin “Azər”inə sirdaş, Müşfiqin xəyalındakı Xəzər olaq. Biz oxuyaq, onlar pıçıldasın... Bizi oxu... Bizi oxu! – deyə!!!
Fariz Əhmədov
Naxçıvan Dövlət Universiteti
Elmi kitabxanasının direktoru