Logo

Onu hörmət və ehtiramla anırıq...

27.08.2021 21:09 544 baxış
IMG

Bu dünyada iz qoymaq hər insana nəsib olmur. Yaşadığı ömrü xalqına, dövlətinə, ailəsinə həsr edənlər, həyat fəlsəfəsində faydalı olmağı hər şeydən üstün tutanlar bu dünyadan cismən getsələr də, ruhları daim qəlblərdə yaşayır. Belə insanlardan biri də dostum, həmkarım, 90-cı illərin əvvəllərindən 10 il müddətində Təhsil Nazirliyində bir yerdə işlədiyim Kamil Məcidovdur. Təhsil bilicisi, peşəkar insan Kamil Məcidovun adı çoxlarının xatirindədir və bu ad həmişə hörmət və ehtiramla anılır. Kamil müəllim işinin çoxluğundan, vaxtının azlığından heç vaxt gileylənməyən, ən çətin, gərgin anlarında belə müvazinətini saxlayan, əhatəsində olan bütün insanlarla səmimi, isti münasibət qurmağı bacaran, hər hansı bir məsələ barədə məsləhət, kömək almaq üçün müraciət edən hər kəsə bacardığı köməyi əsirgəməyən insanlardan idi.

Kamil Məcidov 1951-ci il avqustun 17-də Kürdəmir rayonunun Qağacılı kəndində respublikanın Əməkdar müəllimi Məcid Məcidovun ailəsində dünyaya gəlib.

1958-ci il sentyabrın 1-də Kürdəmir rayonundakı Yenikənd kənd orta məktəbinin birinci sinfinə qəbul olunan Kamil hələ məktəbli olarkən ədəbiyyata, şeirə, sənətə böyük maraq göstərirdi.  Kamil məktəb dram dərnəyinin ən fəal üzvlərindən olub, ara-sıra şeirlər yazıb. Özünün dediyi kimi, bu sahədə ona  AMEA-da çalışan tanınmış alim Zirəddin Xacıyevin, mərhum dil-ədəbiyyat müəllimləri Vahir Məmmədovun, Əbil Həsənovun böyük təsiri olub.

Kamil müəllimin arzusu müəllim olmaq idi. O, müəllimlik peşəsini uşaq yaşlarından yüksək qiymətləndirirdi. Beləliklə, Kamil Məcidov 1968-ci ildə keçmiş V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) riyaziyyat fakültəsinə daxil oldu. Təhsil illərində o, riyaziyyatı, pedaqogikanı, psixologiyanı və metodikanı dərindən öyrənməklə müəllimliyin sirlərinə yiyələndi. Özünün dediyinə görə, təhsil aldığı illərdə onun müəllimlik peşəsinə hazırlanmasında sevimli və unudulmaz müəllimləri Əhməd Əhmədovun, Bəxtiyar Abdullayevin, Şəmistan Məmmədovun, Qardaşxan Qasımovun, Qardaşxan Orucovun, Yusif Salmanovun, Firidun Abdullayevin, Əhməd Kərimovun, Azadxan Adıgözəlovun, Zemfira Tağıyevanın və başqalarının böyük zəhməti olmuşdur.

Kamil Məcidov 1972-ci ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Kürdəmir rayonuna getmiş, Köhnəbazar kənd orta məktəbində riyaziyyat müəllimi kimi ilk əmək fəaliyyətinə başlamış və qısa müddət ərzində müəllim və şagirdlərin sevimlisinə çevrilmişdir.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Şagirdlərin peşəyönümü” problem laboratoriyasında öz işini davam etdirmişdir. 1988-ci ilə kimi həmin laboratoriyanın əməkdaşı olan K.Məcidov bu illər ərzində ümumtəhsil və texniki peşə məktəblərində öyrədilən bəzi fənlər üzrə proqram və dərsliklərin peşəyönümü işi üçün imkanlarını aşkara çıxarmış, şagirdlərin peşəyə istiqamətləndirilməsinin yollarını müəyyənləşdirmiş, texniki peşə məktəblərində və məktəblərarası tədris-istehsalat kombinatlarında aparılan peşəyönümü işlərinin məzmununu, forma və yollarını işləyib hazırlamışdır.

1983-1992-ci illərdə Kamil Məcidov respublika televiziyasında “Peşə, sənət yollarında” və “İstədiyiniz ixtisası seçin” verilişlərinin aparıcısı olmuşdur. Bu illərdə 150-yə yaxın veriliş hazırlamış və tamaşaçılara çatdırmışdır.

Şagirdlərin və məzunların peşələrlə tanış edilməsində və peşə seçməsində, peşəyönümü sahəsində aparılan tədqiqatların nəticələrinin tətbiqində, ümumtəhsil və texniki peşə məktəblərində qabaqcıl təcrübənin öyrənilib yayılmasında, məktəblilərin və abituriyentlərin ali və orta ixtisas təhsili müəssisələri və orada kadr hazırlığı aparılan ixtisaslarla tanış edilməsində həmin verilişlərin böyük rolu olmuşdur.

1980-ci ildə “Şagirdlərin peşəyönümü” problem laboratoriyasının və laboratoriyanın əməkdaşı K.Məcidovun təşəbbüsü ilə Pedaqoji Universitetin tədris planlarına “Şagirdlərin peşəyönümü”, “Orta texniki peşə məktəblərində təlim-tərbiyə işləri” adlı xüsusi kurslar daxil edilmişdir. Bu, pedaqoji ali məktəblərdə təhsil alan gələcək müəllimlərin orta məktəblərdə əmək tərbiyəsi və peşəyönümü işi aparmağa hazırlanması istiqamətində atılmış çox mühüm bir addım idi. K.Məcidov Ümumi pedaqogika kafedrasının dosenti, mərhum Əhməd Əhmədovla birgə həmin fənlərin proqram və dərs vəsaitlərini hazırlamışdır.

Bu dövrdə onun həmmüəlliflərlə birgə “Məktəblilərin peşə seçməyə hazırlanması” (1987, Ə.Sarıyevlə), “Şagird istehsalat briqadalarının fəaliyyətinin pedaqoji əsasları” (1989, M.Məmmədovla), “Texniki peşə məktəblərində təlim-tərbiyə işləri” (1992, Ə.Əhmədovla), “Məktəb islahatı və gənclərin peşə yönümü” (1987, A.Hüseynovla) adlı kitabları, metodik göstərişləri (1985, 1989) nəşr edilmiş, universitetin “Elmi əsərlər” məcmuəsində, “Azərbaycan məktəbi”, “Gənc fəhlə” jurnallarında məqalələri dərc olunmuşdur.

Kamil Məcidov 1988-ci ildə peşəyönümü problemi ilə bağlı namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi (hazırda pedaqogika üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. O, 45 elmi və elmi-metodik əsərin (kitab, broşüra, proqram, metodik göstəriş, məqalə və s.) müəllifidir. Qəzetlərdə təhsillə bağlı 150-dən artıq məqaləsi dərc olunmuşdur.

1988-1989-cu illərdə Təhsil Nazirliyinin ali təhsil üzrə tədris-metodika kabinetində baş metodist vəzifəsində çalışan K.Məcidov 1989-cu ilin mart ayında nazirliyin nəzdində Respublika Tədris-Metodika Mərkəzində ali təhsil üzrə metodkabinetin müdiri vəzifəsinə təyin olunmuş və 1992-ci ilin iyun ayına kimi orada işləmişdir. Bu dövrdə o, ali təhsil müəssisələrində istehsalat (pedaqoji) təcrübəsinin təşkili və keçirilməsinə metodik köməklik istiqamətində əhəmiyyətli işlər görmüşdür.

1992-ci ilin iyun ayından dekabr ayına kimi nazirliyin Ali təhsil və elm idarəsində aparıcı, həmin ilin dekabr ayından 1993-cü ilin noyabr ayına kimi baş inspektor işləmişdir. 1993-cü ilin noyabr ayından nazirliyin Ali və orta ixtisas təhsili şöbəsində baş mütəxəssis (sonradan baş məsləhətçi adlandırılıb) vəzifəsinə təyin olunmuşdur.

1992-1997-ci illərdə Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının “Əmək təlimi, tərbiyəsi və peşəyönümü” bölməsinin sədri olmuş, bu sahədə onlarca dərslik, dərs vəsaiti, metodik göstəriş və tövsiyələrin, fənn proqramlarının işıq üzü görməsinə qərar vermişdir.

Nazirliyin aparatında işlədiyi müddət ərzində Kamil Məcidov Dövlət Təhsil Standartlarının, ali baza təhsili proqramları və tədris planlarının hazırlanmasında yaxından iştirak etmişdir.

Mərhum dostum Kamil müəllim yaşasaydı bu il 70 illik yubileyini qeyd edərdik. Könül istərdi ki, Kamil müəllimin 70 illik yubileyi haqqında onun sağlığında yazardım. Qismət olmadı. Əfsuslar olsun ki, həyat onu da bizim aramızdan aldı.

Əziz dostum Kamil müəllimin xatirəsini hörmət və ehtiramla anır, ona Allahdan rəhmət diləyirəm. Yerin behişt olsun, dəyərli dost!

Nazim KAZIMOV,

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor

Xəbər lenti