Logo

Ənənəvi tədrisə qayıdırıq

10.09.2021 12:02 695 baxış
IMG

Proses pandemiya mühiti nəzərə alınmaqla mərhələlərlə aparılacaq

Uzunmüddətli fasilədən sonra Azərbaycanda ənənəvi tədris bərpa olunur. Növbəti dərs ilində tədrisin təşkili ilə bağlı yeni qərarlar verilib. Təhsil Nazirliyinin Kollegiyasında verilən həmin qərarları ictimaiyyətə təhsil naziri Emin Əmrullayev sentyabrın 7-də keçirdiyi brifinqdə açıqlayıb.

Ənənəvi tədrisə qayıdış mərhələlərlə həyata keçiriləcək. Proses sentyabrın 22-dən I-IV siniflərin məktəblərə qayıtması ilə start götürəcək. Növbəti həftə, yəni sentyabrın 29-da ümumtəhsil müəssisələrində V-IX sinif şagirdləri, ali və orta ixtisas, o cümlədən məktəbdənkənar təhsil müəssisələrində tədrisə başlanılması ilə davam edəcək. Oktyabrın 1-də isə, hər il olduğu kimi, məktəbəhazırlıq qrupları siniflərdə öz yerini tutacaq. Ənənəvi tədrisə qayıdış pandemiya mühiti nəzərə alınmaqla həyata keçiriləcək. Belə ki, sanitar-gigiyenik şəraitdən asılı olaraq müəyyən məhdudiyyətlər tətbiq ediləcək.

Hər kəsin peyvənd olunması önəmlidir

Məhdudiyyətlər ilk növbədə peyvəndlə əlaqədar olacaq. Belə ki, nazir Emin Əmrullayev təhsil nöqteyi-nəzərindən vaksinasiyanın 2 mühüm amilinə diqqət çəkərək onun zərurətini bir daha vurğulayıb. Nazirin sözlərinə görə, birinci amil məktəblər və təhsil işçiləridir ki, hesablamalara görə, pandemiyanın davam etməsinə baxmayaraq, sentyabrın axırına qədər məktəblər üzbəüz tədrisə hazır olacaq: “Aprel-may aylarında təhsil işçilərinin 80 faizindən çoxunun vaksinasiya olunmasını əyani tədrisə keçiddə əsas şərt hesab edirdik. Biz buna nail olmuşuq. Belə ki, artıq 169862 nəfər təhsil işçisi peyvənd olunub. Onlardan 38654 nəfər hər iki doza vurulan şəxslərdir. Lakin bu, kifayət deyil. Tədris prosesinin fasiləsiz, uğurla davam etməsi üçün hər kəsin peyvənd olunması önəmlidir”.

Lakin təhsil, sadəcə müəllimlərdən və təhsil işçilərindən ibarət deyil. Təhsil işçiləri və şagirdlər hər biri bir ailəyə məxsusdur və onların məktəbə hansı mühitdən gəldiyi pandemiya şəraitində önəm kəsb edir. Məhz bu önəmli məqam nəzərə alınaraq  2021-2022-ci tədris ilinə 1 və 2 həftəlik ləngimə ilə başlanılır. Aparılan hesablamalara əsasən nazir ləngiməni gündəlik yoluxma sayının yüksək olması ilə izah edib. İndiyədək aparılan hesablamalara diqqət çəkərək əvvəlki təcrübələrdən gündəlik yoluxmaların 2-4 faizinin məktəbləri - məktəblərdə çalışan müəllimlər və başqa texniki işçiləri, 8 faizə qədəri isə şagirdləri əhatə etdiyini deyib: “Bu mənada gündəlik yoluxmaların 10 faizə qədəri birbaşa təhsillə əlaqəlidir. 10 faizlik yoluxma təqribən 300 nəfər deməkdir. Məktəblərdə yoluxma artan kimi, qapanmalara getməli oluruq. Bu səbəbdən tədris ilinə dərhal deyil, 1-2 həftəlik ləngimə ilə başlayırıq. Vaxtında başlayıb qısa müddət sonra qapanmalara getməkdənsə, bir az gec başlayıb təhsilin davamlılığını təmin etməyi məqsədəuyğun hesab edirik”.

Təhsil naziri sentyabrın sonuna bütün ölkə üzrə hər iki doza vaksin vurduraraq immunitet qazananların sayında ciddi fərq olacağına dair aparılan hesablamalara diqqət çəkib: “Hesablamalara görə, sentyabrın 15-nə qədər 2 milyon 700 mindən artıq vətəndaşımız hər iki doza peyvəndi vurduraraq immunitet qazanacaq. Bilirsiniz ki, orqanizmdə immunitet ikinci dozanı vurdurduqdan 15 gün sonra yaranır. Sentyabrın sonuna qədər immunitetli vətəndaşlarımızın sayı 4 milyonu keçəcək. Bu isə təhsil üçün önəmli hadisədir, çünki həmin şəxslər bu və ya digər mənada təhsillə əlaqəlidirlər”.

Dövlət başçısının göstərişi və nəzarəti altında səhiyyə sahəsində həyata keçirilən tədbirləri və ən əsası, vaksinasiya prosesinin düzgün idarə edildiyini vurğulayan nazir bildirib ki, ölkəmizdə yoluxmanın ən kəskin dövründə - virusun yaratdığı IV dalğanın davam etdiyi bir vaxtda nəinki qapanmalara gedirik, əksinə ölkəmizdə üzbəüz tədris bərpa edilir.

Ali və orta ixtisas təhsili müəssisələri üçün qaydalar hazırlanır

Bütün ümidverici məqamlara baxmayaraq, üzbəüz tədrisi bərpa edərkən pandemiyanın hələ davam etdiyi də unudulmur. Bunu nəzərə alaraq ali təhsil müəssisələrində tədrisin təşkilinə dair yeni qaydalar hazırlanır. Təhsil naziri Emin Əmrullayev bildirib ki, daha çox təşkilati məsələləri əhatə edən həmin qaydalar hazırda ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri ilə birgə müzakirə olunur: “Ali təhsil sistemində böyük auditoriyalarda mühazirələrin təşkilinin əleyhinəyik. Bunu təhsil müəssisələri rəhbərləri ilə müzakirə edib müəyyən limitlə bağlı qərar verəcəyik. Ancaq onu xüsusi qeyd etməliyəm ki, istər 18 yaşından yuxarı olan təhsilalanlar, istərsə də müəllimlər qaydalara uyğun olaraq ya peyvənd olunmalı və ya peyvəndə əks göstəriş olduğuna dair sertifikat təqdim etməlidirlər. Bu mənada hər hansı güzəştin olmasını planlaşdırmırıq. Peyvənd olduqca vacibdir. Hər kəs sosial məsuliyyətini dərk etməlidir... “Bizdən üzbəüz tədrisə qayıtmağımız tələb edilir, ancaq nəzərə almaq lazımdır ki, təhsilin davamlılığı üçün zəruri şərtlər təmin edilməlidir. Bu da hər birimizdən asılıdır”.

Özəl təhsil müəssisələri tədrisi öz proqramlarına uyğun bərpa edə biləcək, amma...

Təhsil naziri özəl məktəblərlə bağlı qərara da toxunub. Dövlət təhsil müəssisələrindən fərqli məzmunla tədrisin həyata keçirildiyi özəl təhsil məktəblərində tədris ilinin daha uzun olduğunu, həmin müəssisələrin tədrisi öz proqramlarına uyğun bərpa edə biləcəklərini vurğulayıb: “Amma eyni zamanda təsisçilərlə birlikdə düzgün qərar vermək onların məsuliyyətidir. Çünki məktəbi daha tez açdıqda yoluxma baş verərsə, onların da fəaliyyəti sual altına düşə bilər. Ona görə də riskləri düzgün qiymətləndirib tədrisə ən doğru başlama vaxtını müəyyən etməlidirlər”.

Tədris planlarında zəruri sıxlaşdırmalar və ümumiləşdirmələr aparılıb

Brifinqdə iştirak edən Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu pandemiya mühitinin təhsildə buraxdığı izə nəzər salıb. Onun fikrincə, pandemiya akademik öyrənməyə mane olsa da, çoxlarına sosial bacarıqlar qazandırdı. Bu sosial bacarıqlar davranış qaydaları və rəqəmsallaşmanı öyrətdi ki, bunun da müsbət təsirini uzun müddət hiss edəcəyik.

Şöbə müdiri pandemiyaya rəğmən müəllimlərin yeni dərs ilinə hazır olduğunu bildirib: “Bu müddət ərzində müəllimlərə yeni bacarıqlar aşılamaq istiqamətində çox iş görülüb. Variativ, tamamilə yeni məzmunda QR kodla təchiz olunan dərsliklər yaradılıb. Sistem olaraq tədris ilinə hazırlıq tamamlanıb. Gec başlamaq problem deyil, əsas odur ki, müəllimlər “silahlanıb”lar. Tədris planlarında zəruri sıxlaşdırmalar və ümumiləşdirmələr aparılıb”.

Məktəblərdə sanitar-epidemioloji vəziyyətə güclü nəzarət olacaq

Təhsil nazirinin müşaviri Rüstəm Ağayev COVID-19-un səbəb olduğu pandemiya mühitində  ümumtəhsil müəssisələrində aparılan praktik işlərin idarə olunması və nəzarət sistemi haqqında məlumat verib. Onun sözlərinə görə, ilk növbədə, hər bir təhsil müəssisəsində operativ nəzarət üzrə məsul şəxslər fəaliyyət göstərəcək. Məktəbdə sanitar-epidemioloji vəziyyətə  nəzarət edəcək həmin şəxsləri məktəb rəhbərliyi  tərəfindən təyin olunacaq. Təhsil müəssisəsinə daxil olan hər kəsin hərarəti ölçüləcək və temperaturu 38 dərəcədən yuxarı olanlar məktəbə buraxılmayacaqlar. Dərs vaxtı şagirdin və ya məktəb heyətinin hərarəti qalxarsa, həmin şəxs xüsusi otaqda izolyasiya ediləcək. Bu məqsədlə hər məktəbdə xüsusi izolyasiya otağı hazırlanıb. Prosesə “Məktəblinin dostu” layihəsinin əməkdaşları da cəlb edilib. Müşavir bildirib ki, 226 məktəbdə 444 layihə əməkdaşı vəzifə başında olacaq.

Pandemiyanın tələblərinə hansı məktəbdə necə əməl olunması isə mütəmadi həyata keçirilən monitorinqlərlə nəzarətdə saxlanılacaq. R.Ağayevin sözlərinə görə, bu işi həyata keçirən monitorinq qrupları fəaliyyət göstərir. Həm Təhsildə Keyfiyyətin Təminatı Agentliyi, həm də Gigiyena və epidemiologiya mərkəzi ilə birgə fəaliyyət göstərən qruplar yaradılıb. Təhsildə Keyfiyyətin Təminatı Agentliyi ilə birlikdə yaradılan monitorinq qrupları mütəmadi olaraq məktəblərdə yoxlamalar aparır. Ötən il də fəaliyyət göstərən həmin qrupların yoxlamaları bir sıra məktəb rəhbərlərinin cəzalanması ilə nəticələnib.

Gigiyena və epidemiologiya mərkəzi ilə birgə yaradılan işçi qrup yoluxma qeydə alınan  məktəbdə araşdırma aparır və yalnız bu araşdırmanın nəticəsinə uyğun qərar verilir.

Nazirin müşaviri valideynlərə də müraciət edib: “Məktəb daxilində yaradılan qaydalara məktəbin qarşısında övladlarını gözləyən valideynlər də əməl etməli, maska və sosial məsafə tələblərinə riayət olunmalıdır. Valideynlər ötən il imzaladıqları iltizama bu il daha ciddi yanaşmalıdırlar. Evində öskürən, hərarəti yüksələn, kəskin respirator xəstəlik əlamətləri müşahidə edilən şəxs varsa, həmin ailə  uşaqlarını məktəbə buraxmasınlar və bu barədə dərhal məktəb rəhbərliyinə məlumat versinlər”.

Ötən il koronavirusa yoluxan valideynlərin uşaqlarını məktəbə göndərdiyi ilə bağlı faktlar qeydə alındığını deyən R.Ağayev bu məsələdə valideynləri həssas mövqe nümayiş etdirməyə çağırıb.

Teledərslər davam edəcək

10 min ən yaxşı müəllimlə hazırlanan və pandemiya dövrünün ən uğurlu layihələrindən olan “Teledərslər” də davam edəcək.

Beləliklə, pandemiyanın təsiri ilə yaranan hər hansı səbəbdən övladını məktəbə göndərməyənlər bu yolla dərsdən geri qalmayacaqlar.

Təhsil naziri Emin Əmrullayev ehtiyac qalmayacağına ümid etsə də, virtual  məktəb üzrə platformaların da hazır olduğunu bildirib: “Ümid edirəm ki, “Virtual məktəb” layihəsinə ehtiyac olmayacaq. Əgər yoluxma sayı artarsa, “Virtual məktəb”dən öyrənilmə təmin ediləcək”.

Ruhiyyə DAŞSALAHLI

Xəbər lenti