Bu il respublikamızın ən böyük və köklü universitetlərindən olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 yaşı tamam olur.
525.az xəbər verir ki, 2021-ci ilin 17 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda ali təhsil müəssisəsinin respublikamızda elm və təhsilin inkişafındakı xüsusi rolu vurğulanaraq deyilir: “İxtisaslaşmış ali təhsil müəssisəsi kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafı naminə bu gün də uğurlu fəaliyyəti ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir. Universitetdə qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından faydalanmaqla ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atılır”.
Pedaqoji Universitet bir əsr ərzində olduqca zəngin bir inkişaf yolu keçib. 6 tələbə və 8 müəllimlə yola çıxan Universitet bu günə qədər 160 mindən çox yüksəkixtisaslı mütəxəssis yetişdirən, hazırda subbakalavriat və bakalavriat səviyyəsində 18 mindən çox tələbəsi, 2 min nəfərədək akademik və inzibati heyətə malik, ölkə üzrə şəbəkələşmiş, respublikamızın ən nüfuzlu ali məktəblərindən birinə çevrilmişdir.
Universitetin 60 illik yubileyində qəzet başlıqlarında yer aldığı kimi ifadə etsək, “Həmişəcavan Yubiliyar”ın tarixinə bu dəfə rəmzlərin işığında nəzər salmaq istədik. Aşağıda ADPU-nun tarixindəki əlamətdar hadisələrin nişanələri olan ən maraqlı rəmzlər və sənədlər təqdim olunur.
1. Azərbaycan Dövlət Pedaqoji Universitetinin təsis edilməsi haqqında dekret (1921)
“Birinci Azərbaycan Dövlət Kişi Pedaqoji İnstitutunun təşkili haqqında” 66 nömrəli dekret 1921-ci ilin 26 avqustunda Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov tərəfindən imzalanıb.
Dekretdə deyilir:
“Respublikanın vahid əmək məktəbinin ideyalarını həyata tətbiq etməyə qabil yüksəkixtisaslı maarif işçiləri hazırlamaq məqsədilə bu ilin sentyabr ayının birindən etibarən Bakı şəhərində II dərəcəli şura məktəbləri üçün türk dilində müəllimlər hazırlaya biləcək Azərbaycan Dövlət Kişi Pedaqoji İnstitutu təsis edilsin. İnstitutun təşkilinə həmin dekretin nəşrindən dərhal sonra başlanılsın.”
Xalq Komissarları Sovetinin sədri N.Nərimanov
Xalq Maarif Komissarı D.Bünyadzadə
Xalq Maarif Komissarlığının işlər müdiri Şirvani
Katib R.Tahirov
(Tərcümə F.Rüstəmovun “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları”. Bakı, “Elm və təhsil”, 304 s.kitabının 14-cü səhifəsindən götürülüb.)
Dekretin mətnindən aydın olduğu kimi ADPU respublikamızda ilk anadilli ali məktəbdir.
Dekretin burada təqdim olunan surəti “Kommunist” qəzetinin 26 avqust 1921-ci il tarixli sayında dərc olunmuş rəsmi variantıdır. Qəzet Azərbaycan Milli Kitabxanasının fondunda saxlanılır.
2. Ali Pedaqoji İnstitutunun ilk möhürü (1921)
1921-ci ilə aid olan Ali Pedaqoji İnstitutunun (hazırkı Azərbaycan Dövlət Pedaqoji Universiteti) ilk möhürünün orijinal təsviri universitetin redaktoru Taleh Mirzəyev tərəfindən 1926-cı ildə Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunun Şuşa sakini Bəhmən Qərim oğlu Məhəmmədzadəyə verdiyi Şəhadətnamənin üzərindən aşkarlanaraq götürülüb və universitetin mütəxəssisi Elvin Vahidov tərəfindən restavrasiya olunmuşdur. (Şəhadətnamənin surəti M. Mərdanovun “Azərbaycan təhsil tarixi” ll cild (“Təhsil” nəşriyyatı, B-2011, 702 s.) kitabının 442-ci səhifəsindən götürülüb. Tanınmış təhsil tədqiqatçısı prof. F.Rüstəmov qeyd edir ki, bu möhür 1921-ci ildən istifadə olunub. Alim bildirir ki, B.Q.Məhəmmədzadə (1896-1937) represiya qurbanı olub. Akademik M. Mehdizadə və məhşur fizik A.Abbaszadənin tələbə yoldaşıdır. O, prof. Hümeyir Əhmədovun ana babasıdır).
Möhürün kənar dairəsində əski əlifba ilə Azərbaycanca “Xalq Maarif Qomissarlığı. Azərbaycan Birinci Ali Darülfünunu” (şərqşünas alim Səadət Şıxıyeva tərəfindən oxunub), ikinci dairəsində rusca “Azərbaycan Pedaqoji İnstitutu” yazıları qeyd olunub. Möhürün mərkəzində o zamankı adı ilə Azərbaycan İctimai Şura Cümhuriyyətinin (Az.SSR) rəmzi olan aypara içində beşguşəli ulduz təsviri var. Ulduzun üzərində oraq və çəkic rəsmi yerləşdirilib. Beşguşəli ulduzun tam yuxarısında ölkənin adının abreviaturası olan “A.İ.З.C” inisialları yer alır. Aypara-ulduz embleminin yuxarı kənarında latın qrafikalı Azərbaycanca, aşağı kənarında isə rusca ilə “Bütün ölqələrin proletarı birləşin!” şüarı yazılıb.
Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunun Şuşa sakini Bəhmən Qərim oğlu Məhəmmədzadəyə verdiyi Şəhadətnamənin surəti (1926)
3. Azərbaycan Dövlət Pedaqoji Universitetinin indiyədək mövcud olmuş loqoları
1. İndiyədək heç bir nəşrdə yer almayan universitetin 1971-ci ilə aid ilk loqosu universitetin redaktoru Taleh Mirzəyev tərəfindən 2021-ci ilin aprel ayında Dövlət Kino-Foto Sənədləri Arxivinin materialları içərisindən aşkar edilmiş, daha sonra araşdırmalar nəticəsində universitetin şöbə müdiri Turan Kərimli və Taleh Mirzəyevin səyləri, ADPU-nun təsərrüfat işçiləri Zabil Mikayılov və Vaqif Allahverdiyevin köməyi ilə 2021-ci ilin sentyabrında loqonun bir neçə fərqli arxiv versiyaları da aşkarlanmışdır. Gördüyünüz loqo 1971-ci ilə aid fotoslaydın neqativlərində, 1973-cü ilə aid yubiley yaxa nişanında və 1973-cü ilin 28 fevralına aid arxiv fotolarında əks olunan versiyaların emalı yolu ilə uzun zəhmətdən sonra Turan Kərimli tərəfindən 2021-ci ilin oktyabr ayının əvvəllərində restavrasiya olunmuşdur.
2. Loqo fərqli arxiv təsvirləri əsasında 2021-ci ilin sentyabr ayında Turan Kərimli tərəfindən bərpa edilmişdir.
4. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Qırmızı Əmək Bayrağı” Ordeni ilə təltif edilməsi
Müəllim kadrlarının hazırlanması və pedaqogika elmi sahəsində əldə etdiyi uğurlara görə o vaxtkı adı ilə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu SSRİ Ali Soveti Rəyasət Heyətinin 26 may 1972-ci il tarixli Fərmanı ilə “Qırmızı Əmək Bayrağı Ordeni” ilə təltif edilib.
Fərmanda deyilir:
“Müəllim kadrları hazırlamaq və pedaqogika elminin inkişaf etdirmək sahəsində qazandığı müvəffəqiyyətlərə görə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilsin.”
SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri
SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi
Moskva, Kreml,
26 may 1972-ci il.
(Fərmanın tərcümə mətni universitetin 60 illiyi münasibəti ilə 1981-ci ildə nəşr olunmuş məlumat albomundan götürülüb.)
ADPİ-nin 50 illik yubileyi münasibəti ilə Bakı şəhəri F.E.Dzerjinski adına klubda (indiki Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi) 28 fevral 1973-cü il tarixində keçirilən təntənəli mərasimdə Azərbaycan SSR KP MK-nın birinci katibi H.Ə.Əliyev “Qırmızı Əmək Bayrağı Ordeni”ni instituta şəxsən təqdim etmişdir (institutun bayrağına sancmışdır). Bununla bağlı foto-video materiallar Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivində qorunur.
“Azərbaycan Dövlət Pedaqoji İnstitutu böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksək ixtisaslı kadrlar ocağına çevrilmişdir. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır... Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hislərinə malik olan insanlardır”.
Ümummilli lider Heydər Əliyevin ADPU-nun 50 illik yubileyindəki nitqindən
5. Azərbaycan Dövlət Pedaqoji Universitetinin yubileyilərinə həsr olunmuş masalüstü xatirə medalları
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırkı ADPU) 60 illik yubileyinə həsr olunmuş 1981-ci ilə aid masaüstü xatirə medalının hər iki üzünün təsviri ilk dəfə ADPU-nun magistrantı Asim İbrahimov tərəfindən 2021-ci ilin əvvəllərində internetdəki hərrac səhifələrindən aşkarlanmışdır. Daha sonra ADPU-nun mütəxəssisi Faiq Heydərov medalın vaxtilə ona təqdim edilmiş və hazırda şəxsi arxivində saxlanılan orijinal nüsxəsini 2021-ci ilin sentyabrında universitetə təqdim etmişdir. Burada həmin nüsxə təqdim olunur.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 80 illik yubileyi münasibəti ilə 2001-ci ildə hazırlanmış masaüstü xatirə medalı. Medalın əsli ADPU-nun Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş şöbəsinin arxivində saxlanılır. 2021-ci ilin oktyabr ayında Taleh Mirzəyev tərəfindən aşkar edilmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 85 illik yubileyi münasibəti ilə 2006-cı ildə hazırlanmış masaüstü xatirə medalı. Medalın bir nüsxəsi professor Fərrux Rüstəmova təqdim edilmişdir. Burada əks olunan təsvir də prof. F.Rüstəmovun şəxsi arxivindəndir.
6. Azərbaycan Dövlət Pedaqoji Universitetinin yubiley döş nişanları
Universitetin 50 illiyi (1971), 60 illiyi (1981) və 100 illiyi (2021) münasibəti ilə hazırlanmış yubiley döş nişanları universitetin 50 illik və 60 illik yubiley döş nişanlarını araşdırmalar nəticəsində universitetin şöbə müdiri Turan Kərimli və redaktor Taleh Mirzəyev 2021-ci ilin sentyabrında aşkar etmişlər. Bu materialların aşkar edilməsində ADPU-nun təsərrüfat işçiləri Zabil Mikayılov və Vaqif Allahverdiyev yaxından köməklik göstərmişdir.
Pedaqoji Universitetin 100 illik yubiley döş nişanı isə universitetin mütəxəssisi Elvin Vahidov tərəfindən hazırlanmış və ADPU-nun Elmi Şurasının 07 oktyabr 2021-ci il tarixli iclasında təsdiq edilmişdir. Döş nişanında ali təhsil müəssisəsinin loqo elementləri və yubiley simvolları əksini tapır.
7. Azərbaycan Dövlət Pedaqoji Universitetinin akademik nişanları
Birinci nişan SSRİ dönəminə aiddir. Digərləri isə hazırda istifadə olunur. Hazırkı nişanların kənar haşiyə rəngi ağ və qızılı olmaqla iki varinatda təqdim olunur.
Akademik nişanlar (məzun nişanları) ali təhsil müəssisələrini bitirmiş şəxslər üçün fərqlənmə nişanıdır. Bu nişanlar məzunların hansı sahə üzrə ali təhsil almasını təsdiq edir. Xüsusilə həbçilərin bu nişanları rəsmi uniformaları üzərində daşımaları mütləqdir.
Çar Rusiyası dönəmindən istifadə olunmağa başlanan bu nişanlar SSRİ dövründə ittifaq miqyasında ali təhsil sahələrinə müvafiq olaraq vahid nişanlar şəklində tətbiq edilirdi və bu nişanlar məzunun hansı sahə üzrə təhsil almasını ifadə edirdi. Rombşəkilli nişanlar elm sahələri üzrə fon rənginə və üzərindəki simgəyə görə fərqlənirdi. Məsələn, aşağıda da göründüyü kimi ali pedaqoji təhsil, həmçinin kitabxanaçılıq təhsilini təsdiq edən nişanın fonu mavi rəngdə olurdu və üzərində dövlət gerbinin altında açıq kitab simgəsi yer alırdı. Dövlət universitetlərinin məzun nişanlarında isə ancaq gerb əks olunurdu.
SSRİ dağıldıqdan sonra akademik nişanlar praktik funksiyasını itirsə də, hazırda bir çox MDB ölkələrinin ali təhsil müəssisələri simvolik olaraq bu gün də məzunlarına öz akademik nişanlarını təqdim edir. Hazırda ADPU-nu bitirən məzunlar da istəklərinə uyğun olaraq məzun olarkən bu nişanı əldə edə bilərlər.
ADPU-nun müasir akademik nişanı da romb formalı olub kənardan haşiyələnmişdir. Daxili fon Azərbaycan bayrağının rəngləri ilə boyanıb. Rombun yuxarısında Azərbaycan Respublikasının Dövlət Gerbi, onun altında isə “ADPU” akronimi və açıq kitab təsvir olunmuşdur.
Sovet dövrünə aid nişanın təsviri internetdən götürülüb, müasir nişanlar isə ADPU-nun Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş şöbəsi tərəfindən hazırda məzunlara təqdim olunur. Bu nişanların təsvirini də bizə şöbə əməkdaşları təqdim elədilər.
Əlavə məlumat:
Məzun nişanları XIX əsrdə Rusiyada ortaya çıxıb. Əvvəlcə Rusiya İmperatorluğunun hərbi akademiyalarını bitirən şəxslər üçün nişanlar tətbiq edildi (1866-cı il) və bu da “akademik nişanlar” termininin meydana gəlməsinə səbəb oldu. Mülki təhsil müəssisələri arasında, bu tip ilk xüsusi nişanlar, İmperator Rus Universitetləri tərəfindən magistr və doktor dərəcələri alan insanlar üçün 1889-cu ildə təsis edildi. 1899-cu ildə ortaya çıxan işarənin modeli müasir akademik işarələrin prototipi oldu. 1917-ci il çevrilişi ilə bu nişanlar ləğv edildi.
1940-cı ildə SSRİ-də peşə məktəbləri yarandı və onların məzunlarına kənarları ağ mina zolaqları olan mavi mina fonla örtülmüş kiçik qabarıq romb şəklində nişan verilməyə başlandı. Nişanın ortasında mavi mina fonunda xalq təsərrüfatı sahəsinin simvolik təsviri var idi. 4 sentyabr 1945-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə dövlət universitetlərini bitirmiş şəxslər üçün nişanlar təqdim edildi. Qızıl üzlüklü və Sovet gerbinin üst-üstə qoyulmuş ağ haşiyəli, mina edilmiş mavi romb şəklində olan nişanın sinənin sağ tərəfində SSRİ orden və medallarının altında taxılması nəzərdə tutulmuşdu. SSRİ Nazirlər Sovetinin 20 dekabr 1958 -ci il tarixli 1375 saylı fərmanı ilə digər ali və orta təhsil müəssisələrini bitirmə əlamətləri təsbit edildi. SSRİ Ali və Orta İxtisas Təhsil Nazirliyinin 8 aprel 1961-ci il tarixli əmri ilə akademik nişanların vahid forması təsdiq edilmişdir.
Müasir akademik nişanlar, bütövlükdə sovet simvollarının milli simvollar ilə əvəz edilməsi və təhsil müəssisəsinin simvollarının elementlərinin əlavə edilməsi ilə əsasən əvvəlki formadadır.
8. Azərbaycan Dövlət Pedaqoji Universitetinin yubiley yaxa nişanları
ADPU-nun 50 illik (1973), 80 illik (2001) və 100 illik (2021) yubileylərinə aid yaxa nişanları
Universitetin yubileylərinə aid yaxa nişanlarının hər üçü plastik material üzərində çap olunmuş təsvirdən ibarətdir.
50 illik yubileyə aid yaxa nişanını ADPU-nun şöbə müdiri Turan Kərimli və redaktor Taleh Mirzəyev araşdırmalar nəticəsində 2021-ci ilin sentyabrına aşkara çıxarmışlar. Nişanın tapılmasında ADPU-nun təsərrüfat işçiləri Zabil Mikayılov və Vaqif Allahverdiyev yaxından köməklik göstərmişlər.
Bu nişanla bağlı maraqlı cəhətlərindən biri də odur ki, yaxa nişanının arxa üzündəki qeydlərdən aydın olur ki, onlar Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən hazırlanaraq nəşr olunub. Nişanın arxasında rusca aşağıdakı sözlər yazılıb:
“Azərbaycan Jurnalistlər İttifaqı”
“Qiyməti 85 q.”
80 illik yubileyə aid yaxa nişanı ADPU-nun Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş şöbəsinin arxivində qorunur. 2021-ci ilin oktyabr ayında Taleh Mirzəyev tərəfindən aşkar edilmişdir.
100 illik yubiley yaxa nişanı isə Elvin Vahidov tərəfindən hazırlanmışdır.
9. Azərbaycan Dövlət Pedaqoji Universitetinin ilk və hazırkı himnləri
Ali Pedaqoji Kişi İnstitutunun (indiki ADPU) ilk himninin sözləri Abdulla Şaiqə, musiqisi isə Üzeyir Hacıbəyliyə məxsusdur. A.Şaiq “Gənclik marşı” adlanan bu şeirini 1921-ci ildə yazıb və Ali Pedaqoji İnstitutun tələbələrinə həsr edib. Himn ilk dəfə 2021-ci ilin əvvəllərində professor Fərrux Rüstəmov tərəfindən aşkar edilmişdir.
İllər sonra ADPU-nun indiki himnini isə məşhur şair, ADPU-nun müəllimi Oqtay Rza yazıb. Bu himnə universitetin məzunu və müəllimi olmuş bəstəkar Elnarə Dadaşova musiqi məstələyib. Bu himnin yazılması və Universitet Elmi Şurasında təsdiq olunması Pedaqoji Universitetin 90 illik yubileyinin keçirildiyi 2012-ci ilə təsadüf edir.
ADPU-nun redaktoru Taleh Mirzəyev