Logo

NDU-da “İslam Səfərlinin Naxçıvan dünyası” adlı elmi- nəzəri seminar keçirilib

23.11.2021 16:57 714 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin Tarix- filologiya fakültəsində keçirilən seminarı giriş sözü ilə açan universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov İslam Səfərli yaradıcılığının müasir gəncliyimizə verdiyi tövhələrdən söz açıb. 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Həşimov İslam Səfərlinin həyat və yaradıcılığından danışıb. Bildirilib ki, şair, dramaturq, tərcüməçi Azərbaycan SSR əməkdar incəsənət xadimi İslam Səfərli 1923- cü il 12 fevral tarixində  Babək rayonunun Şəkərabad kəndində dünyaya gəlib. Yaradıcılığında “Fırtınalar adası, “Qığılcım”, “İnsan ləpiri”,  “Fırtınalar adası”, “Dəfinə”, “Ələsgər” və s. kimi poemaları ona yaradıcılığında uğur qazandırıb. İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanıb. “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, “Xeyir və Şər”, “Dədəgünəş əfsanəsi” və s. kimi əsərləri müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulub, tamaşaçı rəğbəti qazanıb.

Qeyd edilib ki, İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də öz qələmini sınayıb və uğur qazanıb. Şair 1974-cü il 6 noyabr tarixində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub.

Filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Şərəbanı Məmmədova bildirib ki, nəğməkar şair, dramaturq İslam Səfərli poetik nümunələrinə məşhur bəstəkarlarımız tərəfindən 200-ə yaxın mahnı bəstələnib. İndinin özündə də bu mahnılar dillər əzbəridir və sevilə-sevilə dinlənilir. “Bağrıma basmışam Azərbaycanı – Araz bir qolumdur, Kür bir qolumdur”, – deyən İslam Səfərli Azərbaycanı və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanı tükənməz ilhamla tərənnüm edib. Azərbaycan İslam Səfərli şeirinin ana mövzusu olmaqla, onun sönməz Vətən eşqinin möhtəşəm bir nümunəsidir.

Naxçıvan elinin hər qarışı nəğməkar şairin yaradıcılığında öz bədii təsvirini tapıb. Bu vurğunluğu biz “Ey axarlı, ey baxarlı, ey gülzarlı Naxçıvanım”, “İki Culfa”, “Əbədiyyət nəğməsi”, “Tanış gözlər”, “Gəlmişəm”, “Batabat bulağı”, “Qızlar bulağı”, “Badamlı”, “Həsrət nəğməsi”, “Şərur düzləri”, “Çex qızının məhəbbəti”, “Ordubad” və digər şeir və poemalarında aydın görə bilərik.

Sonda tələbələrin qiraətində şairin “Müəllim”, “Odlar vətəni”, Naxçıvanım”, “Sənə qurban canım Azərbaycanım” şeirləri dinlənilib.

Xəbər lenti