Logo

2022-ci ilin “Şuşa İli” elan olunması mühüm siyasi və tarixi əhəmiyyət kəsb edir

11.01.2022 00:05 845 baxış
IMG

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli” elan edilməsi haqqında Sərəncamı mühüm siyasi və tarixi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının bu qərarı bir tərəfdən xalqımızın tarixi və mədəni dəyərlərimizə xüsusi diqqətinin, böyük ehtiramının göstəricisidir. Digər tərəfdən 2022-ci ilin Azərbaycanda "Şuşa İli” elan edilməsi Şuşanın bu günü və gələcəyi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, bütün dünyaya verilən mesajdır, Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsinin təntənəsidir.

Tehsil.biz xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

O qeyd edib ki, milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını hər zaman zəruri edib.

Ermənistan Respublikasının işğalçı hərbi qüvvələri tərəfindən 1992-ci il mayın 8-də Şuşa şəhərinin işğal edildiyini diqqətə çatdıran deputat deyib: "Burada xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi ilə vandalizm siyasəti həyata keçirilib. Vandalizmin davam etdiyi illər ərzində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəni və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılıb, məbədgah və məscidlər təhqir olunub, çox sayda nadir əlyazma nümunələri məhv edilib, 20 kitabxana yandırılıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qətiyyətli mübarizəsi və qüdrəti sayəsində tarixi ədalət bərpa edilib, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub. 2020-ci il noyabrın 8-də, ölkə Prezidenti Şəhidlər xiyabanında Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini xalqımıza çatdırdığı gün müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günlərindən oldu”.

Pərvin Kərimzadə vurğulayıb ki, 2021-ci il mayın 7-də Şuşanın Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi xüsusi məna daşıyır, bu qədim şəhərin mədəniyyətimizin paytaxtı elan edilməsi ilə tarixi kimliyi bir daha özünə qayıtdı. Azərbaycana Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski kimi şəxsiyyətlər bəxş edən şəhərin dəyəri bütün dünyaya bir daha bəyan edildi. Dünyaya Azərbaycanın mədəniyyət paytaxtının öz sahiblərinə qaytarıldıqdan sonra necə möhtəşəm şəkildə dəyişiləcəyi ismarıcı verildi. Hazırda Şuşa şəhərinin bərpası sürətlə davam etdirilir. Bu işlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir. Dövlətimizin başçısının Şuşaya hər səfəri əlamətdar hadisələrlə yadda qalır. Qarabağın döyünən qəlbi, Şərqin konservatoriyası, muğamımızın beşiyi adlandırılan şəhərə gediş-gəlişin asanlaşdırılmasına xidmət edən Füzuli-Şuşa yolunun inşası Şuşanın bərpasına, dirçəldilməsinə, tarixi simasının qaytarılmasına hesablanan addımlardan oldu. Füzuli şəhərindən tunellər də daxil olmaqla, magistral yol inşa edilir, Şuşanın elektrik təsərrüfatı, suyun verilməsi bərpa olundu. Şuşanın tarixi abidələrinin bərpasına başlanılıdı. Hazırda üç məsciddə - Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa və Saatlı məscidlərində restavrasiya işləri davam edir. Bu məscidlərin təmirini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Natəvan bulağı bərpa edilib. "Xarıbülbül” hoteli istifadəyə verilib, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyulub. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verilib. "Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi, düşmən tərəfindən gülləbaran edilən, uzun illərdir Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərinin Şuşaya qaytarılması isə tarixi ədalətin bərpasının daha bir təsdiqi oldu. 2021-ci ilin mart ayında Azərbaycan Prezidentinin Şuşada Novruz tonqalı alovlandırması isə xalqımız tərəfindən böyük coşqu ilə qarşılanıb. Prezident İlham Əliyevin göstərişi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Xarıbülbül” musiqi festivalı qazanılmış böyük Zəfərin region üçün əhəmiyyətini göstərdi, mövcud olan yeni reallığı nümayiş etdirdi. Azərbaycanın mədəniyyətə, tarixə, dinə, milli-mənəvi dəyərlərə verdiyi qiyməti əyani nümayiş etdirdi. Ötən il avqustun 30-da Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi. Prezident İlham Əliyevin göstərişi ilə təşkil olunan Vaqif Poeziya Günləri Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyini sübuta yetirdi.

"Şuşanın bərpası, tarixi simasının qaytarılması Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi demək olacaq. Bu, həm də milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olmasıdır. Bu mənada Prezident İlham Əliyevin 2022-ci ili "Şuşa İli” elan etməsi olduqca mühüm qərardır”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

Xəbər lenti