Logo

İmtahan rəhbəri və ümumi rəhbər qismində iştirak edən şəxslərlə görüş keçirilib - FOTOLAR

19.05.2022 10:48 265 baxış
IMG

18 may 2022-ci il tarixində keçirilən görüşdə Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlara cəlb olunan Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarının əməkdaşları, həmçinin dövlət qurumları, idarə və təşkilatlarda, təhsil müəssisələrində çalışan şəxslər iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, görüşdə imtahanların təşkili, iştirakçılar üçün zəruri şəraitin yaradılması, imtahanlarda baş verən hallar və s. məsələlər müzakirə olunub.

Dövlət İmtahan Mərkəzinin İmtahanların təşkili və idarəedilməsi departamentinin müdiri Azər Bağırov bildirib ki, mərkəz tərəfindən keçirilən imtahanlarda diqqət yetirilən ən əsas məqamlardan biri də imtahan prosesinin şəffaflığının təmin edilməsidir. Bütün imtahan iştirakçıları üçün lazımi şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin maraqlarının qorunması və ədalətli seçimin təmin edilməsinə yönəldilib. İmtahanlarda, həmçinin fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli və digər) iştirakçılar üçün də xüsusi şərait yaradılır. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılır, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilir. Eşitmə əngəlli şagirdlər üçün dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanır. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün xüsusi şərait yaradılır.

İmtahanlara hazırlıq tədbirləri çərçivəsində tədris ilinin əvvəlində imtahan keçirilməsi nəzərdə tutulan təhsil müəssisələrinin hamısına baxış keçirilir. Hər bir imtahan binasının seçilməsi zamanı imtahan iştirakçıları üçün rahat olan mərkəzlərə uyğun dislokasiyalar müəyyənləşdirilir. İmtahan mərkəzlərində təbii havalandırma, işıqlandırma, təmizlik və dezinfeksiyası və s. istiqamətlərdə mövcud vəziyyət öyrənilir və bu istiqamətdə zəruri işlər görülür. İmtahanlarda təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılır. İmtahandan 1 gün qabaq bütün binalara yenidən baxış keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir. İmtahan günü asayişin qorunması, fövqəladə hallar, təcili tibbi yardımla bağlı müvafiq qurumlarla əlaqəli və koordinasiyalı şəkildə fəailləyyət təşkil olunur.

Mərkəz tərəfindən, həmçinin imtahanlardan öncə yeni və təcrübəsi az olan nəzarətçilər, imtahan rəhbərləri üçün təlimlər keçirilir. Burada iştirakçılara imtahanların təşkili və idarəedilməsi, zal nəzarətçiləri, imtahan rəhbərləri və digər şəxslərin vəzifələri və funksiyaları, eləcə də səmərəli ünsiyyət və işgüzar etiket texnikaları, ünsiyyət prosesində stresin idarə olunması, etik davranış qaydaları haqqında məlumatlar verilir.

Xatırladaq ki, DİM bir neçə ildir zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesini həyata keçirir. Qeydiyyatdan keçmiş namizədlər ilk olaraq müsahibəyə dəvət olunur. Daha sonra namizədlərə ümumi intellekt səviyyəsinin yoxlanılmasına aid tapşırıqlar və onların şəxsi keyfiyyətlərinin (emosional davamlılıq, əzmkarlıq, məsuliyyətlilik və s.) qiymətləndirilməsi üçün psixometrik testlər təqdim olunur. Bu mərhələdən uğurla keçənlər təlimlərə cəlb olunur. Sonuncu mərhələdə namizədlər təlimlər zamanı əldə etdikləri nəzəri biliklərin yoxlanılması üçün test imtahanına cəlb olunurlar. İmtahanlardan uğur əldə edənlər zal nəzarətçisi sertifikatı əldə edərək DİM-in elektron nəzarətçilər bazasına daxil edilir. Qeyd edək ki, imtahanlara təyinat zamanı sertifikat əldə etmiş zal nəzarətçilərinə üstünlük verilir.

İmtahanlarda təkrar olunan qayda pozuntularına toxunun A.Bağırov daha çox sənədlərin qaydasında olmaması, gecikmə halları, imtahana mobil telefonla və “ağıllı” saatla daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, imtahanda iştirak etməli olan abituriyentin əvəzinə başqa bir şəxsin imtahana gəlməsi və s. hallara rast gəlindiyini söyləyib.

Qeyd edək ki, şəxsiyyət vəsiqəsinin istifadə müddəti bitən, eləcədə vəsiqənin əsli deyil surəti ilə imtahana gələnlərin sayı daha çox olur. İmtahan iştirakçıları sənədləri ilə diqqətli olmalıdırlar. Şəxsiyyət vəsiqəsində şəkli olmayanlar isə vaxtında oxuduqları təhsil müəssisəsinə müraciət edib müvafiq arayış almalıdırlar (arayışda şagirdin şəkli yapışdırılır və möhürlə təsdiqlənir). “Bəzən vəsiqədə olan şəkillə imtahan iştirakçısının cari vəziyyətini əks etdirən üz cizgiləri arasında fərqlər müşahidə olunur. Ona görə də imtahan iştirakçılarına əvvəlcədən buna fikir verməyi və zərurət olduğu təqdirdə vəsiqələrini dəyişməyi tövsiyə edirik” - deyə Azər Bağırov bildirib.

İştirakçıların imtahan binasının önünə vaxtında gəlməsi də diqqət yetirilməli olan məsələlərdən biridir. Mərkəz tərəfindən keçirilən imtahanlarda onun başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Ona görə də buraxılış rejiminin rahat şəkildə həyata keçirilməsi üçün imtahan binasına buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.

Qeyd olunan qaydaların pozulması abituriyentlərin imtahan nəticələrinin ləğv edilməsinə gətirib çıxara bilər. Xüsusilə imtahan iştirakçısında mobil telefon aşkar edildikdə, köçürməyə cəhd etdikdə və ya imtahan materiallarını nəzarətçiyə təhvil vermədən özü ilə apardıqda nəticələr ləğv olunur.

A.Bağırov qeyd edib ki, həm imtahan binasına daxil olan zaman, həm imtahan müddətində, həm də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları Mərkəz tərəfindən araşdırılır və müvafiq addımlar atılır.

İclasda imtahan rəhbərləri də imtahan prosesinin idarəolunması ilə bağlı öz fikir və təkliflərini səsləndiriblər.

1

1

1

1

11

Xəbər lenti