Logo

“Bizə dinləməyi və başa düşməyi öyrətməyiblər” - MÜSAHİBƏ

23.10.2022 16:13 421 baxış
IMG

Anar Vəliyev: “Tələbə yoldaşınıza imtahanda köməklik edirsinizsə, o adama və cəmiyyətə pislik edirsiniz. Tutaq ki, Tibb Universitetində oxuyursunuz, qrup yoldaşınızın hansısa imtahanda köçürdüyünü görürsünüz. Sabah onun yanına həkim kimi gedərsiniz? Yox? Bəs niyə icazə verirsiniz ki, köçürsün?”

“İstədiyim ixtisas bu deyildi, balım bura düşdü” deyən tələbələrin auditoriyalarda çox olmasının təhsil sistemi üçün normal olmadığını deyir. Bu, həm o problemi yaradır ki, həmin şəxslər bazara daxil olduqlarında güclü kadrlara uduzurlar, həm də istədikləri ixtisaslara qəbul balı yüksək olduğu üçün aşağı balla qəbul oluna biləcək sahələri seçənlər çoxdur. Bildirir) ki, yüzlərlə, minlərlə gənc aşağı bal olan ixtisaslara gedir. Nəticədə aşağı bal olan ixtisaslardan daha çox tələbə məzun olur, başqa sənətlərdə mütəxəssis çatışmazlığı yaşanır. “Təhsil bazarında elə rəqabət olmalıdır ki, insan hara istəyir qəbul ola bilsin. Hüquqşünaslıq fakültəsini 3-4 universitet təklif edir. Bəlkə, hamısı təklif etsin”.

"Kaspi" qəzetinin müsahibi siyasi elmlər üzrə fəlsəfə doktoru, ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Anar Vəliyevdir.

Qeyd edək ki, A.Vəliyev tarix üzrə həm bakalavr, həm də magistr təhsilini Bakı Dövlət Universitetində alıb. 2001-2003-cü illərdə ABŞ-ın İndiana Bluminqton Universiteti, İctimai və Ətraf-Mühit Məsələləri İnstitutunda “İctimai Siyasət” ixtisası üzrə 2-ci magistr təhsilini alıb. 2007-ci ildə ABŞ-ın Lyusvil Universitetinin Şəhər və İctimai İşlər İnstitutunda dissertasiyasını uğurla müdafiə edərək doktorluq dərəcəsi qazanıb. 2007-2008-ci illərdə Çexiyada Masarik Universitetinin sosial elmlər fakültəsində baş müəllim olaraq çalışıb. 2008-ci ildə ADA Universitetinə qoşulub. A.Vəliyev Avrasiya Tərəfdaşlıq Fondu, Asiya İnkişaf Bankı, Dünya Bankı, BMT İnkişaf Proqramı, BMT Ərzaq və Kənd Təsərrüfatı təşkilatı və digərlərində müşavir olaraq çalışıb.

“Kişiyə nəyə icazə verilirsə, qadına da verilməlidir”

- “Facebook” profilinizdə siyasi baxış formanız hissəsində “çox liberal” qeyd etmisiniz. Həm siyasət, həm ümumi olaraq yanaşsaq, çox liberal olmaq mümkündür?

- Həm siyasət, həm insaniyyət tərəfdən də yanaşsaq, liberal olmaq mümkündür. Ümumi yanaşsaq, fikrimcə, liberal o adamdır ki, bugünkü tendensiyaları, trendləri başa düşür, keçmişdə qalmır, gələcəyə baxır, zamanla ayaqlaşır.

- Misalla danışaq.

- Cəmiyyətdə qadınların rolunu deyək. Fikrimcə, burda heç bir sərhəd olmamalıdır. Kişiyə nəyə icazə verilirsə, qadına da verilməlidir. Bu mövzuda danışanda, çox insan “çox liberal yanaşırsan, qadınla kişinin fərqi var” deyirlər. Bildirirlər ki, mentalitetimiz, adət-ənənələrimiz var. Mənə görə isə o yanaşmalar keçmişdə qalıb, gələcəyə baxmalıyıq.

- Deyirlər ki, liberal olanda adamın çox insanla münasibətləri korlanır. Münasibətləri qorumaq nə dərəcədə mümkündür?

- Liberalsınızsa, başa düşürsünüz ki, kiminsə fikri sizin fikrinizə zidd ola bilər. Yəni fikrinizi qəbul etməyə, fikrinizə qarşı arqumentlərimlə çıxış edə bilərəm, amma yenə də sizə və fikrinizə hörmətlə yanaşıram. Dostlarım arasında dindar adamlar da ola bilər, konservativ də, fərqli siyasi baxışları olan da. Bu o demək deyil ki, biz onlarla danışmırıq, münasibət qurmuruq. Sadəcə olaraq biz bilirik ki, fərqliyik.

- Yəqin, fikir vermisiniz ki, sırf fikir üst-üstə düşmür deyə, yaxın adamlar arasında belə sosial şəbəkələrdə mübahisələr, davalar olur.

- Bu problem oradan qaynaqlanır ki, bir-birimizi dinləmək istəmirik. Bu da təhsil sistemindən gəlir. Bizə dinləməyi və başa düşməyi öyrətməyiblər. Düzdür, dərsdə 45 dəqiqə müəllimə qulaq asırdıq. Amma o aktiv dinləmə deyil. Aktiv dinləmə odur ki, mən qulaq asıram və sizi başa düşürəm. Fikrinizi paylaşmasam da, ən azı qəbul edirəm. Bu, tolerantlıqdan, müxtəlifliyi başa düşməkdən gəlir.

“Qalırsansa, səni seçənlərə, xalqa qulluq etməlisən”

- Bakalavr və ilk magistr təhsiliniz tarix üzrədir. Sonra ikinci magistraturanı ölkə xaricində ictimai siyasət üzrə oxumusunuz. Sonra bu istiqamətdə davam etmisiniz. Bu, ixtisasla bağlı dəyişiklik idi?

- Amerikaya oxumağa gedəndə tarix üzrə getməyim alınmırdı, tarixə ən yaxın fakültə isə dövlət idarəçiliyi idi. Amerikada dövlət, şəhər idarəçiliyi fakültəsini bitirdim, doktoranturanı da orda oxudum. Bəyəndim və dedim ki, davam edim.

- İdarəetmədən danışaq. Rəqəmsallaşma getdikcə məmurlarla vətəndaş arasında əlaqə azalır. Ancaq hələ ki bu əlaqə tam itməyib. Bu sistem üçün idarəetmə ilə bağlı problem nədədir?

- Ən böyük problem dövlət idarəçilik sistemindədir. Dövlət idarəçiliyində işləyən adam etik qaydaları başa düşməlidir. Bilməlidir ki, dövlət qurumuna gəlirsə, əsas məqsədi qulluq etməkdir. Bura pul qazanmağa, öz fikrini təlqin etməyə yox, ictimaiyyətə xidmət etmək üçün gəldiyini bilməlidir. Əsas məqsəd insanları məmnun etməkdir. Ola bilər ki, maaşın azdır, bu səni qane etmirsə, burda qalmamalısan. Amma qalırsansa, səni seçənlərə, xalqa qulluq etməlisən.

“Dünya təhsili sertifikasiya sisteminə keçəcək”

- İdarəetmədə olan şəxslər isə çox vaxt deyirlər ki, nə etsən də, insanları razı salmaq mümkün deyil.

- Razı salmaq o demək deyil ki, 100 nəfər gəlir, hamısının istədiyini edirsiniz. Qanun çərçivəsində öz işinizi görməli, bu yolla insanları məmnun salmalısınız. “Burda necə edim ki, büdcədə pul qalsın?” deyə fikirləşməməlisiniz. Qanun çərçivəsində kömək etmək alınmırsa, insanlara düzgün informasiyanı çatdıranda sizdən narazı qalmırlar. Dövlət idarəçiliyi ilə bağlı bizim ən böyük problemimiz insanlarımızla əlaqənin düzgün qurulmamasıdır. İnformasiyanı düzgün çatdırmaq çox önəmlidir. Bizdə qurumlarda kommunikasiya sahəsində jurnalistlər çalışırlar. Amma kommunikasiya mütəxəssisi başqadır.

- Zaman keçdikcə təhsillə bağlı yanaşmalar dəyişir. Tələbə vaxtınızla dekan olduğunuz dövrün təhsilə yanaşmasını müqayisə edək.

- Pandemiya da onu göstərdi ki, artıq dünyada təhsil sistemi formaldan qeyri-formala keçir. Diplomunuz var, gözəl, amma bacarığınızı nə iləsə göstərməlisiniz. Ona görə dünya təhsili sertifikasiya sisteminə keçəcək. Kim istəyirsə, 4 il ərzində oxuya bilər. Amma bu gün Amerikada universitet oxumayan gənclər 6-9 aylıq İT üzrə kursları bitirib iş tapırlar. Nəinki texnoloji, hər sahədə belə ola bilər. Hansı ixtisası bitirməyə yox, nəyi bacardığınıza, qabiliyyətinizə fikir verilmə dövrü gəlib.

“Ali təhsilli insan” yanaşması sovetdən qalmadır”

- Bununla bağlı belə fikirlər var ki, mütəxəssis olacaqlar, ancaq ali təhsilli şəxs yox. Nə isə itiriləcək?

- Heç bir itki olmayacaq. “Ali təhsilli insan” yanaşması sovetdən qalmadır. Sovet vaxtı ali təhsil alan şəxslər üstün sinfə aid edilirdi, ali təhsil olmayana pis baxırdılar. Amma ali təhsil almaq adamın təhsilli, savadlı olması demək deyil. 80-ci illərin axırında ekstrasens Anatoli Kaşpirovski televiziya vasitəsilə seanslar keçirdi. İnsanlar televizorun yanına su qoyurdular, o kişinin danışığından enerji alırdı və sonra o suyu içirdilər ki, bu mənə kömək edəcək. Necə cahil insanlar olublar. Sovet vaxtının ali təhsilli insanlarının çoxu bunu edirdilər. Məntiqli insan bunu heç vaxt etməz. Təhsil insanlara məntiqi çərçivə verməlidir. Bunu verməsə, istəyir 100 il oxusun, ondan heç nə olmayacaq. Tutaq ki, kimsə tələbəm olub, 4 il oxuyub. Sonra gəlib deyir ki, qadının rolu mətbəxdədir. Mən başa düşərəm ki, bu adam 100 il oxusa da, təhsil ona çatmayacaq. Çünki onun məntiqi çərçivəsi yoxdur. Məntiqi çərçivə təhsillə gələ də bilər, gəlməyə də.

“Qadınlarımızın xaricdə təhsil almasına daha çox çalışmalıyıq”

- Xaricdə təhsildən danışaq. Xaricdə təhsilin kadrlarda böyük fərqlər yaratdığını düşünürük. Bəzən düşüncələrində, yanaşmalarında fərq olmayanları da görürük. 

- Düşünürəm ki, qadınlarımızın xaricdə təhsil almasına daha çox çalışmalıyıq. Ölkə, xaric, - fərqi yoxdur, qadınlarımıza nə qədər çox təhsil versək, cəmiyyətimiz üçün yaxşıdır. Cəmiyyətimizi irəli aparsa, qadınlarımız aparacaq. Şəxsi fikrimdir. Çünki Azərbaycan qadınlarında böyük potensial var. Düzgün savad versək, yönləndirsək, xaricə təhsil üçün gedib qayıtsalar, cəmiyyətimiz modernləşər və irəli gedər. Xaricdə təhsil alıb qayıdanda ən çox dəyişən qızlarımız olur. Oğlanlar isə çox da dəyişmirlər.

- Niyə?

- Çünki oğlanlar kişi cəmiyyətindən çıxıb bərabərlik cəmiyyətinə düşürlər. Bərabərlik cəmiyyəti xoş olmadığı halda, deyir ki, təhsilimi bitirim, qayıdım. Çünki burda hökmran statusu var. Bütün oğlanlara aid etmirəm, söhbət dəyişmək istəməyənlərdən gedir. Qızlar isə xaricə düşəndə bərabərlik cəmiyyətinin gözəlliklərini görür, tamamilə liberallaşır, Azərbaycandakı adət-ənənələri, mentaliteti qəbul etmir.

- Dəyişmək istəməyənlərlə dəyişikliyə açıq olanların münasibəti necə olur?

- Tutaq ki, mən Azərbaycanda yaşayıram, burda təhsil almışam. Birdən qarşıma xanım çıxır, xaricdə oxuyub gəlib. İstər-istəməz mən o xanıma maraqlı insan olmalıyam. Mən çərçivənin içində olduğum halda ona maraqlı olmayacam. Təhsilli qadının qarşısına çıxmaq üçün ikiqat təhsilli olmalısınız. Ağıllı qadının çərçivəsində qalmaq üçün ikiqat ağıllı olmalısınız. Hətta hər zaman inkişaf etməlisiniz ki, onun səviyyəsində qalasınız. Hansı an qadın sizdən ağıl cəhətdən üstün olduğunu görsə, onun üçün maraqsız olacaqsınız. Bu gün Azərbaycanda boşanmaların səbəbi nədir? Azərbaycan qızları daha çox inkişaf edirlər, nəinki oğlanlar. Qız hansısa yaşa çatır, ailə qurur. Özünü inkişaf etdirir, amma baxır ki, həyat yoldaşı nə inkişaf edir, nə də ağıl, təhsil cəhətdən uyğun deyillər. Dərslərdə baxıram ki, qızların 70 faizi əjdahadır. Oğlanların da yaxşısı var, amma qızlar qədər çox deyil.

“Müəllim hörmətini saxlamalıdır, amma o firon deyil”

- Çexiyada universitetdə baş müəllim işləmisiniz. Amma sonra Azərbaycana qayıtmısınız. Dönmək qərarı verməyinizə səbəb ADA-nın açılması idi?

- Azərbaycana qayıtmaq planlarım yox idi. ADA Universitetinin rektoru 2008-ci ildə mənimlə görüşdə dedi ki, qayıtmağın yaxşı olar, burda universitet qururuq. Mən Azərbaycanda 1995-2001-ci illərdə oxumuşam. Hər cür müəllim görmüşəm. Şərait zəif olub. Keyfiyyət yaxşı olmayıb. Arzum olub ki, Azərbaycanda elə universitet yaransın ki, mən çəkdiyim əziyyəti, gördüyüm problemləri tələbələr yaşamasın. Azərbaycanda oxuduğum 6 ildə heç nə qazanmadığımı deyə bilmərəm. Amma xaricdə oxusaydım, daha çox qazanardım. İstəməzdim ki, tələbə bakalavr dövründəki 4 ili itirsin. Yəni istədiyim sistemli universitet qurulduğu üçün dönmək qərarı verdim.  

- İndi hər kəs mətnlərin, videoların, ümumiyyətlə, informasiyaların qısasının tərəfdarıdır. Belə dövrdə 45, 90 dəqiqəlik dərslərə yanaşmadan danışaq.

- İnsanlarda dəyişiklik baş verir. Sosial şəbəkələr də elə qurulub ki, orda hər şey tez baş verir. Artıq insanlar 1,5 saatlıq filmə baxmaq istəmirlər. “Taxt-tac oyunları”, “Əjdaha evi” seriallarında hər seriyanın müddəti 45-50 dəqiqədir. 10-12 dəqiqəlik videoda fikrinizi söyləyə bilirsinizsə, 45 dəqiqə etməyə ehtiyac yoxdur. Dərslərdə də eynidir. Müəllimin fikrini çatdırmaq üçün 45 dəqiqə danışması lazım deyil. Yığcamlıq və konkretlik lazımdır. Azərbaycanda çox danışmağı sevirlər, bu zaman da fikir itir, dağılır. Qərbdə belə ənənə var ki, birinci arqumentinizi deyirsiniz, sonra onu dəstəkləyən faktları gətirirsiniz. Azərbaycanda isə hər şeyi danışırıq, axırda arqumentimizi veririk. Nəzərə almalıyıq ki, 15 dəqiqə sonra insanın fikri yayınır, diqqətli dinləmir. Mətn oxuyursa, 8 dəqiqədən sonra artıq oxumur. Məmurlar hansısa sənədi oxumağa 8 dəqiqədən artıq vaxt sərf etmirlər.

- Tələbələrinizin “Anar müəllim bir dəyərdir”, “Çox maraqlı adamdır” kimi rəylərini gördüm. Əvvəllər sərt müəllim obrazları var idi. Həm tələbədən istədiyini almaq, həm də münasibətləri xoş saxlamaq nədən asılıdır?

- Sərt olmaq o demək deyil ki, siz axırda nəyəsə nail olacaqsınız. Dərsə girəndə birinci məqsədim odur ki, öz biliklərimi tələbələrə çatdırım. Elə mexanizm qurmalısınız ki, yaxşı mənada əylənə-əylənə, gülə-gülə nə isə təzə bir şey öyrənsinlər. Evə gedəndə nə isə öyrəndiyini düşünsün. Hərdən ciddi ola, hərdən gülümsəyə, hərdən gülə bilərsiniz. Mexanizmin fərqi yoxdur, informasiyanı çatdırmalısınız. Müəllim hörmətini saxlamalıdır, amma o firon deyil. Tələbə nəyisə soruşursa, müəllim onu bilmirsə, bunu etiraf etməyində də problem yoxdur. Dərsdə tez-tez tələbəyə “Bunu bilmirəm, icazə ver araşdırım, sonra sualını cavablandırım” deyirəm.

“Çox şeydə sistemə inanıram”

- Yəni səhv yönləndirməkdənsə, “bilmirəm” demək daha doğrudur.

- Bəli, doğru yön vermək önəmlidir. Tələbələrə deyirəm ki, kumiriniz insanlar yox, ideyalar olsun. Məsələn, mən Çe Gevaranı bəyənmişəm, amma oxuyanda görürsən ki, adam öldürüb, pisliklər edib. Nelson Mandela ölkəsi üçün nələr edib, bunlar yaxşıdır, amma pis tərəflərini də oxuyursan. Tutaq ki, tələbə məni kumiri kimi seçib. Deyir ki, yaxşı insandır, filan şeyi yaxşı etdi, münasibətləri yaxşıdır və s. Amma sabah Anar müəllimdən pis hərəkət də görə bilərsən. Düşünürsən ki, Anar müəllim də bunu etdisə, kimə inanasan. Amma kumiriniz vicdan, ədalət, düzgünlük və s. olsa, insanlar nə etsə də, siz öz yolunuzdan yayınmayacaqsız.

- “Vicdan sonradan yaradılmır” deyirlər. Onu yaratmaq olur?

- Çox şeydə sistemə inanıram. Bizim universitetdə şərəf kodeksi var. Siz imtahanda kimdənsə köçürtsəniz, nəticəniz sıfırlanır və sizə xəbərdarlıq gəlir. İkinci dəfə etsəniz, sizi universitetdən xaric edirlər. Tələbə yoldaşınıza imtahanda köməklik edirsinizsə, o adama və cəmiyyətə pislik edirsiniz. Qərbdə də yanaşma belədir ki, köçürtmək oğurluğun bir formasıdır. Tutaq ki, Tibb Universitetində oxuyursunuz, dostunuzun hansısa imtahanda köçürdüyünü görürsünüz. Sabah onun yanına həkim kimi gedərsiniz? Bəs niyə icazə verirsiniz ki, köçürsün? Hüquqşünas, başqa sahələr də ola bilər. Yolda kişinin qadına əl qaldırdığını görəndə, keçib gedə bilməyəcək, qadına əl qalxmasına vicdanı yol verməyəcək. Təhsillə insanda vicdan yaratmaq olar.

Xəbər lenti