"Məktəblərdə müəllimlərə ayrılan 45 dəqiqə çoxlu sayda uşaqla repetitor qədər xüsusi diqqətlə məşğul olmağa bəs etmir".
Bunu "Tehsil.biz"ə açıqlamasında İngilis dili fənni üzrə 15 illik repetitorluq təcrübəsinə sahib olan Hüseynzadə Röya bildirib.
Vyananın "Deutch Academy" təhsil müəssisəsində sertifikatla təmin olunan Röya müəllimə hal-hazırda həm fərdi repetitorluqla məşğuldur, həm də hazırlıq kurslarının birində ingilis dili fənni üzrə fəaliyyət göstərir.
Hüseynzadə Röya deyir ki, keyfiyyətli təhsil üçün mütləq ki seçilmiş hazırlıq kursları böyük fayda verir: "Bütün müəllimələrə şamil etmək istəmərəm, amma məktəblərdə müəllimlərə ayrılan 45 dəqiqə çox sayda uşaqla repetitor qədər xüsusi diqqətlə məşğul olmağa bəs etmir. Repetitorlar uşaqların zəif olduqları bölmələri təkrar-təkrar keçir və bundan heç də şikayət etmirlər, amma əksər məktəblərdə müəllimlər uşaqların sual vermələrinə belə şərait yaratmırlar. Məktəb sadəcə attestat ala bilmək üçündür, keyfiyyətli təhsil üçün seçilmiş hazırlıq kursları böyük fayda verir".
Müsahibimiz bildirib ki, bütün məktəb dərsliklərində (1-11) dinləmə materialları var, amma heç bir müəllim bunu dərsdə tətbiq etmir: "Hətta məktəbləri gəzsək, görərik ki, heç bunun üçün avadanlıqlar belə qoyulmayıb. Halbuki bunu tətbiq etməyən təhsil sistemi 9-11-ci siniflərdən yüksək səviyyədə dinləmə bacarığı tələb edir. Hansı güclü dərs proqramına əsasən? Dinləmə bacarığı vərdiş tələb edən bir prosesdir və hazırlığa getməyə imkanı olmayan hər hansı bir tələbə imtahanı niyə zəif nəticə ilə tərk etməlidir? Dəfələrlə qarşılaşmışam ki, qrammatikanı çox yaxşı bilən bir şagird dinləmə bacarığına görə bal problemi yaşayır və bu da ona psixoloji təsirlər göstərir. Həmin o şagird evdə yüksək bal tələb edən valideynə qarşı da özünü müdafiə edə bilmir".
Hüseynzadə Röya tələb və təkliflərini də irəli sürüb: "Məktəb müəllimlərindən tələbim o olardı ki, ən azından telefondan istifadə edərək dərsin 10 dəqiqəsini dinləmə materiallarına sərf etsinlər. Valideynlərə isə təklifim odur ki, yüksək nəzarətlə bərabər bəzən övıadlarınızı da dinləməyə vaxt ayırın, fikirlərinə qulaq asın. Şagirdlərə isə tövsiyəm budur ki, sizə verilən bu təhsil şansınızı qiymətləndirin, yerinizdə olmaq istəyən yüzlərlə, minlərlə uşaq var ki, onların kitab almağa belə şansları yoxdur".