Logo

"İşimə bütün həyatımı, sağlamlığımı qurban verirəm" - MÜSAHİBƏ+FOTO

01.11.2022 16:15 1641 baxış
IMG

Günel Məmmədova 2012-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinif müəllimliyi üzrə ali təhsil alıb. 2017-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq Gəncə şəhər Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbə ibtidai sinif müəllimi olaraq təyin olunub. Günel müəllim Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Layihə planlanlaşdırılması və layihə təklifinin yazılması”, “İnklüziv siniflərdə təlimin təşkili”, “Effektiv ünsiyyət”,  “Məktəbəhazırlıq qruplarında təlimin təşkili” təlimlərində, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin keçirdiyi “Təlimçi hazırlığı” proqramında iştirak edib.

Tehsil.biz Günel Məmmədova ilə olan müsahibəni təqdim edir:

- Müəllimlik peşəsini sevərək icra etməyinizin səbəbləri və nəticələri nələrdir?

- Uşaq vaxtı insana sehrli gələn çox şey olur. Onsuzda dünya başdan-başa sehrli bir aləm kimi görünər o zamanlar. “Müəllimlik” də mənim üçün uşaqlıqdakı o sehrli aləmlərdən biri idi. Yer üzərində sülhü təmin edəcək sehrli dəyənək anaların və müəllimlərin əlindədir. “Təhsil” demək bədən və ruhdakı gözəlliyi son mərtəbəsinə qədər inkişaf etdirməkdir.  Mənim gözəl peşəmin dəyəri və gözəlliyi günü-gündən artır. Arxaya dönüb baxdığımda hər gün sinfin qapısını açdığım zaman şagirdlərimin üzümə baxdığında sevgi ilə parıldayan gözlərini gördükdə deyirəm: “Şükürlər olsun ki, mən müəlliməm!”

- Bir müəllim olaraq özünüzü necə tanıda bilərsiniz?

- Mən müəlliməm. Şagirdlərimin həm sevincinə, kədərinə, həm də uğuruna və məğlubiyyətinə şərikəm.Bəzən onlara yeni bilikləri öyrənməyə kömək etməyə çalışan birisi, bəzən də oyun yoldaşları oluram. Bu çətin, məsuliyyətli və şərəfli yolda hər zaman əzmkarlıqla çalışıram. İşimə bütün həyatımı, sabahlarımı, sağlamlığımı, enerjimi, bir sözlə hər şeyimi verirəm. Bunların hamısı şagirdlərimin işıqlı yolu üçündür. Əməyimin itməyəcəyini, şagirdlərimin günəş olub qaranlıq səmaları aydınlatacağını bilirəm. Kiçik və həyəcanlı qəlblərdə özünə yer qazanmaq, onların xatirələrində hər zaman yaşamaq bir müəllim üçün ən böyük xoşbəxtlikdir.Ürəyimdə olan qayğıkeşlik hissinin, üzümdəki təbəssümün sonsuza qədər var olmasında hər zaman şagirdlərimə minnətdar olacam.

- İdeal müəllim necə olmalıdır? Özünüzü ideal müəllim hesab edirsiniz?

- İdeal müəllim uşaqların qəlbindəki nəğmələri dilinə tökməyi bacaran biri olmalıdır. Hər yolda, hər cığırda, hər döngədə yönlərini kəşf etmələrinə dəstək olmalıdır.Uşaqlar nə istədiklərini bilən, etmək istədiklərini edən, əmin olduqları şeydə israrlı olan varlıqlardır. Bu istəkdə saflıq və əzm var. Uşaqlar elə müəmmalı beyin gücünə sahibdirlər ki, hər şeylə maraqlanır, hər şeyi öyrənmək istəyirlər. Uşaqları sevgi ilə öyrətməlidir. Təbiəti, heyvanları, yaşamağı, var olmağı, insanlığı, insan olmağın gözəl tərəflərini sevsinlər. Başa düşsünlər ki, hörmət olmayan yerdə sevgi kifayətsiz qalır. Bir bağda gül olmağın gözəlliyindən bəhs etməlidir onlara. İdeal müəllim varmıdır? Olması bir az həqiqətə uyğun deyil. İdeal insan yoxdur. Hər şeyini, özlüyünü təmənnasız şagirdlərinin gələcəyi üçün verən, onların uğuru üçün öz üzərində çalışan, onlara nəisə verən müəllim vardır.

- Müəllim olaraq ən çox zorlandığınız və ya xoşbəxt olduğunuz an hansıdır?

- Bir müəllim olaraq həyatımda ən gözəl detal- şagirdlərimdir. Uşaqlar varsa həyat var. Yetər ki, onlar gülsün. Yetər ki, onların qəlbinə sevgi kəpənəyi qonsun. Müəllim olmanın ən çətin yanı ən pis vaxtlarında belə üzülməyə haqqının olmamasıdır. Ruhunuza qış gəlsə də, qar yağsa da siz ilk bahar gəlmiş kimi, günəşi salamlamalı və gülümsəməlisiniz. Çünki, uşaqlar hər an sevincə layiq olan yeganə varlıqlardır.

- Müəllim namizədlərə müəllimliyi xəyal edənlərə nə tövsiyə edərsiniz?

- Tövsiyəm bu ola bilər ki, böyük ümid, coşğu və sevinclə başladıqları müəllimlik fəaliyyətində hər zaman əzmkar və inadkar olsunlar. Eynilə şagirdlərədə əzmkar və inadkar olmaları, heç vaxt düz yoldan dönməmələrini, hər zaman doğrunun yanında olmalarını, nə olursa, olsun ədalətli və vətənpərvər olmalarını aşılasınlar.

- Sizi və dərsin gedişatını çətinə salan şagirdə necə davranarsınız?

- Uşaqların düşüncə gücləri çox zəngindir. Dərslərimdə differensial yanaşmaya daha çox üstünlük verirəm ki, hər bir şagirdin təhsil ehtiyacı bərabər şəkildə ödənsin. Dərslərimi təşkil edərkən əsasən onların meyil və maraqlarını əsas götürürəm ki, hər gün səhər tezdən məktəbə gəlməyinə əsas səbəb onlar üçün məcburiyyət deyil də, nələrisə öyrənmək, yoldaşları ilə birlikdə araşdırmaq, yeniliklərə birgə addımlamaq üçün həvəs, istək və marağın olmasıdır.

Xəbər lenti