Logo

“Deputatlar qızların təhsilini düşünürsə, maaşlarından vəsait ayırsınlar” – Ekspertdən millət vəkilinə CAVAB

12.11.2022 19:19 411 baxış
IMG

Son günlərdə bakalavr və magistr pillələri üzrə universitetlərə qəbul olunmuş, aşağı gəlirli ailələrin qız övladlarının dövlət sifarişi ilə təhsil almaları yönündə çağırışlar səsləndirilir. Millət vəkili Razi Nurullayev Milli Məclisdə təkliflə çıxış edib ki, illik gəlirləri 15-20 min manata qədər olan ailələrin qız övladları üçün bu təcrübə tətbiq edilə bilər.

Bəs, sözügedən tələbələr üçün dövlət sifarişi ilə təhsil almaq imkanının yaradılması mümkündürmü?

Sualı Bizim.Media üçün cavablandıran təhsil eksperti Elçin Əfəndi bu təklifin yanlış olduğunu qeyd edib:

“Azərbaycanda elə bir ailə varmı ki, illik gəliri 15-20 min manat olsun? Azərbaycan ailələrinin əksəriyyəti maksimum illik 5-6 min manat gəlir toplayır. Ona görə də, bu fikrin özü yanlışdır. Konkret olaraq, bakalavr və magistr üzrə təhsil alan qızların dövlət sifarişi ilə təhsil alması məsələsinə gəlincə isə, düşünürəm ki, bunun özü də pafosdan başqa bir fikir deyil. Biz təbii ki, qızların təhsilinə yardım etməliyik. Dövlət başçısının da bununla bağlı konkret tapşırıqları var ki, gender bərabərliyinin qorunması şərtilə hər bir Azərbaycan vətəndaşı üçün təhsilin əlçatanlığı təmin olunmalıdır.

Əgər sırf qızların təhsil almasını daha çox istəyiriksə, bununla bağlı maarifləndirmə işləri daha sıx aparılmalıdır. Xüsusən də, regionlarda ailələr qız uşaqlarının təhsilinə önəm versinlər. Dövlət tərəfindən müvafiq addımlar atılır. Əvvəllər 10-12 min tələbə dövlət sifarişi ilə təhsil alırdısa, indi bu rəqəm 22 minə qədər artıb və artmağa davam edir.

Bir neçə ildən sonra məcburi köçkün statusu ləğv olunacaq. Bundan sonra, sözügedən prosesi tənzimləmək olar. Çünki onların əvəzinə məhz aşağı gəlirli ailələrdən olan qızlara (illik gəliri 3-4 min manat olan ailələrin) təhsil haqqında güzəştlər edilə bilər”.

Ekspert dövlət tərəfindən Təhsil Tələbə Krediti Fondunun yaradılmasına da diqqət çəkib:

“Müvafiq olaraq, təhsilini maddi problemlərə görə davam etdirə bilməyən tələbələr bu fonda müraciət edərək, lazımi krediti əldə edə bilərlər. Universiteti bitirdikdən 2 il sonra bu krediti geri qaytara bilərlər. Krediti qaytarmaq üçün isə 16-20 il imkan yaradılır. Yəni, dövlət tərəfindən bu cür addımlar atılıb. Belə olan şəraitdə bu cür təkliflər verilməsi doğru deyil. Əgər qızların təhsilinə dəstək vermək istəyirlərsə, millət vəkilləri öz əmək haqlarının müəyyən hissəsini bu istiqamətdə sərf etsinlər”.

Elçin Əfəndi əlavə edib ki, qızların təhsilə cəlb olunması üçün bölgələrdə maarifləndirmə işlərinin aparılması daha məqsədəuyğun olar.

Xəbər lenti