Daşkəsən rayon Gurbulaq kənd tam orta məktəbin müəllimi olmuş Şəhid müəllim Vidadi İsrafilov 1987-ci ildə Daşkəsəndə anadan olub. 2005-2009-cu ildə Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsində təhsil aldıqdan sonra təyinatla doğulduğu Gurbulaq kəndinə müəllim olaraq qayıdıb.
Tehsil.biz xəbər verir ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Vidadi İsrafilov Füzuli, Cəbrayıl və Şuşa şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. 12 noyabr 2020-ci il tarixdə Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Şəhid müəllim Vidadi İsrafilovun atası Vaqif İsrafilov hal-hazırda Gurbulaq kənd tam orta məktəbin direktoru olaraq çalışır. Vaqif müəllim oğlu haqqında olan xatirələrini, onun necə nəcib insani keyfiyyətə malik biri olması barədə danışaraq suallarımızı cavablandırıb.
- Vaqif müəllim, oğlunuz Vidadi müəllim necə insan idi? Bir övlad kimi, gənc bir müəllim kimi...
- Oğlum, şəhid İsrafilov Vidadi Vaqif oğlu uşaqlıqdan qeyri-adi bacarığı ilə seçilirdi. Birinci növbədə heç nədən qorxub çəkinməzdi. Mən onun cəsarətinə heyranlıqla baxardım. Hansı işi tapşırsan, uğurla yerinə yetirər və səni sevindirərdi. Buna misal olaraq, 2005-ci ildə Gəncə Dövlət Universitetinin Riyyaziyyat-informatika fakültəsinə qəbul olmuşdur, hansı ki, orada 25 yer dövlət hesabına idi. O mənə söz verdi ki, “ata, 25 yerdən biri mənim olacaqdır”. Otuz min rəqabətin olduğunu mən bilirdim, bunun çox çətin olduğunu fikirləşdim. Amma o buna baxmayaraq verdiyi sözü tutdu. Bizi çox sevindirdi. Bütün dostlar, qohumlar və müəllim yoldaşlarım, hamı məni təbrik edirdi. Mən buna çox sevinirdim, oğlumla qürur duyurdum. Boynundan qucaqlayıb, üzündən öpdüm və həmin günü dostlarla, qohumlarla qeyd etdik. Bəlkədə, mən öz uğuruma bu qədər sevinməmişdim, onun bu uğuru bütün ailəmizi sevindirdi.
- Siz onu bir müəllim kimi yetişdirdiniz yoxsa, o özü bu peşəni seçmək istədi?
- Orta məktəbdə oxuduğu müddətdə riyaziyyat fənninə çox marağı vardı. Mən də bu sahədə ona dəstək oldum. Nəhayət, o bu sahədə öz sözünü dedi və böyük bir uğura imza atdı. İşlədiyi müddətdə şagirdlərin, müəllim yoldaşlarının, valideynlərin və kənd sakinlərinin böyük hörmətini qazandı. Onun on illik vicdanlı müəllimlik fəaliyyəti heç zaman unudulmayacaq. Dərsdən əlavə hazırlıq qrupları var idi. Dərsdən sonra uşaqlarla təmənnasız məşğul olurdu. Bu gün də kənd sakinləri hey onu axtarır, axtarır, axtarır.
- Müharibə başlayanda Vidadi müəllim ilə əlaqə saxlaya bilirdinizmi?
- Müharibə vaxtı Füzuli və Cəbrayıl istiqamətində olanda bir neçə dəfə evlə əlaqə saxladı, bəzi yerlərin azad olunduğunu bildirdi. Hər dəfə zəng edendə qızı Xatunu və oğlu Ataxanı soruşurdu. Onlara qarşı diqqətli olmağımızı xahiş edirdi. Çox xeyirxah və diqqətcil insan idi, istər ailəsinə istərsə də digər insanlara qarşı hər zaman mərhəmətli davranardı.
- Oğlunuz necə oldu ki, işini yarımçıq qoyub hərbi xidmətə yollandı?
- 27 sentyabr 2020-ci ildə müharibə başladı. Həmin gün Vidadi bütün gecəni xəstəxanada 40-a yaxın yaralıya kömək edərək keçirmişdir. Evə səhərə yaxın gəldi və 29 sentyabr 2020-ci ildə səhər saat 6-da könüllü olaraq müharibəyə yollandı. Həyat yoldaşı onun arxasınca ağlayanda ağlamaq vaxtı deyil, sözlərini demişdir. Getməmişdən qabaq gizli bir məktub yazmışdır. Məktub sonradan əlimizə keçdi o həmin məktubda uşaqlardan nigaran olduğunu bildirmiş və onları mənə əmanət etmişdir.
- Torpaqlarımızın düşmən tapdağından azad olunduğunu eşidəndə hansı hissləri keçirdiniz?
- Torpaqlar azad olunduqca cox sevinirdik. Sanki yenidən bu həyata doğulurduq. Bu hissi yaşamaq özü bir şərəfdir. Torpaqlarımızın azad olunmasında oğlumun bir qəhrəman kimi iştirakı isə ələxsus sevinc qürur hissi yaşadırdı.
- Oğlunuzla son dəfə danışan zaman sizə nə söylədi?
- Sonuncu zəngi səhər 7:00 radələrində Şuşadan gəldi. Mənim telefonuma zəng etmişdir. "Ata, gözün aydın olsun, Şuşa işğaldan azad olundu, tezliklə Ali Baş Komandan bu haqda məlumat verəcək" - dedi. Çox az danışdı. Mən də ona ehtiyatlı olmağını xahiş etdim və bu bizim son danışığımız oldu, birdə onun sesini eşitmədik. 8 noyabr 2020-ci ildə Xankəndi ətrafında ağır döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.
- Oğlunuz döyüşə yollananda hansı əhval-ruhiyyədə idi?
- Döyüşə getmək üçün cəsarət və qeyrət lazımdır. Bütün bu keyfiyyətlər şəhid riyaziyyat müəllimi Vidadidə var idi. Mən onun qorxmazlığından qorxurdum və belə də oldu! Qəhəman igid hər ailədə doğulmur! Qəhrəman Vidadi hər ailədə olmur! Hər oğul ailəsini, övladlarını, atasını, anasını atıb Vətəni, ölümü seçə bilmir! Bütün bunlar qəhrəmanlıq nişanəsidir. Mən oğlumla həyatım boyu fəxr etmişəm.
- Qarabağa getmək, oğlunuzun döyüşdüyü yerlərə baş çəkmək kimi arzunuz varmı?
- Qarabağa getmək ailəmizin arzusudur. Şəhid Vidadinin şəhid olduğu o yerə bir dəstə qərənfil qoymaq arzumuz var. Azad olunmuş o torpaqların necə azad nəfəs aldığını görmək istərdik. Dağılmış o yurdlara görə Uca Allahdan lənət oxuyardıq. Şəhidlik ölümün zirvəsidir! Hər kəsə bu ad qismət olmur! Zəfər bayramın mübarək Azərbaycan!