Logo

BSU-da Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirilib

26.11.2022 12:12 291 baxış
IMG

Noyabrın 24-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirilib.  

Tehsil.biz xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında 20 aprel 2022-ci il tarixli Sərəncamına uyğun olaraq tədbirlər planı çərçivəsində təşkil olunub.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BSU-nun rektoru Anar Nağıyev tədbiri açılış nitqi ilə açaraq, Əhməd Cavadın Azərbaycan tarixi və ədəbiyyatında tutduğu yerdən danışıb.Azərbaycan Xalq Cümhuriyyətinin formalaşdığı dövrdə onun özünəməxsus rolu olduğunu bildirən rektor sovet dövründə repressiyaya məruz qalmış Əhməd Cavadın Azərbaycan maarifçilərindən biri olduğunu vurğulayıb. Anar Nağıyev bildirib ki, Prezidentin sərəncamından irəli gələrək, qoyulmuş tapşırıqlar əsasında keçirilən tədbirlər sırasında Bakı Slavyan Universiteti də Əhməd Cavadın 130 illiyinin qeyd olunması ilə bağlı bu müzakirəni təşkil edir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, BSU-nun Azərbaycan ədəbiyyatı kafedrasının professoru Bədirxan Əhmədov “Əhməd Cavad yaradıcılığı yeni poetik yolun başlanğıcı kimi” məruzəsində Əhməd Cavadın ədəbiyyatımıza milli ruh, millilik gətirdiyini deyib. Onun türkçülük, turançılıq ideyalarını öz əsərlərində təbliğ etdiyini, həm də yeni məktəb yaratdığını diqqətə çatdırıb. Əhməd Cavadın açdığı bu yolun hətta sovet dönəmində Səməd Vurğun tərəfindən davam etdirildiyini qeyd edib. Onun yaradcılığından söz açan professor Bədirxan Əhmədov repressiya illərində dəfələrlə həbs olunmasından danışaraq, Ə.Cavadın “sosialist cəmiyyətinin uğurlarını görməməkdə” ittiham olunduğunu deyib. Həmin repressiya dövründə tarixi-siyasi- ictimai sferada olan dəyişikliklərin Azərbaycan ədəbiyyatında əks olunan Sovet təbliğatının fonunda Azərbaycan mətbuatının səhifələrində şairə qarşı ədəbi-publisistik tənqidi məqalələrin yazılmasından söz açıb. Bütün bunlara rəğmən, Ə. Cavad yaradıcılığının zəngin poetikasından danışan Bədirxan Əhmədov onun qələmə aldığı “Milli marş”ın ikinci dəfə müstəqillik elan edilərkən Azərbaycan Respublikasının himninə çevrildiyini vurğulayıb.

AMEA-nın Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, professor Asif Rüstəmli “Əhməd Cavad yaradıcılığı Cümhuriyyət dövründə” məruzəsində Əhməd Cavadın yaradıcılığının inkişaf mərhələlərindən, onun poeziyasından söz açıb. Əhməd Cavadın Azərbaycan ədəbiyyatında tutduğu mühüm yerdən danışaraq, şairin həmin dövrdə çap olunan əsərlərini, ayrı-ayrılıqda şeirlərini təhlil edib. Asif Rüstəmli, həmçinin, Əhməd Cavadın o dövrdəki ictimai-siyasi fəaliyyətinə də toxunub.

BSU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Günay Qarayeva “Əhməd Cavad yaradıcılığında bədii simvollar” məruzəsində istiqlal düşüncəsinin yaranmasında şairin ədəbi irsinin böyük rolundan danışıb. Əhməd Cavad yaradıcılığındakı simvolizmdə türkçülük, ay və ulduz kimi simvollardan geniş istifadə edildiyini vurğulayıb. Sufi-fəlsəfi simvolizmlərin şairin yaradıcılığındakı yerindən söz açaraq, milli simvolikanın Əhməd Cavadın yaradıcılığındakı özünəməxsusluğundan bəhs edib. Şairin əsərlərindən nümunələr gətirərək, şeirlərindəki simvolik obrazları qeyd edib.

Sonda Əhməd Cavada həsr olunmuş videoçarx nümayiş etdirilib.

Xəbər lenti