Akif Bayramov 2008-2012- ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakultəsi "Coğrafiyaçı, coğrafiya müəllimi" ixtisası üzrə bitirərək bakalavr, 2013-2016-ci illərdə Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakultəsi "Azərbaycanın fiziki coğrafiyası" ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr elmi dərəcəsi alıb.
Tehsil.biz xəbər verir ki, 2014-cü ildən müəllim kimi çalışan Akif müəllim, TİPİİ-nun və İTE-nin bir sıra təlimlərində, DİM seminar və təlimlərində iştirak edib və sertifikatlara layiq görülüb. 2018-ci ildən Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edir. 2019-cu ildə Bakı Dövlət Universitetinin Qazax filialı, "İctimai və təbiət fənləri" kafedrasında müddətli müqavilə əsasında 2-ci iş yeri kimi müəllimlik fəaliyyətinə başlayıb. 44 günlük Vətən müharibəsində iştirak edən Akif müəllim "Vətən müharibəsi" medalı ilə təltif olunub. Akif müəllim hazırda Goranboy rayon Alpout kənd Ə.İsgəndərov adına tam orta məktəbdə coğrafiya müəllimi olaraq çalışır.
Akif müəllimlə olan müsahibəni təqdim edirik.
- Sinif yoldaşı, tələbə yoldaşı, əsgər yoldaşı və döyüş yoldaşı sizə hansı daha çox yaxındır?
- Sinif yoldaşı və döyüş yoldaşı mənim üçün daha yaxındır. Təhsil həyatına ilk addımları atanda ətrafına baxırsan, bir sinif mühitində o yoldaşlara uyğunlaşırsan və onlarla birgə addımlamağa davam edirsən. Döyüş yoldaşı ilə vətənimizin dar günündə birlikdə oluruq, torpaqlarımızın azad olunmasında çiyin-çiyinə bir yaxın kimi döyüşlərdə iştirak edirik. Hər hansımız yaralansaq belə onu döyüş meydanında tək qoymarıq və onu meydandan çıxarmağa qorxmadan atılarıq.
- Hamı üçün maraqlı olan döyüş yolunuzdan bir hadisəni bizimlə bölüşə bilərsinizmi?
- 27 sentyabr səhər saatları idi. Ordumuzun düşmən təxribatının qarşısını almaq eyni zamanda düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etmək üçün əks-hücum əməliyyatlarının başlanılmasına cənab Prezidentin rəhbərliyi altında yuxarı komandanlıq tərəfindən əmr verildi. Bizim bölmələrimiz də hərbi hissəni tərk etdi və bir qismimiz cəmləşmə rayonuna, bir qismimiz də dislokasiya rayonuna yolda düşdük. Əsas cəmləşmə rayonumuz meşə massivi idi. O əmri eşidəndə mən döyüş yoldaşlarım çox sevincli idi, heç nədən qorxumuz yox idi, çünki biz vətən uğrunda haqq mübarizəmizə başlamışdıq. Əsgər yoldaşlarım, zabitlərimiz gizirlərimiz hamımız bir idik. Cəmləşmə rayonumuzu belə mühafizə üçün növbələrlə keşik çəkməyimizə baxmayaraq, gecə yuxu bilmirdik, daim ayıq-sayıq olurduq. Çox şükür olsun ki, bu mübarizə qalibiyyətlə nəticələndi. Bu şərəfli yolda Şəhid olan vətən övladlarına Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm.
- Uşaqkən böyüyəndə müəllim olmaq istəyirdiniz?
- Uşaqkən, yəni şagird vaxtlarımdan məktəb sənədlərinə meyil-marağım böyük olub. Yüksək qiymət almaq uğrunda mübarizə aparırdım deyə, məktəb sənədlərindən jurnallar xüsusilə maraqlanmışam. Bu da bir növ məni müəllim olmağa doğru aparırdı. Özüm də dəftərdə kiçik bir jurnal yaratmışdım. Boş vaxtlarımda qeydlər edirdim. Həm də müəllimlərimin dərs keçmə metodlarına çox diqqət yetirirdim. Müəllim kimi yetişməyimdə müəllimlərimin rolu əvəzolunmazdır.
- Hal-hazırda təhsil sistemində yaxşı şagird yetişdirmək çətindirmi?
- Hal-hazırda təhsil sistemində yaxşı şagird yetişdirmək düşünürəm ki, elə də çətin deyil. Sadəcə şagirdlə işləməyin nəbzini tutmaq lazımdır. Bununla da dərsdən yayınan şagirdi də dərsə cəlb etmək olar və oxumağı zəif olan şagirdi irəli gətirmək olar.
- Sizcə ideal şagird necə olmalıdır?
- İdeal şagird vətənpərvər, xalqını, millətini sevən, gələcəyini düşünən, universal biliklərə malik olmalı, cəmiyyətdə özünə yer tapmalı, pis vərdişlərdən uzaq durmalı, bir sözlə bütün şagird keyfiyyətlərini özündə əks etdirməlidir.
- Əgər müəllimlik yox, başqa peşə seçməli olsaydınız hansı peşəni seçərdiniz?
- Müəllim kimi xalqımın övladlarını maarifləndirdiyim, onları işıqlı gələcəyə doğru yol göstərdiyim kimi, həkim peşəsində də xalqıma, insanlara şəfa tapmaqda kömək edərdim.