Kulis.az Ümid Nəccarinin “Təbrizdə Novruz əhvalatı” adlı yazısını təqdim edir.
Köhnə adətimdir, Novruza yaxınlaşdıqca başqa bir adam oluram. Novruzun adı gələndə özümü Bakıda hiss etmirəm, qayıdıram yeniyetməliyimə, təbrizli günlərimə. Yenə atam bazarlıq edir Təbrizin “üstüörtülü bazar”ında, anam xalçalarımızı yuyur, pəncərənin şüşələrini silir, hamı meyvənin qiymətindən, şirniyyatdan söhbət açır.
Təbrizin küçələri qımıldayır insanlardan, avtobuslara minmək çətinləşir, hamı baharın ətrini hiss edir damarlarında. Adamlar yeni əlbisə almaq üçün mağazadan mağazaya keçir. İranda şəmsi ilinin birinci günü Novruz günü kimi qeyd edilir, bircə sözlə, hamının dərdi yeni il bayramını təmtəraqlı keçirməkdir.
Hə, bir də bazarda bizimkilərin təxfif (endirim) almaq məsələsini görəsiniz, bir böyük ənənəyə çevrilib. Bir neçə il Təbrizin bazarında biznes işi ilə məşğul olmuş bir adam kimi bu dialoqlar heç bir zaman yadımdan çıxmır – endirim mədəniyyəti!
Alıcı girir mağazaya, malı bəyənəndən sonra bu cümlələrdən birini işlədir:
“Qərdəş, bunun axırı neçə olar? Ucuz hesabla müşdəri olax da”,
“Bax, bunu ucuz versən, gedib həmsayalarımıza(qonşular) da diyəcam ki, bu tükan ucuzçuldu, gəlib sənnən alacaxlar”,
“Mən çox danışan adam dəyirəm, çıxmalılarını özün çıx!”,
“Dadaş, bu paltarı söydux biz, elə qiymət de götürə bilax”.
Hərdən də görürsən, bir qoşun qadın keçdi mağazaya bircə dənə manto üçün, hərənin ağzından bir söz çıxır, iki saat mağazanı işğal ediblər, qayıdır ki, “qərdəş, gözəl vəsayilləriz (mallarınız) var, gedib bir döör (dövr) vurax gəlax”. Bu o deməkdir ki, yəni heç zad alan deyilik və satıcının qanı qaralır bu yerdə.
Görürsən Rastaküçə xiyabanında satıcılar mallarını yerə düzüb:
– Bayram malına gəl, hərrac oldu bütün mallar! – çağırırlar.
Novruzdan bir ay öncə Tərbiyət küçəsindəki izdiham və həyəcanı istər-istəməz Novruzun gəlişindən xəbər verir. Tərbiyət küçəsi Məşrutə hərəkatının fəalı, görkəmli maarifçi Məhəmmədəli Tərbiyətin adını daşıyır. Bu küçə bayram günlərində müxtəlif yerlərdən gəlmiş turistlərlə dolu olur.
Taledən ibtidai təhsilimi bu küçədə aldım, bu küçədə işgüzar fəaliyyətə başladım, bu küçədə gözüm o qızın gözlərini gördü, ilk sevgimi burada yaşadım. Hərdən düşünürəm ki, mən elə bu küçənin uşağıyam. Nəysə!
Güneydə Novruzun gəlişi üçün süfrə açırlar, gələn qonaqlar o süfrənin kənarında oturub, şirniyyat, acil (çərəz), meyvə nuş edirlər. Süfrədə Quran, səməni, sumaq, sarımsaq, sikkə, sirkə, su, saat, güzgü, qırmızı balıq, boyanmış yumurta və s. düzülür.
Novruzun gəlişi öncədən dəqiq bir saatla müəyyənləşdirilir, o saatda ailə üzvlərinin hamısı süfrəyə toplaşıb, baharın gəlişini birgə qarşılayırlar.
İlin birinci günü ailənin böyükləri, ağsaqqallarının evinə təbrik üçün gedilir. Hamı yeni paltarla, gözəl əhval-ruhiyyə ilə elin böyüklərini ziyarət edir, təbrikləşir, bayramlığını alır. Verilən pul bayramlıqları ilin siftəsi hesab edilir və həmin verilən pul il boyu xərclənmir, Quranın arasında saxlanılır ki, qarşıdan gələn il bərəkətli olsun.
Kəndlərimizdə adət-ənənələr şəhərlə müqayisədə daha çox qorunub, saxlanılıb. Yumurta döyüşdürülür, papaq atılır, şal sallayırlar..
Təbrizdə son çərşənbələrin içində ilaxır çərşənbə qeyd edilir, məhəllələrdə böyük tonqallar qalanır, subay qız-oğlanlar od üzərindən atılırlar ki, yeni ildə bəxtləri açıq olsun. Bu günün yaxşı olmayan tərəfi də son illərdə gənclər tərəfindən partlayıcı vasitələrin istifadəsidir. Hər il yüzlərlə insan bu acı hadisədən yaralanır, yanır və sonucda dünyasını dəyişir. Tonqalların tüstüsündən başqa bu partlayıcı maddələrin tüstüsü şəhəri havasına da pis təsir edir. Şəhərin bir çox əraziləri, elə bil, ön cəbhəyə çevrilir.
Novruz günləri rəsmi olaraq 4 gün tətil çərçivəsində qeyd edilir, ancaq məktəblər və universitetlər 13 gün Novruz tətilini qeyd edir.
Hə, ilin ən maraqlı gününə gəlib çatdıq:
Novruzun 13-cü günü, yaxud təbiət günü.
Keçmiş inanclara görə, 13 rəqəmi ağır və uğursuz hesab edildiyindən dolayı bu günü kimsə evində oturmur. Hamı novruz səmənisini götürüb evdən təbiətin qoynuna çıxır. Ailələr toplu şəklində təbiətdə bu günü qeyd edir, qadınlar ürəyində arzu tutub gətirdiyi səməninin tellərini bir-birinə düyünləyir və axar suya buraxır. Keçmiş illərin təbiət gününün xatirələrindən söhbət açırlar, dağa çıxır, təptəzə kəklikotunu dərib çayını dəmləyirlər.
Atam həmişə deyir ki, bayram uşaqlarındır. İndi başa düşürəm ki, uşaqlar qayğısız, kədərsiz olduğundan hər gün bayram kimi keçir onlara.
Hörmətli həzərat, Bakıda oturub bu yazını yazıram Sizə!
Novruz gəlib elimizə. o günləri xatırlayıb yenidən uşaqlıq aləminə dönürəm, yenidən növcavan qürurumla Təbrizin Tərbiyət küçəsində addımlayıram, yenidən gözüm o qızın gözlərinə sataşır, yenidən aşiq oluram...