Logo

Özəl bağçalar Azərbaycan dilindən imtina ediblər...

10.04.2021 18:33 1205 baxış
IMG

Kamran Əsədov: “Rus, fransız, alman, ingilis, ispan dilləri öyrədilməklə yanaşı, həm də bu xalqların mədəniyyətləri təlqin edilir”.

 

Paytaxtımızda fəaliyyət göstərən özəl bağçaların hamısı olmasa da, xeyli qisminin ana dilimizə biganə yanaşdığı haqda çoxsaylı məlumat var. Özəl uşaq bağçalarında aparılan araşdırmalar göstərir ki, onların çoxunda ya Azərbaycan bölməsi yoxdur, varsa da formal xarakter daşıyır.

 

Rus, ingilis, fransız dilləri öyrədilsə də, ana dilimiz öyrədilmir. Hətta övladlarını özəl bağçalara qoymaq istəyən məşhur valideynlər də sosial şəbəkələrdə yazırlar ki, özəl bağçaların çoxunda dilimiz öyrədilmir. Valideynlər paralel dil kimi Azərbaycan dilini istəyəndə deyirlər ki, tələbat olmadığı üçün müəllim yoxdur.

 

Ümumiyyətlə, bəzi özəl bağçalarda ana dilinə biganəlik haradan qaynaqlanır?

 

Ekspertlər deyirlər ki, özəl bağçaların çoxuna əsasən varlı ailələrin və məmurların uşaqları gedir, onlar da işlərini tələbə uyğun qurmağa çalışırlar ki, müştərini itirməsinlər. Bəzi bağçaların valideynə valideyn kimi deyil, müştəri kimi baxdığını deyən ekspertlər hesab edirlər ki, özəl bağçalarda təhsil haqqı çox bahadır, amma burada uşaqlara ana dilimiz deyil, əcnəbi dillər öyrədilir.

 

“...tədris Azərbaycan dilində olmalıdır”

 

Tanınmış təhsil eksperti Kamran Əsədov baki-xeber.com-a bildirdi ki, əksər halda uşaq bağçalarında bir sıra problemlər müşahidə edilir. Hazırda ölkəmizdə 1672 uşaq bağçası və körpələr evi var, burada 123 min uşaq dövlət büdcəsi hesabına təhsil alır. “Etiraf edək ki, Azərbaycandakı uşaq bağçalarının və körpələr evlərinin sayı tam olaraq bağça yaşlı uşaqları əhatə etmir. Bu gün bağçaya getmək yaşında olan uşaqların yalnız 25 faizini əhatə edir, çünki bağçaların sayı kifayət qədər aşağıdır. Digər tərəfdən, dövlətin bu yükünün özəl bağçalarla bölüşdürülməsi məsələsidir. Hazırda ölkəmizdə lisenziyalı fəaliyyət göstərən körpələr evi və uşaq bağçalarının sayı 90-dır, bu da kifayət qədər azdır. 90 uşaq bağçasında təlim-tərbiyə alan, tədris prosesində iştirak edən uşaqların ümumi sayı isə 4 min nəfərə qədərdir, bu da çox aşağı rəqəmdir. Məsələn, biz dünya ölkələrinə baxsaq görərik ki, uşaqların 50 faizə qədəri özəl mərkəzlərdə təlim-tərbiyə prosesinin iştirakçılarıdır. Burada başqa problem keyfiyyətli tədrislə bağlıdır. Etiraf edək ki, dövlət uşaq bağçalarında təlim-tərbiyə prosesində iştirak edənlərin böyük faizi ixtisaslı kadrlar deyil. Amma özəl bağçalar öz kapital və maddi maraqlarına görə daha çox bilikli, bacarıqlı mütəxəssisləri cəlb edərək əlavə xidmətlər göstərirlər. Bəli, biz özəl uşaq bağçalarının fəaliyyətini milli tərəfdən dəyərləndirsək, görərik ki, uşaqlara daha çox xarici dil öyrədirlər, onlara xarici mədəniyyətlə bağlı xidmətlər göstərilir. Rus, fransız, alman, ingilis, ispan dilləri öyrədilməklə yanaşı, həm də bu xalqların mədəniyyətləri təlqin edilir. Özəl bağçalarda xidmət sahəsində xarici ölkələrin resurslarından istifadə daha çoxdur. Biz məktəbəqədər təhsil pilləsini, uşaq bağçasını bitirib məktəbə gedən uşaqların bilik və bacarıqlarının müqayisəsi zamanı görmüşük ki, bağçaya gedən uşaqlarla getməyən uşaqların nəticələri ciddi şəkildə fərqlidir” - deyə bildirən ekspertin sözlərinə görə, ikinci monitorinq dövlət və özəl bağçalara gedən uşaqlar arasında keçirilib, özəl uşaq bağçalarına gedən uşaqların bilik və bacarıqları, psixoloji hazırlığı, dayanıqlığı daha üstündür. “Amma normativ aktlar var. “Dövlət dili haqqında” qanuna və digər normativ aktlara görə, tədris Azərbaycan dilində olmalıdır, amma valideynin istəyi nəzərə alınaraq, hər hansı bir xarici dil də keçirilə bilər. Etiraf edək ki, özəl bağçalarda daha çox xarici dillər tədris olunur, uşaqlar sonradan rus və ingilis bölmələrində oxuyacaqlarına görə də onlar bu dillərə maraqlı olurlar. Təbii ki, müəyyən qədər başadüşülən olsa da, dövlətçilik baxımından yanaşsaq, bunların hər biri gələcəkdə Azərbaycanın əmək bazarında işləyəcəklər, ona görə də onların Azərbaycan dilində təlim-tərbiyə alması və tədris prosesində iştirak etməsi çox zəruridir. Fikrimcə, burada özəl bağçalar kommersiya maraqlarını düşünür və xarici dillərdə fəaliyyət göstərirlər ki, daha çox uşaq cəlb etsinlər. Valideynlər də övladlarının əlavə dil bilməsi və əlavə bacarıqlara yiyələnməsi üçün özəl bağçalar qarşısında tələb olaraq özləri də irəli sürürlər. Bu gün baxırıq ki, Azərbaycan dilində fəaliyyət göstərən bu tip mərkəzlərə müraciət edənlərin sayı ingilis, rus və digər dillərdə xidmət göstərənlərdən daha azdır, xarici dillərə ciddi meyllənmə var, bu da valideynlərin şəxsi təşəbbüsündən qaynaqlanan bir məsələdir. Hesab edirəm ki, mütləq şəkildə aidiyyəti dövlət qurumları özəl bağçalarda Azərbaycan dilinin keyfiyyətli tədrisini diqqətdə saxlamalı və diaqnostik yoxlamalar aparmalıdırlar. Bu monitorinq imtahanlar nəticəsində uşaqlarımıza daha yaxşı şəkildə Azərbaycan dili tədris oluna bilər” - deyə K.Əsədov vurğuladı.

 

Bakixəbər.com

Xəbər lenti