Logo

AMEA-nın Gəncə Bölməsində Mirzə Şəfi Vazehin 230 illiyinə həsr olunan konfrans keçirilib - FOTO

14.06.2024 21:30 240 baxış
IMG

Elm və Təhsil Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə Bölməsinin təşkilatçılığı ilə “Mirzə Şəfi Vazeh və dünya ədəbiyyatı” mövzusunda konfrans keçirilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Elmi tədbirə Gəncə Bölməsinin əməkdaşları ilə yanaşı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu, Lənkəran Regional Elmi Mərkəzini, həmçinin Naxçıvan və Mingəçevir Dövlət universitetlərini təmsil edən alim və tədqiqatçılar qatılıblar.

İştirakçılar konfransın keçirildiyi AMEA-nın Gəncə Bölməsinin böyük iclas salonunun foyesində elmi nəşr və tarixi sənədlərdən təşkil edilmiş sərgiyə baxış keçiriblər. Mirzə Şəfi Vazehin yaradıcılığı ilə bağlı olan, Almaniyada saxlanılan əlyazmaların fotosurətləri böyük maraq doğurub.

Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev açaraq, böyük şair və maarifçi Mirzə Şəfi Vazehin ədəbiyyatımızın görkəmli nümayəndəsi olmaqla yanaşı, Azərbaycan poetik düşüncə və ənənələrinin Avropada tanınmasında böyük rol oynadığını qeyd edib.

Akademik Fuad Əliyev Ulu Öndər Heydər Əliyevin milli maraqlarımızın və mənəvi-ideoloji intibahımızın hədəfləri naminə strateji xəttinin bir hissəsi olaraq, tariximizdə və ədəbiyyatımızda özünəməxsus yer tutmuş görkəmli şəxsiyyətlərin tanıdılması və irsinin əsaslı şəkildə öyrənilməsinin vacibliyinə xüsusi diqqət yetirdiyini vurğulayıb. Akademik Fuad Əliyev bu baxımdan, Mirzə Şəfi Vazehin yaradıcılıq irsinin öyrənilməsinin gücləndirilməsi haqqında Ulu Öndər Heydər Əliyev tərəfindən 1981-ci il iyunun 8-də imzalanmış qərara diqqət çəkib.

Akademik Fuad Əliyev müasir dövrümüzdə Ümummilli Liderin layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizin inkişafı və xalqımızın milli-mənəvi yüksəlişi naminə həmin strateji xəttin uğurla davam etdirildiyini vurğulayıb. O, ölkə başçısının Mirzə Şəfi Vazehin yaradıcılığının və maarifçi fəaliyyətinin miqyası baxımından onun anadan olmasının 220 illik yubileyinin keçirilməsi haqda 2014-cü il 3 fevral tarixli Sərəncamını və bu sənədin işığında Gəncədə Mirzə Şəfi Vazeh Muzeyinin inşa edilməsini, bu möhtəşəm mədəniyyət obyektinin 2017-ci ilin noyabrın 10-da açılışında şəxsən iştirak etməsini qürurdoğurucu tarixi hadisələr kimi qiymətləndirib.

Akademik Fuad Əliyev böyk şair və maarifçi Mirzə Şəfi Vazehin anadan olmasının 230 illiyinə həsr olunmuş respublika konfransının da bu mənəvi və elmi məqsədlərə xidmət edəcəyini bildirib.

Sonra konfransın plenar iclasının məruzələri dinlənilib. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan fil.ü.f.d. Aytən Qurbanova “Mirzə Şəfi Vazeh və Türk dünyası”, AMEA-nın Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutundan fil.ü.f.d. Ruziyə Quliyeva “Divani-hikmət” ədəbi məclisi”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzindən fil.ü.f.d. Əlimuxtar Muxtarov “Mirzə Şəfi Vazeh irsinə dövlət qayğısı: Ulu Öndər Heydər Əliyevdən cənab Prezident İlham Əliyevə” və Aynur Mirişli “Mirzə Şəfi dünyası”, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzindən Fəranə Mikayılova “Divani-hikmət” ədəbi məclisi mədəniyyətlərarası körpüdür” və Əməkdar artist Məmməd Cəfərov “Mirzə Şəfi Vazehin sözlərinə yazılmış “Var” romansının təhlili” mövzularında çıxış ediblər.

Tədbirdə “Var” romansı Gəncə Musiqi Kollecinin tələbəsi olan gənc vokalçının ifasında səslənib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Plenar iclasda çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov böyük şair və maarifçi Mirzə Şəfi Vazehin 230 illik yubileyinə həsr olunan bu konfransın işini yüksək qiymətləndirib. O, ölkəmizin inkişafı və dövlətçiliyimizin əsaslarının daha da möhkəmləndirilməsi istiqamətində alim və ziyalılarımızın əməyinin böyük əhəmiyyəti olduğunu vurğulayıb.

Plenar iclasın yekununda akademik Fuad Əliyev iştirakçılara təşəkkür edib və konfransın materiallarının toplu şəklində nəşr edildiyini bildirib.

Konfransın digər məruzələri - “Mirzə Şəfi Vazeh yaradıcılığında qəzəllər”, “Mirzə Şəfi Vazehin şeirləri əlyazma toplusunda”, “Gəncəli müdrik Mirzə Şəfi Vazehin həyat qəribəlikləri (Ə.Nicatın “Gəncəli müdrik” romanının təhlili əsasında)”, “Mirzə Şəfi Vazeh poeziyasının humanist pafosları”, “Mirzə Şəfi Vazeh bir xəttat kimi”, “Vazeh şeirlərinin taleyi”, “Mirzə Şəfi Vazeh haqqında Mirzə Fətəli Axundov, Abbasqulu Ağa Bakıxanov və Salman Mümtazın şəxsi arxivlərindəki sənədlər”, “Mirzə Şəfi Vazehin poeziyasının xarici ölkə bəstəkarlarının vokal əsərlərində təcəssümü”, “Mirzə Şəfi irsinin araşdırılmasında Salman Mümtazın rolu”, “Mirzə Şəfi Vazehin maarifçilik fəaliyyəti”, “Mirzə Şəfi Vazeh şeirlərinin hikməti” və “Alman alimləri Mirzə Şəfi Vazeh və Fridrix Bodenştedt haqqında” mövzusunda olan çıxışlar bölmənin dəyimi iclas salonunda davam etdirilib. Məruzələr ətrafında müzakirələr aparılıb.

Konfransın qonaqları şəhər gəzintisinə də çıxıb və Gəncənin tarixi abidə və əlamətdar yerləri ilə tanış olublar.

Xəbər lenti