Logo

UNEC məzunu: Dörd ildə 2 diplom əldə etməyim böyük zəhmətin sonu və uğura aparan yolun başlanğıcı oldu

23.07.2024 17:43 849 baxış
IMG

2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) mühasibatlıq ixtisası üzrə qəbul oldum. Birinci kursda oxuyarkən, Universitetdaxili İkili Diplom (UDİD) proqramı ilə tanış oldum. Həmin proqrama qoşularaq maliyyə ixtisasının da diplomunu əldə etmək şansımın olması məni çox sevindirdi. Beləliklə, 2-ci kursdan etibarən mühasibatlıq ixtisası ilə yanaşı, maliyyə ixtisası üzrə də təhsil almağa başladım. Hər iki ixtisasın fənlərini oxumaq çətin olsa da, iqtisadiyyat və ekonometrika sahələrində oxşar mövzularda məlumat əldə etmək maraqlı idi və mənə iki sahə üzrə dərin biliklər qazandırdı. Məzun olarkən isə iki ixtisas üzrə iki diplom əldə etməyim böyük zəhmətin sonu, eyni zamanda, uğura aparan yolun başlanğıcı oldu.

Tehsil.biz xəbər verir ki, bu barədə UNEC-in Rus İqtisad Məktəbinin 2024-cü il məzunu Fidan Nəhmədova universitetin tələbələr üçün yaratdığı imkanlar, eləcə də təhsil aldığı müddətdə əldə etdiyi uğurlar barədə təəssüratını bölüşərkən danışıb. O deyib: “İkili diplom almağın əla fürsət olduğuna əminəm, çünki bu təhsil sayəsində Almaniyada magistratura təhsili üçün müraciət etdiyim bütün universitetlərdən qəbul aldım. Qürurla qeyd etmək istəyirəm ki, oktyabr ayından Frankfurt Goethe Universitetində magistratura təhsilimə başlayacağam. Bu, mənim 5 illik hədəfim idi və nəhayət, bu hədəfə çatdığım üçün çox sevinirəm”.

Fidan Nəhmədova, həmçinin UNEC-in “Bloomberg” maliyyə laboratoriyasının iki sertifikatını əldə edib. Bu sertifikatların böyük əhəmiyyət kəsb etdiyini və karyera yolunda mühüm addım olduğunu bildirən Fidan Nəhmədova UNEC-də qazandığı bilik və təcrübə sayəsində hazırda “PASHA Capital”da Brokerage departamentində təcrübəçi olduğunu söyləyib.

“UNEC-də təhsil almaq mənim üçün çox böyük bir təcrübə oldu və burada qazandığım biliklər və dostluqlar həyatımda əvəzolunmaz bir yer tutur.

UNEC mənə çox şey verdi – dərin biliklər, təcrübələr və dəyərli dostlar. Tədris müddətində əla dostlar qazandım və birgə layihələrdə, tədbirlərdə, müzakirələrdə iştirak etdim. Bütün bunlar universitet həyatımı daha maraqlı və rəngarəng etdi”, - deyə F.Nəhmədova fikrini yekunlaşdırıb.

Xəbər lenti