Məktəblər arasında olduğu kimi, məktəblilər arasındakı təbəqələşmə də aktual problemdir. Məktəbdə tez-tez elə olur ki, bir parta arxasında diametral şəkildə fərqli maddi imkanı olan iki ailənin uşaqları oturur. Bu halda imkansız ailənin başçısı mütəmadi olaraq övladına niyə sonuncu model “İphone” ala bilmədiyinə dair izah verməli olur. Məsələ burasındadır ki, bizim kimi ölkələrin cəmiyyətləri gənc olduğu qədər, mövcud iqtisadi münasibətlər də yenidir. Sovetlər İttifaqının çökməsindən bir müddət sonra bu cəmiyyətlər varlılar və kasıblardan ibarət olmaqla təbəqələşməyə məruz qalıblar. Proses kifayət qədər tez baş verib, hər halda söhbət XX əsrin son illəri – XXI yüzilliyin əvvəlindən gedir. Bu, heç də kapitalizmin rüşeym haldan hazırkı duruma gəldiyi prosesi əhatə edən 500 illik Avropa tarixi deyil. Müddət çox kiçik olduğundan bu təbəqələşmənin sosial mexanizmlərinin yetişməsinə vaxt çatmayıb. Nəticə göz qabağındadır: eyni partada oturan uşaqlardan birini məktəbə bahalı cipdə gətirirlər, digəri isə böyük qardaşından qalan paltarları geyinir.
Cəmiyyətdəki “əmlak bərabərsizliyi” ilə hər birimiz uşaqlıqdan tanışıq. Ən sadə əyani sübutu görmək istəyirsiniz? Yeni tədris ilinin ilk günündə birinci sinfə gedəcək körpələrin əllərindəki gül buketlərinə baxın və müqayisə edin. Elə valideyn var ki, övladının məktəbə qədəm qoymasını hansısa restoranda qeyd edir. Buna imkanı çatmayan ata və ana isə özlərini pis valideyn hesab edirlər. Ancaq etməməlidirlər. Sabah nələrin baş verəcəyi məlum deyil. Adi orta məktəbdə oxuyub tədris proqramını yaxşı əxz edən uşaq sabahın potensial tələbəsidir. Onun qarşısında biliklərini dərinləşdirmək, daha nüfuzlu ali məktəbdə təhsilini mükəmməlləşdirib bacarıqlı kadr olmaq üçün saysız-hesabsız imkanlar var. Odur ki, valideyn övladını təhsilə və savada həvəsləndirməyə davam etməlidir.
Pul mövzusu çox qəlizdir. Bu emosional problemin ağrılı eniş və yoxuşları var. Biri üçün məqbul olan yanaşma, digərinə mürəkkəb görünə bilər. Postsovet məkanının təmsilçisi kimi bizim də cəmiyyətimizdə mal-mülk, əmlak və pul mövzuları uzun müddət qadağan olunub. Bu gün isə vəziyyət fərqlidir. İndi gizlətmirik, nümayiş etdirib ətrafa üstünlüyümüzü çatdırmaq istəyirik. Odur ki, uşaqlarınızla ən kiçik yaşlarından maddiyyat mövzusunda müzakirələr aparmaqdan çəkinməyin. Ona niyə sinif yoldaşı filankəsdəki smartfondan ala bilmədiyimizi izah etməyi bacarmalıyıq. Yaxşı olar iqtisadi mövzudakı nəsihətlərinizi elə ailə büdcəsindən başlayasınız. Bu halda nədən onun sinif yoldaşının son model “İphone”si var, siz isə belə smartfon almaq iqtidarında deyilsiniz məzmunlu problemi övladınıza daha asanlıqla izah edə biləcəksiniz.
Avstriyanın “Raifeisen İnternational Bank”ında 6 yaşlı uşaqlara bank kartı açmağa icazə verilir. Bu yolla onlar özləri müəyyən edirlər ki, büdcələrini necə xərcləsinlər, nələrə sərf etsinlər. Bankın işə saldığı mobil əlavə vasitəsilə uşaqlar və yeniyetmələr oyun rejimində özlərinin büdcələrini idarə edə bilirlər.