Dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsi səhər saatlarında qəzaya uğradıqdan sonrakı ilk saatlar çox ağır keçdi. Təyyarədə kimlər vardı, kim sağdır? – hər kəsin gözlərində qorxu, ürəyində həyəcan, düşüncəsində bu suallar dolaşdığı bir vaxtda Bakı Avropa Liseyindən bir paylaşım gəldi: “Ölkə dərddədir... Ölkə qəmdədir… Bakı Avropa Liseyinin müəllimləri üçün bu, şəxsi kədərdir: məzunumuz fəlakətdə həlak oldu. Bizim Aleksandr Kalyaninov!
Arzusunu həyata keçirdi: pilot oldu. Onun uğuruna necə də sevindik! Ağıllı, yaraşıqlı oğlan həyatının ən yaxşı çağında həlak oldu, onlarla insanın həyatını xilas edərək vəzifə başında dünyasını dəyişdi!
Ürək heç vaxt bu itki ilə barışmaz! Biz səmaya baxanda, uçan təyyarənin səsini eşidəndə Saşanı xatırlayacağıq! Əbədi yaddaş... ailəsinə və dostlarına başsağlığı diləyirik!”
Yerli və xarici ekspertlərin qəza enişi edən hava gəmisinin peşəkarlığını yüksək qiymətləndirdikləri pilotlardan biridir Aleksandr Kalyaninov. Bu paylaşımla hər kəs onun Bakı Avropa Liseyinin məzunu olduğunu öyrəndi.
“Azərbaycan müəllimi” Aleksandr Kalyaninovu Bakı Avropa Liseyində andı.
Xalqın qəhrəmanına çevrilən 31 yaşlı pilot, müəllimlərinin Saşası Aleksandr Kalyaninov necə şagird olub?
Bakı Avropa Liseyinin onun oxuduğu yox, yeni binasında müəllimləri ilə birlikdə Aleksandrı göyün yeddinci qatına qaldıran uğurlarından, keyfiyyətlərindən danışdıq.
İbtidai sinif müəllimindən tutmuş sinif rəhbərinə qədər - müəllimlərinin gözündəki Aleksandrla, müəllimlərinin Saşası ilə tanış olaq. Onu ibtidai sinif müəllimi İrina Əlimirzəyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Tahirə Şıxlinskaya, tarix müəllimi Leyla Bəşirova, coğrafiya müəllimi Sevinc Şükürova, sinif rəhbəri Səbinə Bayramova, direktor Zülfiyyə Veysova necə xatırlayır, görəsən?
Gülər üzü müəllimlərinin gözündə dondu
Artıq hər kəsin tanıdığı pilot Alelksandr Kalyaninov. 31 yaşlı pilot Bakı Avropa Liseyinin 2010-cu il məzunudur. Çox da ki, Bakı Avropa Liseyindən düz 14 ildir məzun olub, gülən üzü hələ müəllimlərinin gözü önündədir.
Məktəbin direktoru Zülfiyyə Veysova deyir ki, şəklini görən kimi tanıyıb: “Heç dəyişməyən o üzü tanımamaq mümkün deyildi. Yumru, adətən, qırmızı olan yanaqları, hər görəndə gülən gözləri indiki kimi ağlımda, gözlərimin önündədir”.
Nəinki xatırlayır, ağlamaqdan özünü saxlaya bilmir müəllimləri. “Gülərüz, mehriban bir uşaq olub”, - deyirlər.
Saşanın pozduğu dərslər...
Bakı Avropa Liseyinin direktor müavini, V sinifdən axıra qədər Aleksandrın həm müəllimi, həm də sinif rəhbəri olan Səbinə Bayramova deyir onun Saşası “qızıl uşaq” idi: “Hündürboy olduğundan həmişə arxada oturur, arxadan hamıya kömək eləməyə çalışırdı. Bu da bəzən dərs prosesinin pozulmasına səbəb olurdu. Ona “Saşa, gəl qabaqda otur” deyirdim. 1.90 boyu vardı, öndə oturmaqdan qaçırdı”.
Yaddaşında həmişə arxa sıralara qaçan Saşası dərs proqramları kifayət qədər ağır olan Bakı Avropa Liseyində necə oxuyurdu? Axı, arxaya qaçan şagird, adətən, dərsini bilməyən uşaq olur...
Müəllimi deyir onun dərsə hazırlıqsız vaxtı çox az olub. Yaxşı oxuyurdu, çalışqan idi: “Ən önəmlisi sadəlövh uşaq idi. Şuluqluq etmişdi, mən də gündəliyinə irad yazdım. Anası evdə gündəliyini istəyəndə deyib ki, verməyəcək. “Mən onu şkafda gizlətmişəm, sən onu heç vaxt tapa bilməyəcəksən”, - deyə fərqində olmadan gizlətdiyi yeri anasına söyləmişdi. Bu sadəlik, saflıq o böyüyəndən sonra da dəyişmədi”.
Odur ki, saf, gülərüz, mehriban şagirdinin itkisindən özlərinə gələ bilmirlər: “Kinolent kimi gözümüzün önündən keçdi onun təhsil aldığı illər. Neçə gündür danışırıq, amma hələ heç bir müəllimi onunla bağlı hər hansı ürək sıxan hal xatırlamayıb. Bir dəfə də olsun onu kiminləsə münaqişə, dava-dalaş edən görmədim. Hamı ilə sağlam münasibətlər qurmuşdu”.
Riyaziyyatı sevirdi
Saşa dəqiq elmlərə maraq göstərib, fizika, riyaziyyat həvəskarı kimi tanınıb, kimyada fərqlənib: “Riyaziyyatı çox sevirdi. Liseyin riyaziyyat müəllimi çox ciddi, tələbkardır. Məktəbdə sorğu aparmışdım, uşaqlara qoyulan suallardan biri də qorxuları ilə bağlı idi. “Nədən qorxursunuz”, - sualına verilən cavablarda uşaqların arasında Rəna müəllimdən qorxduğunu yazan çox uşaq vardı. Amma Aleksandr əksinə, müəllimindən qorxmurdu. Çünki o, riyaziyyatı xüsusilə sevirdi”.
İzmirdən gələn təşəkkürlərdə onun adı yazılıb
Səbinə müəllimin sözlərinə görə, I sinifdən axıra kimi liseydə oxuyan Aleksandr ən çətin fənləri mənimsəyb, hamısına eyni məsuliyyətlə yanaşıb, rus olmasına baxmayaraq, Azərbaycan dilində səlis danışığı ilə seçilib: “İngilis və fransız dillərində sərbəst danışırdı. Liseyi bitirib Aviasiya Akademiyasına qəbul oldu. 1 il burada oxuyub təhsilini İzmirdə davam etdirmişdi”.
Müəllimi deyir ki, liseyin öyündüyü məzunlarından biridir Saşa. Amma, sadəcə, son hadisəyə görə yox. Müəssisənin öz məzunlarına görə aldığı təşəkkür məktubları arasında Aleksandrla bağlı olanlar da var: “İzmirdə təhsil aldığı universitetdən belə liseyə təşəkkür məktubu gəlib. Azərbaycan dilində yaxşı bildiyindən Türkiyədə təhsil almaq onun üçün çətinlik yaratmamışdı”.
“O, qüsursuz olmaq üçün çalışan biri idi”
Sədaqəti, etibarı da müəllimləri üçün vacib keyfiyyətdir: “İzmirdən ilk dəfə tətilə gələn günün səhərisi liseyə baş çəkdi, hamımızla görüşdü. Çox darıxmışdı deyə Bakıya gəldiyi günün səhəri müəllimləri ilə görüşməyə tələsmişdi. Özü elə demişdi. Çox həyəcanlı idi o günlərdə. Tibbi komissiyadan keçməklə bağlı narahatlığı vardı. Ondan niyə narahat olduğunu soruşdum. Çünki həm yaraşıqlı, boylu-buxunlu, həm də sağlam uşaq idi. Heç şübhə etmirdik ki, komissiyadan uğurla keçəcək. Ona görə onun narahatlığı mənə qəribə gəlmişdi. Dedi ki, komissiyadan uğurla keçə bilmək üçün qüsursuz olmalıdır. O qüsursuz olmaq üçün çalışan biri idi”.
Pilot olmaq arzusu
S.Bayramova qeyd edib ki, Aleksandr pilot olmağı uşaqlıqdan arzu edirmiş: “Onun atası da pilot olub. Aleksandr da uşaqlıqdan arzu edib ki, pilot olsun. O həmişə səmada atasının peşəsini davam etdirmək istəyib. Saşa əvvəlcə helikopter pilotu olub. Bir ilə yaxındır ki, təyyarə idarə edirdi”.
“İdmanla məşğul olurdu”, - deyə Azərbaycan dili və ədəbiyyat müəllimi Tahirə Şıxlinskaya qarışır söhbətimizə: “Onun gözünün qarşısında bir örnək vardı – atası. Atasını sevərək, pərəstiş edərək böyüyürdü. Onun kimi pilot olmağa qərar vermişdi. Ona görə də bədənini gücləndirən idman növləri ilə məşğul olurdu. Məqsəd qoymuşdu qarşısına, həmin məqsədə doğru gedirdi. Uşaqlıqdan olan arzusunu reallaşdırdı və bu arzusuna həm də məqsədyönlülüyü səbəbindən çatdı”.
Tahirə müəllim əlavə edib ki, təhsil illərində Saşanın anası ilə sıx əlaqə qurub: “Azərbaycan adətlərinə əməl etməyə çalışan bir ailənin uşağı idi. Saflığı üzündə də ifadəsini tapmışdı. Üzü o qədər təmiz, nurlu idi ki, onu tanımayanlar belə şəkillərimizdən “Necə nurlu üzü var”, - deyirdilər”.
Direktor Z.Veysova isə qeyd ki, Aleksandrı yetişdirən həm də liseydəki mühit olub: “Məktəb mühiti, müəllimlərin münasibəti, özünün daxili keyfiyyətləri, üzərində çalışması onu məqsədinə doğru aparırdı. İzmirdən liseyimizə ünvanlanan məktubda da onun bir çox keyfiyyətləri qeyd olunub. Məsələn, çətinliklərin öhdəsindən gəlməyi, problem həlletmə bacarığı qeyd edilib. Bu keyfiyyətləri ona lisey aşılayıb”.
Azərbaycan tarixini və konstitutsiyanı çox yaxşı bilirdi
Leyla Bəşirova liseydə tarix müəllimidir. O da bu günlərdə ən çox Aeksandrın təbəssümünü xatırlayır: “Mətbuatda şəklini görən kimi uşaqlığının fotosu gözümün önündə durdu. Onun oxuduğu sinif mənim dərs keçdiyim ilk V siniflər idi. Dostu Emin Yəhyayevlə bir-birinə oxşayırdılar. Aleksandr – Saşa çox mehriban, səmimi uşaq idi. Hətta dərsinə hazırlıqlı olmayanda da ona hirslənmək mümkün olmurdu. Öz işığı olan bir uşaq idi. Çox uşaqlarımız olub, buraxılışlarımız biri-birindən fərqlənib. Fərqlənənlərdən biri də məhz Aleksandr idi”.
Leyla Bəşirovanın sözlərinə görə, Azərbaycan tarixini, ölkə konstitutsiyasını Saşa çox yaxşı bilirdi.
O, yaddaşımızda liseyimizin parlaq ulduzu kimi qalıb
İbtidai sinif müəllimi İrina Əlimirzəyeva balaca Saşasının əlini əlinə aldığı günü indiki kimi xatırlayır: “Onun üçün heç nə asan olmadı, o, çox əziyyət çəkdi. Birinci sinifdən başlayaraq əmək sərf etdi. Məktəbimizdə oxumaq asan deyil. Amma o oxudu. Hər kəsə sübut etdi ki, bacarar. Anası da ona çox böyük dəstək verdi”.
İrina müəllim “sadəcə, Saşanın deyil, anasının da üzü gözümün önündədir”, - deyir. Anasının qayğısı, dəstəyi Saşa üçün çox böyük əhəmiyyətə malik olub: “Saşa bilirdi ki, o, çox şeyə nail ola bilər. Özünün arzularına, məqsədlərinə nail ola bilər. O, yaddaşımızda liseyimizin parlaq ulduzu kimi qalacaq, çünki o, son ana qədər vəzifəsini layiqli şəkildə icra etməyə çalışıb, qəhrəmanlıq göstərib, xatirələrimizdə hər zaman yaşayacaq”.
“Təxminən 8 nəfər yadımdadır, onlardan biri Aleksandr idi”
Coğrtafiya müəllimi Sevinc Şükürova deyir V sinifdən Aleksandrın oxuduğu sinifdə dərs keçib: “Sonra fasilə verdim və yenidən həmin sinifdə dərsə qayıdanda Saşanı necə sadə, gülərüz, mehiban qoyub getmişəmsə, elə də qaldığını gördüm. Sinfə “Nə etmək lazımdır” sualını verəndə cavab mütləq ilk Aleksandrdan gəlirdi. Sanki sual ancaq ona yönəlirdi. Nəsə etmək lazımdısa, Aleksandr dayanmırdı. Kiminsə üzü gülmür, kefi olmurdusa, Saşa onun yanında olur, nə olduğunu öyrənməyə çalışır, köməyini əsirgəmirdi. Nəinki yoldaşlarına qarşı, müəllimlərinə də biganə deyildi. Mütləq kefimizi soruşur, bir az gözünə pis dəyəndə “sizə nə olub” deyib mütləq maraqlanırdı. Mən 1996-cı ildən Bakı Avropa Liseyində çalışıram. Burada çox buraxılışımız olub, hamını yadda saxlamaq mümkün deyil. Amma Saşanın üzü yaddaşımdan silinmir. Həmin sinifdə 25-26 nəfər oxuyurdu, təxminən 8 nəfər yadımdadır, onlardan biri də Aleksandr idi”.
Direktor Z.Veysovanın sözlərinə görə, Aleksandr qarşısına məqsəd qoyarsa, bu yolda canından belə keçəcəyini hələ uşaqlıqdan göstərirdi: “Onun məsuliyyəti, vicdanı, sadəcə bizdən gələn tələblə bağlı deyildi, onun özünün təbiəti də belə idi. Bilirsiniz ki, liseyə istedadlı uşaqlar qəbul olunur və onlar hər yaş dövründə risk qrupuna aiddirlər. İstedadlı uşaqların müəyyən zəifliyi olur. Ruhdan düşür, çətinliklərin qarşısında aciz qalırsa, proqramımızı başa çatdıra bilmirlər. Amma Aleksandr sabit, eniş-çıxışa yol vermədən axıra kimi təhsil aldı və liseydə təhsilini uğurla başa vurdu. Təvazökar idi. Gücü, boy-buxunu ilə qürrələnmirdi”.
Bu sadəliyi sayəsində də proqramı əskiksiz tamamlayıb.
Ölümdən bir neçə gün əvvəl müəllimləri Saşanı xatırlayıb
“Müəllim həmkarlarımla dayanacaqda avtobus gözləyərkən birdən ağlımıza gəldi, xeyli danışıb, Saşanın bəzi özəlliklərini xatırladıq”, - deyən Sevinc müəllimin sözlərinə Zülfiyə Veysova da qoşulur: “Mən onu bir neçə gün əvvəl xatırladım. Bir qızımız Aviasiya Akademiyasına qəbul olunub. Özü də “Aviadispetçer” ixtisasına. Bu ixtisas üzrə rəqabət çox güclüdür. İlk qız məzunumuzun bu ixtisasa qəbul olunması ilə qürurlandığımız vaxt Aleksandr da ağlımıza gəldi. Düşündüm ki, bir oğlan pilotumuz vardı, artıq ilk qız da bu sahədə bizi təmsil edir”.
Müəllimlərinin sevimlisi Kalyaninov Bakı Avropa Liseyinin səmaya açılan ilk qapısıdır. Bundan sonra onun yolunu Bakı Avropa Liseyinin qız məzunu - builki məzun Səbinə Məmmədova davam etdirəcək. Doğma liseydən sonra Səbinə Məmmədova Milli Aviasiya Akademiyasında təhsil alacaq və sonra uçuşları idarə edəcək.
Saşa isə... əbədi olaraq səmalara çəkildi. Müəllimləri üçün o, artıq Milli Qəhrəman statusundadır.
Liseyin girişində şagirdləri, müəllimlərini, elə bizi də o gün o qarşıladı. Bakı Avropa liseyi öz ulduz şagirdinə matəm guşəsi yaratdı və gülərüzlü pilot tər qərənfillər, yanan şamlar arasından hər kəsə gülümsəyir.