Logo

Repetitorluq olmasın, bəs nə olsun?

13.02.2025 10:57 52 baxış
IMG

Ekspertlər təklif edir ki, ali məktəblərə hazırlıq mexanizmi dəyişdirilməlidir, bu zaman...

Bakıda keçirilən İnsan İnkişafı Forumunda Zahid Oruc çıxışı zamanı deyib ki, biz şagirdlərimizi kütləvi repetoturluqdan xilas edib, orta məktəblərə-pedaqoji mühitə, canlı tədris prosesinə, mənən güclü şəxsiyyətlər kimi formalaşa biləcəkləri kollektivə qaytarmalıyıq. Son vaxtlar bu cür çağırışlar artıb. Xüsusilə də elm və təshil naziri Emin Əmrullayevin ötən həftə “...repetitorluq ləğv ediləcək” açıqlaması təhsil cameəsinin canına bir vəlvələ salıb. Bəs təhsili əvvəlki illərdə olduğu kimi, repetitorların cəngindən alıb məktəblərə qaytara biləcəyikmi? Yoxsa elə sovet dövrünün təhsilini  xatırlayıb nostalji hissi ilə yaşamaqla kifayətlənəcəyik?  

Təhsil eksperti Nadir İsrafilov mövzu ilə bağlı TƏHSİL.BİZ -ə fikrini bildirib: “Ali məktəblərə qəbul mərkəzləşdirilmiş qaydada, test üsulu və ixtisas qrupları üzrə aparılacağı müddətdə, repetitorluq da qalacaq. Hazırda repetitorluq, bir növ labirintdən çıxara bilmədiyimiz qeyri-rəsmi məşğulluq növünə çevrilib. Artıq bir çox müəllimlər, təkcə dövlət büdcəsindən maaş alan qulluqçu kimi yox, həm də "repetitor" biznes strukturunun əməkdaşları kimi fəaliyyət göstərirlər. 

Nadir İsrafilov – Dəb xatirinə övladlarını ”şikəst” edən valideynlər -  Mektebgushesi

Nadir İsrafilov 

Bir neçə il öncə, Bakıda repetitorluq edən müəllimlərlə müqavilə imzalanacağı barədə xəbərlər gündəmi zəbt etmişdi. Valideynlərin əlavə ödənişləri hesabına şagirdlərə məktəblərdə əlavə xidmətlər göstəriləcəkdi. Bu variant da elə vəd olaraq qaldı.

Bu gün Azərbaycanda repetitorluq leqal deyil. Elə isə bunu niyə rəsmiləşdirmirik? Ona görə ki, biz bunu leqallaşdırsaq, məktəbin öz vəzifəsinin öhdəsindən gəlmədiyini qəbul etmiş və “təhsilimiz repetitorların çiynində inkişaf edir” kimi iddiaları təsdiq etmiş olacağıq. Məsələnin problemə çevrilməsinin mahiyyətində əsas ziddiyyət ondadır ki, repetitorluq bilavasitə testin ortalığa çıxmasından sonra yaranıb. Bu gün şagirdlərin əksəriyyəti dərsliklərlə deyil, test kitabçaları ilə hazırlaşır. Məntiqə görə biz həmin test kitablarını da ləğv etməli, tələblərə cavab verməyən dərslikləri yeniləməliyik. Bu səbəblərdən də repetitorluğun indiki vəziyyətdə ləğv edilməsi ehtimalı o qədər də real görünmür".

Ramin Nurəliyev: Azərbaycan MDB məkanında ali təhsilin səviyyəsinə görə  qabaqcıl ölkələrdəndir - AZƏRTAC

 Ramin Nuraliyev 

Təhsil və karyera üzrə ekspert Ramin Nuraliyev isə deyir ki, bu gün repetitor sistemi olmasa, Azərbaycan təhsili bərbad vəziyyətdə olar: “Biz çox vaxt problemi görürük və həll yolunu axtarmaq əvəzinə tənqid etməyə üstünlük veririk. Şagird orta məktəbdə 5-ci sinif üzrə fonetika, leksika dərsini keçir və 11-ci sinfə kimi bu mövzular üzrə təkrar xaricində ətraflı məlumat verilmir. İndi sizə bir sual verim. 6 il ərzində bu mövzu şagirdin yadında qalarmı?! Bu, sadəcə, bir fənnə aid nümunədir. Eynilə digər fənlər də bu vəziyyətdədir. Buna görə də təklif etmişdim ki, orta ümumtəhsil məktəblərində təhsilalma forması 3 istiqamətdə aparılmalıdır. 1-ci istiqamət ibtidai təhsil: burada 1-4-cu siniflər üzrə ibtidai biliklər mənimsənməlidir. 2-ci istiqamət: 5-9 -cu siniflər üzrə ümumi olaraq fənlər üzrə biliklər mənimsənilməlidir. Sonda imtahan olunaraq orta ümumtəhsil şəhadətnaməsi alır.

3-cü mərhələ isə universitetə hazırlıq mərhələsi olmalıdır. Burada 10-12-ci siniflər üzrə bütün dərsliklər universitetə hazırlıq istiqamətində hazırlanmalı və DİM qəbul prosesinə uyğunlaşdırılmalıdır. DİM də qəbul imtahanlarında bu istiqamət üzrə sualları tərtib etməlidir. Bu zaman 10-12-ci sinif üzrə məktəblərdə hazırlıq istiqamətində verilmiş proqrama əsasən dərslər keçirilərək abituriyentlər üçün asanlaşdırılmış formada tədris edilər və repetitorluğa çox ehtiyac qalmaz. Sonda yekun attestat alaraq universitetlərə müraciət edər. Bəli, bu proses çox çətindir və bunun üçün dərsliklər dəyişilməli, sistem yenilənməlidir. Yaxşı müəllimlər hazırlıq siniflərinə cəlb edilməlidir və əmək haqlarında fərqlilik hiss olunmalıdır. Mən bu təklifi nazirliyə etmişdim, amma..."

Xəbər lenti