Fevralın 13-də Bakı Slavyan Universitetində (BSU) “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Qərbi Azərbaycan tədqiqatlarda: çağırışlar və perspektivlər” mövzusunda elmi konfrans keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, tanınmış alimlər, tədqiqatçılar, eləcə də universitet rəhbərliyi və professor-müəllim heyəti iştirak ediblər.
Konfrans iştirakçıları öncə Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzi ilə tanış olublar. Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Konfransın açılışında çıxış edən BSU-nun rektoru Anar Nağıyev universitetin elmi-tədqiqat fəaliyyətində Qərbi Azərbaycan məsələsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı çıxışlarına istinad edərək bu mövzunun ali təhsil müəssisələrinin gündəmində mühüm yer tutduğunu bildirib. Rektor əlavə edib ki, BSU-da Qərbi Azərbaycan irsinin araşdırılması və təbliği məqsədilə elmi tədbirlər təşkil edilir, müvafiq fənlər tədris proqramına daxil edilib, elmi nəşrlər hazırlanır və beynəlxalq akademik əməkdaşlıqlar genişləndirilir.
Daha sonra elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Təhsilin pillə və səviyyələrində Qərbi Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, uzun illər Qərbi Azərbaycanın tarixi yetərincə araşdırılmayıb:
"Bu mövzuya ən son görkəmli tarixçi, etnoqraf Qiyasəddin Qeybullayevin monoqrafiyasında geniş yer ayrılıb. Lakin son dövrlərdə bu sahədə fundamental tədqiqatlar aparılır, yeni əsərlər işıq üzü görür”.
Firudin Qurbanov bildirib ki, Elm və Təhsil Nazirliyində Qərbi Azərbaycanla bağlı xüsusi işçi qrupu yaradılıb. O vurğulayıb ki, əsas məqsəd Qərbi Azərbaycanın tarixi həqiqətlərini gələcək nəsillərə çatdırmaqdır və artıq bu mövzu tədris proqramlarına daxil edilib.
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli “Qərbi Azərbaycana aid dövlət siyasəti” mövzusunda çıxış edərək BSU-da yaradılan Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib və icma tərəfindən bu sahədə lazımi materialların mərkəzə təqdim olunacağını bildirib.
Konfransda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Hikmət Babaoğlu və digər spikerlər Qərbi Azərbaycanla bağlı elmi-tədqiqatlar barədə fikirlərini bölüşüblər.
Bundan başqa, Pedaqoji Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Nağıqızı Qərbi Azərbaycanın toponimikasına dair məruzə ilə çıxış edib. Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü Abel Məhərrəmov və Milli Məclisin deputatı Şahin İsmayılov da Qərbi Azərbaycanın akademik və ictimai əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Eyni zamanda, Qərbi Azərbaycanla bağlı aparılan yeni elmi araşdırmaların təqdimatı keçirilib. Filologiya üzrə fəlsəfə doktorları, dosentlər Könül Həsənova və Cəlal Allahverdiyevin "Tarixi təhsil ocağı: İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi" adlı kitabı ictimaiyyətə təqdim edilib. Bildirilib ki, kitabda 1924-1948-ci illərdə İrəvanda fəaliyyət göstərmiş İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin yaranma tarixi, fəaliyyəti və görkəmli məzunları barədə geniş məlumat verilib.
Konfrans elmi diskussiyalar və geniş müzakirələrlə davam edərək yekunlaşıb.