Logo

Dövlət İdarəçilik Akademiyasında Ədliyyə Nazirliyinin əməkdaşları üçün təlim keçirilib

19.03.2025 08:32 35 baxış
IMG

“Konstitusiya və Suverenlik İli” çərçivəsində martın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Ədliyyə Nazirliyinin əməkdaşları üçün təlim keçirilib. Təlimdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ dövlət idarəçilik siyasəti: Suverenliyə aparan yol” mövzusunda mühazirə ilə çıxış edib.

Bu barədə TƏHSİL.BİZ -ə DİA-dan bildirilib. Təlimdə Azərbaycanın suverenliyinin tarixi və bu suverenliyi əldə etmək üçün Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm addımlar barədə ətraflı məlumat verilib. Akademik qeyd edib ki, Prezident İlham Əliyev ölkənin müstəqilliyini qorumaq və inkişafını təmin etmək üçün çoxsaylı islahatlar həyata keçirib, bu istiqamətdə dövlət idarəçiliyindəki təkmilləşdirmələr ölkənin güclənməsinə və beynəlxalq səviyyədə tanınmasına şərait yaradıb.

Rektor qeyd edib ki, bu gün dahi rəhbər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi dövlət idarəçilik siyasətinin nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir çox uğurlara imza atılıb. Bu innovativ idarəetmə texnologiyalarının tətbiqi, ölkənin suverenliyini gücləndirmək və müstəqilliyini qorumaq məqsədini daşıyır.

Akademik təlim zamanı Azərbaycanın Konstitusiyasının əsas prinsiplərinin, o cümlədən suverenlik, müstəqillik və demokratik dəyərlərin qorunmasının, ölkə üçün mühüm bir zəmin yaratdığını qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətin inkişaf strategiyasının bu dəyərlərə əsaslandığına xüsusi diqqət çəkilib.

Daha sonra rektor Urxan Ələkbərov vitse-prezidentlik institutunun yaradılması və Mehriban Əliyevanın bu vəzifəyə təyin edilməsinin Azərbaycanın siyasi və idarəetmə strukturunda mühüm bir yenilik olaraq tarixə düşdüyünü qeyd edib. Bildirilib ki, vitse-prezidentlik institutu dövlətin idarəetmə qabiliyyətini daha da gücləndirərək idarəetmə strukturunun çevikliyini artırıb və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin inkişafı üçün əlavə bir dəstək mexanizmi təmin edib. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursu və bu ərazilərin yaşıl enerji zonasına çevrilməsi ölkənin suverenliyinin möhkəmləndirilməsi və müstəqilliyinin təmin olunması məqsədini güdür. Rektor Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə "Yaşıl Enerji Zonasının" yaradılması ilə bağlı irəli sürdüyü strateji baxışın, Azərbaycanın enerji təhlükəsizliyini artırmaq və bərpaolunan enerji sahəsində güclü bir mövqe əldə etmək məqsədi daşıdığını vurğulayıb.

Qeyd olunub ki, bu strateji addım Azərbaycanın yalnız iqtisadi inkişafını deyil, həm də milli suverenliyini və müstəqilliyini gücləndirir. Çünki enerji sahəsində özünə kifayət edən və bərpaolunan enerji mənbələrinə yönələn siyasət ölkənin xarici enerji asılılığını azaltmağa, eyni zamanda, beynəlxalq səviyyədə enerji təhlükəsizliyi ilə bağlı mövqeyini möhkəmləndirməyə imkan verir. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu təşəbbüslər, Azərbaycanın suverenliyinin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm bir addım olaraq dəyərləndirilə bilər.

Təlim diskussiya formatında davam edib və uğurla başa çatıb.

Xəbər lenti