AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə TƏHSİL.BİZ-ə institutdan məlumat verilib. İclasda AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 3 fevral tarixli Sərəncamının icrası ilə bağlı Rəyasət Heyətinin iclasında Tədbirlər planının təsdiq edildiyini bildirib. O, Sərəncamın icrasından irəli gələn məsələlərin həllini təmin etmək məqsədilə akademiyanın elmi müəssisə və təşkilatlarında, regional elmi bölmə və mərkəzlərində akademik Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümü ilə bağlı müxtəlif konfrans və elmi sessiyaların keçiriləcəyini, virtual sərgilərin təşkil olunacağını, eləcə də bir sıra monoqrafik nəşrlərin çap ediləcəyini söyləyib. Akademik İsa Həbibbəyli dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qarşısında duran vəzifələrdən bəhs edib.
Prezident İlham Əliyevin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2025-ci il 21 fevral tarixli Sərəncamını xatırladan akademik İsa Həbibbəyli dövlət başçısının müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində Xalq şairi akademik Bəxtiyar Vahabzadənin yaradıcılığını müstəqillik, azərbaycançılıq ideologiyası və istiqlal düşüncəsi nöqteyi-nəzərindən daha dərindən tədqiq etməyin vacibliyini vurğulayıb. O, Sərəncamın işığında AMEA üzrə şairin yubileyinə həsr olunan silsilə tədbirlərin keçiriləcəyini, yeni nəşrlərin hazırlanacağını söyləyib, bu istiqamətdə Ədəbiyyat İnstitutunun qarşısında duran vəzifələrdən danışıb.
Sonra institutun əməkdaşları - doktorant Zərin Vəliyeva və dissertant Nəzrin Əliyeva Polşanın Byalistok Universitetində keçdikləri ixtisasartırma kursundakı fəaliyyətləri haqqında ətraflı məlumat veriblər.
Tədbirdə institutun Füzulişünaslıq sektorunun müdiri Ataəmi Mirzəyevin “Azərbaycan bədii tərcümə tarixində Füzuli zirvəsi”, Dünya ədəbiyyatı və komparativistika şöbəsinin aparıcı elmi işçisi Məlahət Qədirovanın “Belarus xalq nağılları” və Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin elmi işçisi Orxan İsayevin “Kərküklü Növrəs Qədim (həyatı və yaradıcılığı, “Tarixçeyi-Növrəs” əsəri, qəzəlləri)” kitablarının çapa tövsiyə olunmasına dair qərarlar qəbul edilib.
Elmi katib Aygün Bağırlı 14 fevral 2025-ci il tarixində “Elm” qəzetində dərc olunmuş elana əsasən seçkilərin keçirilməsi barədə məlumat verib.
Sonda bir sıra cari məsələlərə baxılıb.