Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Seymur Hüseynovla görüşüb.
DİM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, Məleykə Abbaszadə fərdi inkişaf proqramı çərçivəsində Seymur Hüseynovla əməkdaşlıq edəcəyini, onunla öz təcrübə və biliklərini bölüşəcəyini, eləcə də DİM-in müvafiq layihələrində iştirak etməyə şərait yaradacağını və gələcək idarəçi rəhbər kimi potensialının daha da inkişaf etdirilməsi üçün lazımi köməklik göstərəcəyini bildirib.
Seymur Hüseynov müsabiqənin bu mərhələsində proqramlaşdırma və proseslərin avtomatlaşdırılması sahəsində təcrübə qazanmaq və DİM-lə bu sahədə qarşılıqlı əməkdaşlığın onun karyerasının inkişafı üçün faydalı olacağından əminliyini ifadə edib.
Qeyd edək ki, dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Seymur Hüseynov Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ilə 1 il müddətində Mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.
“Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.
Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il dekabrın 18-də müvafiq Sərəncam imzalayıb.